azia.az
azia.az

Rusiyadan XAİN ADDIM: Ermənistanı dəhşətli silahlarla SİLAHLANDIRMAĞA BAŞLADI - YENİ MÜHARİBƏYƏ DOĞRU

24-08-2021, 09:55

Rusiyadan XAİN ADDIM: Ermənistanı dəhşətli silahlarla SİLAHLANDIRMAĞA BAŞLADI - YENİ MÜHARİBƏYƏ DOĞRU
Qarabağ müharibəsi və münaqişəsi başa çatdı. İndi bölgədə sülhün möhkəmlənməsi, əlaqələrin qurulması, kommunikasiyaların açılması üçün yeni reallıqlar yaranıb. Bu istiqamətdə işlər ləng də olsa davam edir və əsas vasitəçi rolunda Rusiya çıxış edir.

Və qəribədir ki, Rusiya Ermənistanı silahlandırmaq yolunda aktiv addımlarla həm də özünün vasitəçilik etdiyi sülh prosesinə təhlükələr yaradır. Ziddiyyətlidir.

Prezident İlham Əliyev CNN Türk kanalına müsahibəsində Azərbaycanın Rusiyadan gözləntisinin nələr olduğunu konkret ifadə etmişdi.

- Üçtərəfli bəyanatın bütün müddəaları yerinə yetirilsin;
- Rusiya Ermənistanı silahlandırmasın;

Dövlət başçısı qeyd etmişdi ki, bu məsələ ilə bağlı Bakının narahatlığı Rusiya tərəfinə çatdırılıb: “Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır”.

Prezident bunun hələ müşahidə edilmədiyini, lakin bəzi narahatedici açıqlamaların olduğunu vurğulamışdı.

Söhbət Ermənistan müdafiə naziri Arşak Karapetyanı Moskvada qəbul edən Rusiya müdafiə naziri Sergey Şoyqunun “Ermənistana silah tədarükü başlanmışdı” açıqlamasından gedir. Şoyqunun açıqlaması Rusiya silahlarının Ermənistana verilməsi prosesinin artıq başlandığını deməyə əsas verirdi. Ardınca Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Ermənistanı silahlandırmaq bizim suveren hüququmuzdur” tipli açıqlama da verdi.

Azərbaycan Rusiyanın suveren hüquqlarına qarşı deyil, amma söhbət Ermənistanın silahlandırılmasından gedirsə, bu artıq Moskvanın hüququndan çox bütün regionun təhlükəsizlik məsələsidir. Xüsusilə Ermənistanda növbədənkənar parlament seçkilərinin nəticələrindən sonra bunun baş verməsi şübhəli məqamlara yol açır.

Erməni seçicilər 44 günlük müharibədə məğlub olan, minlərlə itki verən, on minlərlə hərbçinin yaralanmasına səbəb olan Paşinyan hakimiyyətini seçkidə dəstəklədi. Azərbaycan Prezidentinin də dediyi kimi, bu dünyada görünməmiş hadisə idi. Və bu, həm də ermənilərin müharibədən bezdiyi, yeni müharibə istəmədiyi deməkdir. Buna rəğmən, Rusiyanın Ermənistanı israrla silahlandırması həm bölgənin, həm də Ermənistanın gələcəyini sual altına salır.

Moskvada Ordu-2021 hərbi sənaye sərgisinin və Beynəlxalq Ordu Oyunlarının açılış mərasimində iştirak edən Ermənistan müdafiə naziri
Arşak Karapetyanın keçirdiyi görüşlər Rusiyanın silahlandırma prosesini aktiv şəkildə həyata keçirdiyini sübut edir. Karapetyan Moskvada Rusiya Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev və “Rosoboroneksport”un direktoru Aleksandr Mixeyevlə görüşdü. Onun “İrkut”, “KamAZ”, “Uralvaqonzavod” və “Taktiki raket silahları” korporasiyasının rəhbəri ilə də görüşəyi haqda məlumatlar var.

“İrkurt” şirkətinə Su-30 qırıcılarını istehsal edən “İrkutsk” aviasiya zavodu da daxildir. “KamAZ” və “Uralvaqonzavod” T-72 tanklarının yeni modifikasiyalarını və T-90 tanklarını istehsal edir. “Taktiki raket silahları” korporasiyası isə müxtəlif tipli raketlər buraxır.

Bu, Rusiyanın Ermənistana verdiyi, yaxud verəcəyi hərbi texnikanın nələrdən ibarət olduğu haqda təxminlər yaradır.

1. Su-30SM təyyarələrinin raketləri: Ermənistan 2019-cu ildə Rusiyadan 4 dənə Su-30SM raketləri aldı, lakin raketlərinin və peşəkar pilotlarının olmadığı üçün müharibədə istifadə edə bilmədiyi deyilir. Görünür, raketləri bundan sonra almağı planlaşdırır.

2. Tanklar: Ermənistan 44 günlük müharibədə ümumilikdə 366 tank itirib - 287-si məhv edilib, 79-u qənimət götürülüb. Bu itkinin yerini doldurmağa çalışırlar.

3. Müxtəlif tipli raketlər: II Qarabağ müharibəsində Ermənistanın raketlərdən əsasən Azərbaycanın mülki əhalisinə qarşı istifadə etdiyini nəzərə alsaq, mümkün eskalasiyada analoji cinayətin təkrarlanacağı gözləniləndir.

Bu, siyahının kiçik bir hissəsidir. Göründüyü kimi, Rusiya dağılmış erməni ordusunu yenidən qurmaq adı altında Ermənistanı yenidən silahlandırır və bu, həm regionun təhlükəsizliyini, həm Moskvanın vasitəçilik missiyasını, həm də Ermənistanın özünü risk altına atır. Çünki Azərbaycana qarşı istənilən təhdidə “Dəmir Yumruq”la cavab veriləcək və Ermənistana verilən silahların ünvanı da Bakıdakı Hərbi Qənimətlər Parkı olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi