azia.az
azia.az

Lenin üçün “qəbir əzabı” – Patriarx Kiril solçumu?

Bu gün, 08:51

Rusiya kommunistləri (KPRF) noyabrın 7-də Moskvada Oktyabr inqilabının ildönümü ilə bağlı aksiya keçirməyə hazırlaşır. Lakin hər il təkrarlanan ənənəvi tədbirlə bağlı bu dəfə deyəsən problem yaranıb.

Məlumat yayılıb ki, solçu partiya Moskvada Karl Marksın abidəsi önündə mitinq və Vladimir İliç Leninin mavzoleyi istiqamətində yürüş keçirməyi planlaşdırsa da, tədbirin taleyi hələlik qeyri-müəyyəndir.

Yerli medianın yazdığına görə, məhdudiyyətlər paytaxtla yanaşı, Tümen, Omsk, Voloqda, Çerepovets və Kostromada da müşahidə edilməkdədir. Hakimiyyət orqanları aksiyalara müxtəlif əsaslarla icazə verməyib, bəzi şəhərlərdə isə kommunistlərə əlverişsiz məkanlar təklif edilib. Səbəb kimi Putin iqtidarının izafi küçə fəallığından çəkinməsi və tarixi anım mitinqlərinin cari siyasi etirazlara çevrilə bilməsi göstərilir...

Hakimiyyətin ehyiyatlanmasına əsas var təbii ki. Məsələ ondadır ki, cəmiyyətdəki real ovqat heç də ölkə TV-lərində təqdim olunan kimi deyil. Rusiya əhalisi Ukraynaya qarşı 5 ildir aparılan ədalətsiz və işğalçı müharibədən yorulub. Və bu yorğunluğu o, ilk fürsətdəcə büruzə verə bilər ki, bu da rəsmi təbliğata zərbə demək olardı.

Eyni zamanda, bu, onsuz da cəbhədə xeyli vaxtdır irəliləyə bilməyən orduda ruh düşkünlüyünü artırardı. Ölkə rəhbərliyi isə guya qələbənin yaxında olduğu haqda cəmiyyətə süni narrativi sırımağa davam edir. Qısası, “ağrımayan başa dəsmal bağlamaq” məsələsi...

Başqa yandan, Putin Leninə antipatiya bəsləyən biri kimi görünmək də istəmir. Ən azı ona görə ki, “proletariatın dahi rəhbəri” SSRİ adlı “qırmızı imperiya”nın əsas memarı və sonuncu üzdə olan simvoludur. Kremlin hazırkı sahibi də Rusiyanın heç olmasa, Sovet İttifaqı sərhədlərində hansısa şəkildə bərpasını xəyal edir.

Sonra. Gerçəkdə Lenin Allah bəndəsi kimi hələ də torpağa tapşırılmayıbsa, demək ki, cəmiyyətdə SSRİ tərəfdarları və ya onun xiffəti ilə yaşayanlar kifayət qədərdir. Bu basabasda həmin təbəqəni narazı salmaq hakimiyyətə sərf eləməz.

Əslində, həmin tərəfdarlardan biri də elə Putinin özüdür. İndi o, lazım gələndə həm solçudu, həm sağçı-millətçi, həm mərkəzçidi, həm də liberal. Düzdü, Lenin ateist olub, Putin isə vaxtaşırı kilsədə şam yandırır. Qonşu və “nasist” Ukraynanı işğal və ram eləmək üçün Allaha dualar edir. Əlbəttə ki, dostu, baş patriarx Kiril ondan on qat artığını edir.

Attachment

Amma çifayda? Dəfələrlə yazmışıq, Allah bütün duaları eşidər, fəqət, yalnız məqbul bildiyi çin olar, batil dualar isə rədd edilər! Xüsusilə də məzlumların və zülmə məruz qalanların duaları tez gerçəkləşər deyiblər.

Ukraynaya bu qış cəhənnəm vəd edən kremldəkilər bunu nə qədər tez ciddiyə alsalar, bir o qədər bəlkə Allahın cəzasından yayına bildilər. Cəzalardan biri də Lenin kimi ölümdən sonra məzarsız qalmaqdır.

Məzarsız qəbir əzabı. Gərək ki, təkallahlı din olan xristianlıq da meyiti basdırmağı vacib bilir. Elə isə patriarxı Kiril hara baxır bəs? Lenin niyə 102 ildir dəfn olunmur? Yoxsa o da Çar Rusiyası sevdalısı kimi cibində kommunist bileti gəzdirir? Yaxud bəlkə hakim “Vahid Rusiya” partiyasının üzvüdür, xəbərimiz yox...

P.S. İlahi inanca görə, qəbir əzabı ifadəsi fiziki qəbir anlamında işlədilmir və sırf mənəvi-ruhani məna daşıyır. Amma ruhun sakitləşməsi üçün dəfn vacib sayılır...

 

Zahid SƏFƏROĞLU


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi