Türkiyənin Rusiya hərbi əməkdaşlığı Türkiyəni gücləndirə bilərmi?
“Türkiyənin Rusiya ilə yaxınlaşması ola bilsin ki, Türkiyə iqtisadiyyatına hər hansı gəlirlər gətirsin. Amma bu yaxınlaşma Türkiyəni siyasi arenada problemlərlə baş-başa qalmasına gətirib çıxarda bilər”.
Bu fikirləri hərbi ekspert Üzeyir Cəfərli Türkiyənin Rusiyadan dəqiq silahlar alması NATO üzvü olan bu ölkənin Qərb müttəfiqləri və Alyansla münasibətlərinə yarana biləcək təsirlərini PİA.AZ-a şərh edərkən deyib.
Xəbər verdiyimiz kimi dünən Rusiyanın ikinci paytaxtı sayılan Sankt-Peterburq şəhərində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında tarixi görüş olub. Ötən il noyabrın 24-də Türkiyə səmasında Rusiyanın “Su 24” təyyarəsinin vurulması səbəbindən korlanan ikitərəfli əlaqələrin bərpasından sonra bu, prezidentərin ilk təmas idi. İki ölkə rəhbərinin 2 saat çəkən görüşündən sonra tərəflər geniş tərkibdə ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Türkiyə prezidenti R. T. Ərdoğan Rusiya səfərini tarixi səfər və yeni başlanğıc olacağını söyləmişdi.
Dünən Rusiya və Türkiyə liderlərinin görüşündə “təyyarə bohranı”ndan sonra asqıya alınan bir çox siyasi və iqtisadi məsələlər müzakirə olunub. Həmçinin yayəlan rəsmi məlumatlarda iki ölkə arasında hərbi səneye sahəsində əməkdaşlıq haqqında razılıq da əldə olunduğu bildirilir. Bəs Türkiyənin Rusiyadan dəqiq silahlar alması NATO üzvü olan bu ölkənin Qərb müttəfiqləri və Alyansla münasibətlərinə necə təsir edəcək və Türkiyənin NATO-dan çıxması məsələsi gündəmə gələ bilərmi?
Üzeyir Cəfərli: “Siyasi və hərbi sahədə Qərbin münasibəti Türkiyəyə qarşı dəyişəcəksə, Türkiyənin ciddi problemləri olacaq”.
Bu suallarla PİA.AZ-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərliyə müraciət edib. Ekspert qeyd edib ki, Türkiyə- Rusiya münasibətlərinin yaxınlaşması yaxşı haldır, amma bu yaxınlaşma sərhədləri keçərsə, bu Türkiyənin ziyanına işləyəcək. Hərbi ekspert əmindir ki, hər nə qədər Türkiyə Rusiya ilə hərbi-siyasi sahədə yaxınlaşacaq, Türkiyənin mövqeyi zəifləyəcək:
“Son günlər mən bu məsələyə bir neçə dəfə diqqət yetirmişəm və demişəm ki, nə qədər ki, Türkiyə Rusiya ilə yaxınlaşacaq, Türkiyənin mövqeyi zəifləyəcək. Bu fikri mən elə-belə demirəm. Çünki bütün dünya bilir ki, dünyanın çox böyük bəlalarının kökündə bu gün Rusiyanın oynadığı ikibaşlı və çoxbaşlı oyunlar durub. Bu bəlalara misal olaraq deyə bilərəm ki, Rusiya separatizmə dəstək verdiyinə görə, bu gün Dağlıq Qarabağ adlı böyük problem yaşayırıq, Moldovada da Rusiya separatçılara dəstək verdiyi üçün orada da Dnestrryanı problem mövcuddur, 2008-ci ildə Gürcüstanın ilhaqı, Ukraynada isə 2014-cü Donetsk hadisələri və Krımın ilhaqı və s. Bunların hamısı Rusiyanın iştirakı ilə həyata keçirilib.
Türkiyənin Rusiya ilə iqtisadi sahədə yaxınlaşması problem deyil. Mən bu iki ölkə arasında iqtisadi əlaqəyə qarşı deyiləm, amma NATO üzvü olan Türkiyənin birdən-birə Qərblə, NATO-la münasibətlərin soyutması və Rusiyaya üz tutması əlbəttə ki, təsirsiz ötüşməyəcək. Mən çox narahatam ona görə ki, türk dünyasında Türkiyə Silahlı Qüvvələrinin zəifləməsi türkdilli ölkələrə, o cümlədən Azərbaycana da ziyan gətirə bilər. Biz bu məsələni diqqətdə saxlamalıyıq.
Dəqiq silahlara gəlincə bəli, Rusiyanın Hərbi Sənaye Kompleksində bir çox dəqiq silahlar var. Bu gün bu silahlara daha çox tələbat var. Amma düşünmürəm ki, Türkiyə öz arsenalında olan müasir silahları rusiyanın silahları ilə əvəz etsin. Çünki Rusiyanın silahları zaman-zaman həm köhnəlir, həm də müxtəlif problemləri ortaya çıxır. Mən çəkinmədən deyirəm ki, Türkiyə Rusiya ilə münasibətlərdə bir qədər ehtiyatlı və diqqətli davranmalıdır. Türkiyənin Rusiya ilə yaxınlaşması ola bilsin ki, Türkiyə iqtisadiyyatına hər hansı gəlirlər gətirsin. Amma bu yaxınlaşma Türkiyəni siyasi arenada problemlərlə baş-başa qalmasına gətirib çıxarda bilər.
Üzeyir Cəfərli: “15 iyul hadisələri ilə bağlı Rusiya NATO-nu günahlandırdı və yaranmış bu cür vəziyyətdən Rusiya öz məqsədləri üçün yararlanmağa çalışır”.
Türkiyənin PKK-a, o cümlədən qonşu ölkələrlə problemləri var. Mən qonşu ölkə deyəndə Suriyanı nəzərdə tuturam. Həmçinin Türkiyənin öz daxilində separatçı, terrorçu qüvvələr də var. Ola bilsin ki, onlar Türkiyəyə başqa vasitələrlə təsir göstərsinlər.
Bütövlükdə mən Türkiyə-Rusiya münasibətlərinin normallaşmasının tərəfdarı olmuşam. Çünki bu münasibətdən sadə insanlar əziyyət çəkməməlidir. Hələlik isə görünən odur ki, 15 iyul hadisələrindən sonra Türkiyənin indiki rəhbərliyi, xüsusən prezident Ərdoğan və baz nazir Binəli Yıldırım Qərbə küskünlük nümayiş etdirilər. Amma bu münasibət belə olmalıdır. Çünki əgər Qərbin münasibəti Türkiyəyə qarşı dəyişəcəksə, Türkiyənin ciddi problemləri olacaq.
Yaranmış bu cür vəziyyətdən də Rusiya öz məqsədləri üçün yararlanmağa çalışır. Çünki 15 iyul hadisələri ilə bağlı Rusiya NATO-nu günahlandırdı ki, NATO Türkiyəni məlumatlandırmali idi, NATO Türkiyəyə dəstək olmalı idi və s. Belə xırda detal da ümumillikdə çox böyük çətinliklərə gətirə bilər. Hər halda yenə o fikirdə qalıram ki, Türkiyə- Rusiya münasibətlərinin yaxınlaşması yaxşı haldır, amma bu yaxınlaşma sərhədləri keçərsə, bu Türkiyənin ziyanına işləyəcək”.
Nərminə UMUDLU