Türkiyənin "Çörçill taktikası" Qarabağ üçün nə vəd edir?
Son günlər Türkiyə ilə Rusiyanın hərbi məsələlərdə yaxınlaşdığını müşahidə edirik. Bunun müqabilində ABŞ "Patriot"ları satmadığı üçün Vaşinqton-Ankara münasibətləri gərginləşib. Hazırkı vəziyyətdə ekspertlər Türkiyənin Rusiya ilə yaxınlaşmadan istifadə edərək, ABŞ-ın F-35-lərlə bağlı siyasətində dəyişikliyə nail olmaq istədiyini düşünür.
Bəs görəsən, Türkiyə yaxın gələcəkdə ABŞ-ın, yoxsa Rusiyanın yanında yer alacaq?
Mövzu ilə bağlı Axar.az-a açıqlama verən analitik Elxan Şahinoğlu bildirib ki, Türkiyə yalnız maraqlarına uyğun şəkildə hərəkət edəcək:
“Soyuq müharibə illərində dünya faktiki olaraq iki hissəyə bölünmüşdü: SSRİ və ABŞ. Bir sıra dövlətlər ABŞ-ın yanında yer alaraq, SSRİ-dən, digərləri isə SSRİ cəbhəsində olaraq, ABŞ-dan qorunurdu. Türkiyə Soyuq müharibə illərində ABŞ-ın yanında yer almışdı. Amma SSRİ-dən sonra ikiqütblü dünya dağıldı. İndi rollar dəyişib, Türkiyə milli və təhlükəsizlik maraqları baxımdan Rusiyaya daha çox yaxınlaşıb, birgə layihələri var. Türkiyəyə rusiyalı turistlər gəlir, AES tikilir, Rusiya Türkiyəyə ABŞ-ın satmadığı raketləri satır. Bütün bunların fonunda ABŞ-la münasibətlərdə soyuqluq yaranıb. Hazırda Türkiyənin maraqları diktə edir ki, Rusiya ilə müəyyən sövdələşmələr içində olsun. Hər şey maraqlarla bağlıdır. Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill deyirdi ki, Böyük Britaniyanın əbədi dostu və əbədi düşməni yoxdur, əbədi maraqları var.
Bir neçə il əvvəl Türkiyə Rusiya təyyarəsini vurmuş və münasibətlər gərginləşmişdi. Türkiyə Prezidenti milli maraqlara görə üzr istədi və yenidən daha yaxşı münasibətlər qurdu. Çünki ölkənin təhlükəsizlik maraqları bunu tələb edirdi”.
Analitik bildirib ki, ABŞ-ın Türkiyə kimi söz sahibi bir dövləti itirməkdə hansı məqsədlər güdməsi başadüşülən deyil:
“ABŞ-Türkiyə münasibətlərinin belə soyuq olmasında Vaşinqtonun böyük günahı var. Zaman-zaman Türkiyəni özündən uzaqlaşdırdı, Rusiya da məqamdan istifadə etdi. Rusiyanın marağı odur ki, NATO dağılsın, Türkiyə-ABŞ münasibətləri gərginləşsin və Rusiya Türkiyənin daha yaxınında olsun.
Sadəcə olaraq, ABŞ-ın Türkiyəni özündən uzaqlaşdırmasını anlamaq çətindir. ABŞ Avrasiyada, türk dünyasında söz sahibi olan bir dövləti itirməkdə hansı məqsəd güdə bilər, maraqlıdır. ABŞ-Türkiyə dialoqu əlbəttə ki, davam edəcək, amma ortaq nöqtələri tapmaqda çətinlik çəkəcəklər. Tam əksinə, Rusiya ilə Türkiyə arasında ortaq nöqtələrin sayı artacaq. Düzdür, İdliblə bağlı dövlətlər arasında müəyyən fikir ayrılığı yaranıb, amma Nur-Sultan (Astana) prosesi çərçivəsində yəqin ki, bu problemi də həll etməyə çalışacaqlar.
Yalnız ABŞ siyasətini dəyişib Türkiyə ilə əlaqələrini gücləndirsə, PKK-ya yox, Türkiyəyə dəstək versə, bu iki ölkənin münasibətləri normallaşa bilər”.
E.Şahinoğlunun sözlərinə görə, Rusiya hazırkı şərtlər altında Türkiyəni itirmək istəmir:
“Rusiyanın Türkiyəyə raket sistemi satması, türk kosmonavtları hazırlamaqla bağlı dedikəri, bu ölkədən Türkiyəyə turist axını və s. bütün bunlar göstərir ki, Kreml Türkiyəni itirmək istəmir. Buna görə də yaxın gələcəkdə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsini gözləmirəm”.
Ekspert bu iki dövlət arasındakı yaxınlaşmanın Azərbaycan üçün də faydalı ola biləcəyini söyləyib:
“Düşünürəm ki, Türkiyə-Rusiya əməkdaşlığı Minsk Qrupunu əvəz edə bilər və Qarabağ münaqişəsinin həlli istiqamətində önəmli addımlar atılar. Yetər ki, Rusiya bunu istəsin”.