azia.az
azia.az

Rusiya-Türkiyə qarşıdurmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri

17-02-2016, 09:29

Rusiya-Türkiyə qarşıdurmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri Son dövrlərdə Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük diqqət ayırmasının şahidi oluruq. Hətta Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiyanın Ermənistana dəstək verməsi səbəbindən Azərbaycanın ərazi bütövlüyünün təhdid altında olması barədə bəyanat verdi.
Türkiyənin bu mövqeyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı formada təsir edəcəyi sual doğurur.
Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin gərginləşməsi münaqişənin sülh yolu ilə həllinə heç də müsbət təsir göstərmir. Rusiya-Türkiyə qarşıdurmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri Politoloq qeyd edib ki, ümumiyyətlə, Rusiya-Türkiyə qarşıdurması regiona həm iqtisadi, həm də siyasi baxımdan çox mənfi təsir edən amildir: “Məsələyə Dağlıq Qarabağ münaqişəsi kontekstindən baxanda görürük ki, Ermənistan Rusiya-Türkiyə qarşıdurmasından istifadə edərək və Rusiyanın forpostu olduğuna görə öz maraqlarını irəli sürür. Bu, Rusiyanın Ermənistan ərazisində yerləşən hərbi bazasında həm texnikanın, həm də canlı qüvvənin artmasına gətirib çıxarır. Heç bir zəmanət yoxdur ki, həmin qüvvələr nə vaxtsa Dağlıq Qarabağ ərazisində peyda olmayacaq”.
A.Nağıyevin sözlərinə görə, bundan başqa, Dağlıq Qarabağ münaqişəsində Ermənistanın istədiyi status-kvonun saxlanması üçün başqa məsələlər də ortaya atılır: “Bunlardan biri də qondarma erməni “soyqırımı”nın ortaya atılmasıdır. Bu, Sarkisyan və onun ətrafına sərf edən bir məsələdir, çünki onlar məhz Dağlıq Qarabağ münaqişəsindən keçərək hakimiyyəti ələ keçiriblər və əgər Dağlıq Qarabağ münaqişəsi həll edilsə, onlar törətdikləri hərbi cinayətlərə görə beynəlxalq tribunal qarşısında cavab verməlidirlər”.
Politoloq vurğulayıb ki, Türkiyənin Baş naziri Ə.Davudoğlunun məlum bəyanatı da yerinə düşür və Türkiyənin mövqeyini əks etdirir: “Çünki Türkiyə və Azərbaycan strateji tərəfdaşdırlar. Ermənistan Rusiyanın forpostudur. Çox maraqlı bəyanatlardan biri NATO-nun baş katibi Yens Stoltenberqin verdiyi bəyanatdır ki, nə qədər bu gərginlik var, Dağlıq Qarabağ münaqişəsinin həlli sual altındadır”.
A.Nağıyev vurğulayıb ki, bütün bu gərginliklər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mənfi təsir edir.
Politoloq əlavə edib ki, Türkiyə-Rusiya qarşıdurması deyəndə, ilk növbədə, NATO-Rusiya qarşıdurması düşünülməlidir: “Çünki bu gün NATO Türkiyəni özünə tərəfdaş hesab etməklə yanaşı, Türkiyə NATO-nun üzvüdür, atdığı hər bir addımı, demək olar, NATO ilə razılaşdırır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, NATO ilə Rusiyanın sərhədi məhz Ermənistan ərazisindən keçir. Bu gün Ermənistanla Türkiyə arasında olan sərhəd məhz NATO ilə Rusiya arasında olan sərhəddir. Yəni Türkiyə haqqında düşünəndə nəzərə almaq lazımdır ki, o, NATO-nun üzvüdür. NATO-nun son vaxtlar Rusiyanı böyük bir savaşa sürükləməsi Türkiyənin əli ilə ola bilər. Bu da bir sıra maraqlardan irəli gəlir. Çünki nə qədər ki, Rusiya Türkiyə ilə müharibə edəcək, o qədər də həm iqtisadi, həm də siyasi cəhətdən zəifləyəcək. NATO-nun, ümumiyyətlə, Qərbin qarşıya qoyduğu məqsədlərdən biri də məhz budur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi