azia.az
azia.az

İlham Əliyev Rusiyanın Ermənistanı yenidən silahlandırmaq niyyəti haqda

14-08-2021, 22:34

İlham Əliyev Rusiyanın Ermənistanı yenidən silahlandırmaq niyyəti haqda
İlham Əliyev Rusiyanın Ermənistanı yenidən silahlandırmaq niyyəti haqda

Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri CNN Türk kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, müharibə başa çatıb, yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir.

Ermənistanın yeni müdafiə nazirinin çox məsuliyyətsiz açıqlamalar verdiyini bildirən Prezident İlham Əliyev deyib: “Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”.

***

Ermənilərin işğal altındakı torpaqlarımızda yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir.

AZƏRTAC xəbər verir ki, bunu “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Ermənistan minaların xəritələrini vermədiyini qeyd edən dövlətimizin başçısı bildirib: “Son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Ona görə azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Siz oraya gedəndə böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları görəcəksiniz. Yəni, bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada artıq işlər başlayır”.


"Bu, bizim üçün tarixi bir Zəfərdir. Çünki qeyd etdiyiniz kimi, 30 il ərzində torpaqlarımız işğal altında idi. Bu, böyük ədalətsizlik idi və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı".

Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində belə deyib.

Dövlət başçısı qeyd edib ki, danışıqlarda nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi.



“Müzakirə prosesi çərçivəsində Ermənistan daim bizə qarşı fərqli təxribatlar, provakasiyalar törədirdi və müzakirə prosesinin müxtəlif dövrlərində biz bunu görürdük. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat, provakasiya törədilirdi, bizə, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu”,-İlham Əliyev deyib.

Dövlət başçısı əlavə edib ki, İkinci Qarabağ müharibəsindən əvvəl - iyul və avqust aylarında da Ermənistanın buna oxşar hərbi təcavüz həyata keçirib:

“İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi. Bildiyiniz kimi, ondan sonra - sentyabr ayında yenə də bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur. Bunun nəticəsində müharibənin ilk günündə bizdə mülki əhali və hərbçilər arasında itkilər, şəhidlər olmuşdur. Təbii ki, artıq buna son qoyulmalı idi və qoyuldu”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi