azia.az
azia.az

“Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının yaradılması çox təhlükəlidir”

15-11-2016, 16:15

“Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının yaradılması çox təhlükəlidir”
“Rusiya prezidenti Vladimir PutinRusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsi çox təhlükəli bir tendensiyadır, Cənubi Qafqazı təhdid edən bir situasiya yaradır”

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Q. Hüseynli bildirib ki, hazırda Rusiya Ermənistanı pulsuz silahla təchiz edir, son aylarda isə Ermənistana orta mənzilli “İsgəndər M” tipli ballistik raketlər, “TOS” tipli ağır odsaçan silahlar və digər taktiki raketlər göndərib: “Yəni, Ermənistan kifayət qədər Rusiya tərəfindən silahlandırılır. Ermənistanın hava hücumundan müdafiə sistemi bütünlüklə Rusiyaya tabe etdirilib və hava hücumundan müdafiə sisteminin qurulması Rusiya mütəxəssisləri tərəfindən aparılır. Ermənistanın sərhədlərini onsuz da Rusiya qoşunları qoruyurdu. Ermənistanın əksər zavodları da borc əvəzində Rusiyanın ixtiyarına keçib. Faktiki olaraq, Ermənistan suverenliyini itirə-itirə gedir. İndi isə qoşunların birləşmiş qruplaşmasının yaradılması adı altında qoşunların birləşdirilməsi prosesi gedir. Yəni Ermənistan qoşun birləşmələri ilə Rusiya qoşun birləşmələri vahid kontingentdə birləşir. Guya birləşmiş qoşunların komandanlığı Ermənistana tapşırılır, amma müharibə prosesində guya bu prosesə Rusiya rəhbərlik edir. Qısası, vəziyyət çox gərgindir. Rusiya Cənubi Qafqazı təhdid edən bir şəraitin formalaşmasına çalışır. Bu təhdid həm Gürcüstana, həm də Azərbaycana qarşıdır”.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə kimi Rusiya faktiki status-kvonun dəyişdirilməsini istəmir: “2-5 aprel hadisələrindən sonra Azərbaycana vədlər verilməsinə baxmayaraq, bu vədlərin üzərindən sükutla keçildi. İndi isə Rusiya vəziyyəti hərbi qarşıdurma səviyyəsinə gətirib çıxarmaq istəyir. Bu, çox təhlükəli bir tendensiyadır. Onlar iddia edirlər ki, bu qoşunlar Dağlıq Qarabağ ərazisinə getməyəcək. Amma Dağlıq Qarabağda qulluq edən hərbçilər Ermənistan hərbçiləridir. Ermənistan bu qoşunları istənilən vaxt Dağlıq Qarabağ ərazisinə yeridə bilər. Azərbaycan ordusu da hərbi təlimlər keçir. Azərbaycan artıq yaxşı başa düşür ki, ATƏT-in Minsk Qrupunun apardığı sülh danışıqları dalana dirənib. Ona görə də Azərbaycan ordusunu təkmilləşdirir və müharibəyə hazırlaşdırır. Cənubi Qafqazda müharibəyə alternativ görünmür və bölgə yenidən ciddi hərbi qarşıdurmalar səhnəsinə çevrilə bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə APA-ya açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında aprel döyüşlərinin 4 gündən çox uzanmamasının səbəbkarı Rusiya olub və Moskva müharibənin uzanmasından narahat olaraq hər iki tərəfi atəşkəsə yenidən riayət etməyə çağırıb: “Halbuki, Azərbaycan ordusunun daha uzun məsafələrə irəliləmək imkanları var idi. Bundan sonra Azərbaycanın hakim dairələrində və cəmiyyətinin bir hissəsində belə bir təəssürat yarandı ki, hərbi toqquşmanın genişlənməsi perspektivi Rusiyanı narahat etdiyindən Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək. Bunun üçün ilk addım olaraq Kreml Ermənistan hakimiyyətinə təzyiq edəcək ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaltsın. Bu proqnozlar doğrulmadı. Əksinə, Rusiya hakimiyyəti iki addımı ilə Azərbaycan-Ermənistan qarşıdurmasında birmənalı ikincini dəstəklədi. Rusiya birinci addım olaraq Ermənistana “İsgəndər” raketləri göndərdi ki, hərbi balansda Ermənistan Azərbaycana məğlub olmasın. Rusiya ikinci addım olaraq Ermənistanla birgə qoşun birlikləri yaratdı. Faktiki bu, o deməkdir ki, bundan sonra Ermənistan ordusuna Rusiya Müdafiə Nazirliyi nəzarət edəcək. Bu iki addım Azərbaycana qarşıdır. Rusiya bu addımları ilə sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində, Azərbaycanın ərazi bütövlüyünün təminatında marağı yoxdur”.

E. Şahinoğlu vurğulayıb ki, Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərdə problem yaşamaq istəmir və bu, anlaşılan siyasətdir: “Rusiya təhlükəli qonşudur, yaxın 10 il ərzində Gürcüstan və Ukraynanı parçalayıb. Bu amillər nəzərə alınmalıdır. Ancaq, bu o demək deyil ki, Ermənistana artan hərbi dəstək fonunda Rusiya ilə münasibətlərdə heç nə olmamış kimi davranılmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi və ya nazirliyin mətbuat katibi Rusiya prezidentinin məlum sazişi imzalamasından sonra belə bir bəyanatla çıxış etməli idi ki, Rusiyanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə qoşun birlikləri yaratması narahatlıq doğurur. Bəyanatda vurğulanmalı idi, bu, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Rusiyanın münaqişənin həllindəki tərəfsizliyinə kölgə salır, ümid edirik ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsipinə sadiq qalacaq. Ümumiyyətlə, Rusiyanın Ermənistana verdiyi hərbi dəstək rəsmi Bakını balanslaşdırılmış xarici siyasətə göz gəzdirməyə məcbur etməlidir. Yaranmış disbalansın qarşısını almağın yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmasından keçir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi