İnsan bədənindən çıxarılan ürək belə döyündürülür – VİDEO
Müasir tibbin ən heyrətamiz texnologiyalarından biri insan bədənindən çıxarılan donor ürəyinin orqanizmdən kənarda da döyünməsini təmin edir.
Musavat.com xəbər verir ki, yayılan görüntülərdə transplantasiya üçün nəzərdə tutulan real insan ürəyinin xüsusi tibbi aparat vasitəsilə işlək vəziyyətdə saxlanıldığı görünür.
Aparat ürəyə oksigenlə zənginləşdirilmiş qan və zəruri qida maddələri ötürür. Bunun sayəsində ürək insan bədənindən kənarda olmasına baxmayaraq, döyünməyə davam edir.
İlk baxışdan qorxu filmlərindəki səhnələri xatırladan görüntülər əslində müasir tibbin mühüm nailiyyətlərindən birini nümayiş etdirir.
Bu texnologiya donor ürəyinin transplantasiya ediləcək xəstəyə çatdırılmasına qədər işlək vəziyyətdə saxlanılmasına imkan yaradır. Həmçinin həkimlər ürəyin fəaliyyətini izləyə və onun köçürülməyə yararlılığını qiymətləndirə bilirlər.
Belə sistemlərdən biri ABŞ-nin TransMedics şirkətinin hazırladığı OCS Heart aparatıdır. Bu texnologiya donor ürəyinin ənənəvi soyudulma üsulundan fərqli olaraq, qanla təmin edilərək döyünən vəziyyətdə qorunmasına imkan verir.
Ənənəvi üsulla donor ürəyinin saxlanılması müddəti adətən 4–6 saatla məhdudlaşır. Yeni texnologiyalar isə orqanın qorunması və daşınması imkanlarını genişləndirərək daha çox xəstənin transplantasiya şansı əldə etməsinə kömək edir.
Musavat.com