Çoxuşaqlı ailələrə 65 min dollar veriləcək – Hökumət qərar verdi
Ermənistan hökuməti altı və daha çox uşağı olan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün yeni dövlət dəstəyi proqramını təsdiqləyib.
Musavat.com xəbər verir ki, proqrama əsasən, 2027-ci il iyulun 1-nə qədər ən azı altı yetkinlik yaşına çatmayan uşağı olan ailələr mənzil almaq və ya ev tikmək üçün hər uşağa görə 4 milyon dram (təxminən 10,8 min dollar) məbləğində maliyyə yardımı ala biləcəklər.
Yeni qərara əsasən, altı uşağı olan ailəyə ümumilikdə 24 milyon dram (təxminən 65 min dollar) ayrılması nəzərdə tutulur.
Kənd yerlərində mənzil alan və ya ev tikən ailələrə əlavə olaraq evin abadlaşdırılması üçün 4 milyon dram (təxminən 10,8 min dollar) veriləcək. Bu halda altı uşaqlı ailənin ala biləcəyi ümumi yardım 28 milyon drama (təxminən 75,8 min dollar) çatacaq.
Proqramdan istifadə üçün müəyyən məhdudiyyətlər də tətbiq ediləcək. Kifayət qədər yaşayış sahəsi olan ailələr, eləcə də illik gəliri 10 milyon dramı (təxminən 27 min dollar) keçən ailələr dövlət dəstəyindən yararlana bilməyəcəklər.
Ailələrin gəlirləri vergi bəyannamələri əsasında yoxlanılacaq.
Ermənistanda altı və daha çox yetkinlik yaşına çatmayan uşağı olan 600-dən artıq ailənin mövcud olduğu bildirilir.