azia.az
azia.az

ABŞ kəşfiyyatı koronavirusun mənşəyi ilə bağlı hesabat AÇIQLADI

28-08-2021, 20:12

ABŞ kəşfiyyatı koronavirusun mənşəyi ilə bağlı hesabat AÇIQLADI
Ortada vahid nəticə yoxdur - insanın hansısa heyvandan yoluxduğu, yaxud virusun laboratoriyadan sızması ilə bağlı versiyalar hələ də istisna edilmir.

Azia.az xəbər verir ki, INTERFAX.RU nəşrinin yazdığı məlumata görə, Amerika kəşfiyyat birliyi COVID-19 virusunun mənşəyi ilə bağlı vahid nəticəyə gələ bilməyib. Kəşfiyyatın hesabatının ictimai versiyasından belə məlum olub.

ABŞ kəşfiyyat birliyi belə bir nəticəyə gəlmişdi ki, koronavirus, ehtimal ki, bioloji silah olaraq yaradılmayıb və Çin hökuməti 2019-cu ilin sonlarında ortaya çıxan Uhan epidemiyasına qədər virusdan xəbərsiz olub. Bununla belə, koronavirusun mənşəyinin hər iki əsas versiyası - insanın heyvandan yoluxması, yaxud virusun Uhan Virologiya İnstitutunun laboratoriyasından sızması hələ də istisna edilmir.

Hesabata görə, "az güvənlən" agentliklərin əksəriyyəti koronavirusun "ehtimal ki, genetik olaraq dəyişdirilmədiyini" bildirir, lakin digər iki agentlik belə nəticələr çıxarmaq üçün kifayət qədər məlumat olmadığını deyir.

Sənəddə deyilir ki, Amerika kəşfiyyat birliyi koronavirusun ehtimal olunan mənşəyi ilə bağlı "fikir ayrılığı içərisindədir". Ancaq yoluxmuş heyvanla təbii təmas və laboratoriya ilə əlaqəli bir hadisənin inandırıcı versiyalar olduğunu bütün qurumlar qəbul edirlər.

Hesabat müəllifləri sonda təsdiq edirlər ki, koronavirusun mənşəyinin dəqiq mənbəyini müəyyənləşdirmək üçün, yəqin ki, Çindən əməkdaşlıq tələb olunmalıdır.

"Lakin Pekin qlobal araşdırmaya mane olmağa, məlumat mübadiləsinə müqavimət göstərməyə və ABŞ da daxil olmaqla digər ölkələri günahlandırmağa davam edir. Bu hərəkətlər qismən Çin hökumətinin araşdırmanın nəyə gətirib çıxara biləcəyinə əmin olmadığını əks etdirsə də, digər yandan onda beynəlxalq təşkilatların bundan Çinə siyasi təzyiq vasitəsi kimi istifadə edəcəyi əndişəsi yaradır”, - məruzədə deyilir.
May ayında ABŞ Prezidenti Co Bayden ABŞ kəşfiyyat orqanlarına COVID-19-un mənşəyini tapmaq və nəticələri 90 gün ərzində bəyan etmək üçün "səylərini iki qat artırmağı" tapşırmışdı. "New York Times”ın yaydığı məlumata görə, bundan əvvəl Amerika kəşfiyyatı Ağ Evə koronavirusun mənşəyi ilə bağlı hələ araşdırılmamış bəzi məlumatlara malik olduğunu bildirmişdi. Kəşfiyyat öz "fövqəladə" kompüter imkanlarından istifadə edərək, COVID-19 virusunun Uhan laboratoriyasından sızması versiyasını yoxlayacağını xəbər verirdi.

2021-ci ilin əvvəlində bir qrup ÜST mütəxəssisi Uhan Virologiya İnstitutunu ziyarət etdikdən sonra virusun sızma versiyasını "son dərəcə çətin" adlandırdıqları bir hesabat yaydılar. Amerika Birləşmiş Ştatları və müttəfiqləri hesabatı tənqid etdikdən sonra ÜST koronavirusun mənşəyinin laboratoriya versiyasının çox erkən istisna edildiyini qəbul etməli oldu. İyulun sonunda ÇXR ÜST-ə Çin ərazisində COVID-19-un mənşəyini öyrənmək üçün ikinci mərhələni keçirməyə icazə vermədi.

Uhan Virologiya İnstitutunda Bioloji Təhlükəsizlik Səviyyəsi ən yüksək (BSL-4) olan bir laboratoriya işləyir. SARS-CoV koronavirusunun meydana çıxdığı 2002-2003-cü illərdə SARS-ın yayılmasından sonra institutun alimləri koronavirusla bağlı yarasaları toplayır və öyrənir, həmçinin koronavirusların çevirməsi üzrə təcrübələr aparırdılar. Dünyada cəmi 23 ölkədə onlarla BSL-4 laboratoriyası mövcuddur.

Çində ilk COVID-19 hadisəsi 2019-cu ilin dekabr ayında rəsmi olaraq təsbit edildi və Uhandakı bir dəniz məhsulları bazarı ilə əlaqələndirildi. Çin və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən mart ayının sonunda nəşr olunan birgə araşdırma göstərdi ki, insanlarda sporadik infeksiyalar Uhan epidemiyasından əvvəl də mövcud olub.

Çin virusun laboratoriyadan sızma ehtimalını dəfələrlə inkar edib və infeksiyanın mənşəyini siyasiləşdirməməyə çağırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi