azia.az
azia.az

Məktəblinin ağlaması qonşular arasında davaya səbəb oldu — Təfərrüat

Bu gün, 18:36

Quba rayonunda 30 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 fevral 2026-cı il tarixində Quba rayonunun kəndlərindən birində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Əsəd yaşadığı evin qarşısında həmkəndlisi Zaurla (adlar şərtidir – red.) mübahisə edib. Şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əsəd yumruqla Zaurun baş nahiyəsinə zərbə endirərək ona xəsarət yetirib.

Əsəd barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Əsəd özünü təqsirli bilib. O bildirib ki, fevralın 11-də oğlu Valehi məktəbdən gətirmək üçün gedərkən onun ağladığını görüb və səbəbini soruşub. Oğlu sinif yoldaşı Sərxanın onu təhqir etdiyini deyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, yolda Sərxanı görərək onunla əsəbi danışsa da, uşağa əl qaldırmayıb.

Əsəd hadisənin sonrakı mərhələsini belə izah edib:

"Həmin gün saat 17 radələrində Sərxanın atası Zaur yaşadığımız evin qarşısına gələrək məni çölə çağırdı. O, Zauru nə üçün vurduğumu soruşdu. Mən onu vurmadığımı desəm də, aramızda söz mübahisəsi yarandı. Əsəbiləşərək bir dəfə yumruqla onun baş nahiyəsindən vurdum. Həmin vaxt orada kənar şəxslər yox idi".

Zərərçəkmiş Zaur isə ifadəsində fevralın 11-də oğlu, 2008-ci il təvəllüdlü Sərxanı məktəbdən gətirmək üçün getdiyini bildirib. O, oğlunun ağladığını görərək səbəbini soruşduğunu, Sərxanın isə Əsəd adlı şəxsin onu sillə ilə vurduğunu dediyini qeyd edib.

Zaurun sözlərinə görə, bundan sonra Əsədin yaşadığı evə gedərək ondan oğlunu nə üçün vurduğunu soruşub:

"Əsəd yaxşı edərək vurduğunu deyib, yumruqla baş nahiyəmdən bir dəfə zərbə endirdi".

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Əsəd cinayət məsuliyyətindən azad olunub və barəsindəki cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi