Ərdoğan Putinə yerini göstərdi: Müharibə olarsa Türkiyə Rusiyanı darmadağın edəcək - ŞOK AÇIQLAMA
Rusiya II Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda təsirinin artmasından narahatdır. SSRİ dönəmində hərbi xidmət zamanı mən elektron kəşfiyyatla məşğul olan qrupda olmuşam və bizim hərbi hissəmiz Odessada yerləşirdi. Biz NATO-nun cənub-şərq flanqını və burada əsas gücü olan Türkiyəni izləyirdik. Üstəlik, sovet dövründə ən böyük canlı qüvvə məhz Odessadakı hərbi dairədə idi. Bu qüvvələr də əsas olaraq Türkiyəyə yönəlmişdi. Ona görə ki, Türkiyə çox güclü rəqib sayılırdı. İndi Rusiya üçün daha pis olub.
Azia.az xəbər verir ki, bunu SSRİ DTK-sının keçmiş xəfiyyəsi Yuri Şvets Ermənistanın Sasna Çrer Partiyasının nümayəndələrinə verdiyi müsahibədə deyib.
“Rusiya zəifdir, o cümlədən hərbi baxımdan da zəifdir. Bunu Gürcüstan müharibəsi, 2014-cü il Ukrayna hadisələri göstərdi. İndi Avropanı, Gürcüstanı qorxutduqları Cənub Hərbi Dairəsinin zirehli tank texnikalarının döyüş hazırlığı 30-40%-dir. Bu o deməkdir ki, hər üç tankdan, hər üç zirehli transportyordan biri döyüşə hazırdır. Şəxsi heyətin komplektasiyası 40-50%-dir. Təsəvvür edin ki, bu, əsas hərbi dairələrdən biridir.
Türkiyə Rusiyanın Suriyadakı Su-24 təyyarəsini vuranda mən tam əmin idim ki, Moskva heç nə ilə cavab verə bilməyəcək. Rusiya yalnız döyüş qabiliyyəti olmayan kiçik ölkələrə qarşı vuruşa bilər. Türkiyəyə qarşı Rusiya döyüşə bilməz. Ona görə ki, nüvə silahını tətbiq edə bilməz, adi silahlara gəlincə isə Türkiyə ona çox ağır zərbə vura bilər. Ərdoğan Qərbə Putinlə necə danışmaq lazım olduğunu göstərdi. Çünki Putin yalnız güc mövqeyini başa düşür. Yəni Rusiya Türkiyənin təsirinin genişlənməsini başa düşür, amma heç nə edə bilmir. Bu, Rusiyanın II Qarabağ müharibəsində tutduğu mövqeyi izah etməyə imkan verir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiyadakı hakim rejim daha çox pulu olan dövlətlərə üstünlük verir ki, nə zamansa onlarla pul qarşılığında hansısa oyunlar oynasın:
“Ermənistanın pulu və ya sürətli şəkildə pula çevriləcək resursları yoxdur. Bu baxımdan İrəvan Rusiya üçün məhdud maraq kimi görünür. Məncə, Rusiya üçün indi Ermənistan hər şeydən öncə yükdür. Putin rejiminin nəsə götürüb cibinə qoyacağı heç nə qalmayıb, ona görə də bilmirlər ki, onunla nə etsinlər”.