Rusiya cəmi 36 saata üç keçmiş sovet respublikasını tuta bilər
ABŞ-ın “The National İnterest” jurnalının ekspertləri hesab edirlər ki, Rusiya qoşunları Baltik respublikalarına hücum edib onları zəbt etmək istəsə bunun üçün cəmi 36-60 saat lazım olacaq. Və NATO Rusiyanın hücumunun qarşısını almaq üçün taktiki nüvə silahı tətbiq etsə belə Moskvanın ildırımsürətli irəliləyişini əngəlləyə bilməyəcək.
Jurnalın ekspertləri qeyd edirlər ki, Rusiya qoşunları yayğın şəkildə və sürətli hücum həyata keçirə bilər. Belə olan halda NATO məhdud nüvə zərbələrini qoşunların cəmləşmə rayonlarına deyil, mülki əhaliyə endirməli olacaq.
Məqalədə müəlliflər ABŞ-ın “RAND Corporation” təşkilatının Pentaqonla birlikdə 2019-cu ildə apardıqları araşdırmanın nəticələrinə də istinad edirlər. Həmin araşdırmada belə nəticəyə gəlinmişdi ki, Rusiya Baltik ölkələrini NATO köməyə yetişənə qədər-cəmi 3 sutka ərzində zəbt edə bilər.
Ekspertlər hesab edirlər ki, NATO Litva ilə sərhəddə yerləşdirilmiş Rusiya hava hücumundan müdafiə qüvvələrinə qarşı taktiki nüvə zərbələrindən istifadə etsə Moskva daha sərt cavab verə və alyansın Avropadakı əsas bazalarına nüvə zərbələri endirə bilər. Bu baxımdan NATO Baltik ölkələrini qorumaq üçün ancaq adi silahlara ümid etməlidir.
“Beləliklə, problem ondadır ki, NATO-nun Rusiyanın hücumunu yavaşıtmaq və ya dayandırmaq üçün adi qoşun qüvvələri çatışmayacaq. Alyansın taktiki nüvə arsenalı adi qoşun qüvvələrinin çatışmamasını kompensasiya etmir”,-məqalədə deyilir.
Məqalədə deyilir ki, NATO-nun infrastrukruru əlçatandır və Rusiyanın hətta məhdud sayda nüvə zərbələri alyansın hərbi potensialını böyük ölçüdə sıradan çıxara bilər.
Hərçənd aydın deyil ki, nəyə görə “The National İnterest” dərgisinin müəllifləri “RAND Corporation” tərəfindən iki il əvvəl aparılmış analizin nəticələrini indi gündəmə gətirirlər. Rusiyanın Baltik ölkələrini işğal etmək təhlükəsi vaxtaşırı olaraq Qərb dairələrində müzakirə olunur, Rusiyada isə bunu “fantaziya” adlandırırlar. Lakin bu faktdır ki, Rusiya son illər Baltik regionu ətrafında qüvvələrini durmadan artırır.