azia.az
azia.az

"YARA SAĞALASI OLSA, TƏBİB QƏNŞƏR OLAR"- El deyimi

28-08-2020, 15:26

Bu fikir bir həyat gerçəkliyimi, yoxsa təbiblərə təsəlli qarışıq edilən inamın təzahürümü bilmirəm. Təkcə onu bilirəm ki, bu fikir həqiqətlərdən yoğrulmuş,gerçəkliklərdən mayalanmış, Tanrı inamından nurlanmış bir deyimdir.
Bu təzadlı fikirlərə aydınlıq gətirmək üçün, yaranın sağalması üçün təbibin qənşər gəlməsinin həyati zərurət olduğuna inam yaratmaq məqsədi ilə bir təbib ömründən danışacağam. Elə bir təbib ki, peşəsi elmdən, bilikdən, ağıldan, şəxsiyyəti, mənliyi isə əxlaqdan, ədəbi ərkandan, insanlıqdan mayalanıb. Elə bir loğman ki andı, susmayan vicdanı nəmli gözlərə, ağrılı ürəklərə şəfa gətirən, məlhəm olan cərrah bıçağıdır.

Nədəndir, bilmirəm, həmişə düşünürdüm ki, müəllimlikdən çətin peşə yoxdur. Mənə belə gəlirdi ki, həyatda tərbiyə etməkdən çətin heç bir şey yoxdur. Amma həyatımda rastlaşdığım bəzi məqamlar bütün düşüncələrimi dəyişdi. Düşünməzdim ki, şahə qalxan dilsiz-ağızsız ağrıları cilovlamaq, ipə-sapa yatmayan şıltaq xəstəliklərin nazını çəkmək nadinc şagirdləri tərbiyə etməkdən qat-qat çətin imiş!
İlahi, sən özün köməyim ol, duygularımı, düşüncələrimi insan dilinə çevirə bilim. Təbiblərin tək bircə gününü yaşaya bilim. Bu səhhət keşikçilərinin bircə gününü Kamandar həkimin şəxsində tərənnüm edə bilim.

Həkim! Amma bilmirəm, bunun üçün mən sizdən icazə almalı idimmi?! Nə isə, məni bağışlayın.

Çox yaxınlarımdan bir nəfər əməliyyat olunmalı idi. Əməliyyatı Kamandar həkim aparmalı idi. Növbəmizi gözləyirdik. Gözləyənlər çox idi. Hamı bir-birinə təsəlli verirdi. "Kamandarın barmaqları qızıldır", "Onun barmaqlarına qurban olum", "Allah ömrümdən kəsib Kamandarın ömrünə calasın" deyənlər də var idi.
Gözləməkdən səbrim tükəndi. Cərrahın otağının yerini soruşub ora getdim. Qapıya yaxınlaşanda həzin bir musiqi eşitdim, "deyəsən içəridən gəlir" deyə düşündüm. İcazə alıb qapısını açdım. Sən demə həkim əməliyyatdan çıxıbmış, indi yorğunluğunu çıxarırdı : bəlkə də Tanrı ilə danışırdı. Rəbbimdən özünə güc-qüvvə, xəstəsinə sağlıq diləyirdi. Eqoistliyimdən utandım və həkimə hiss etdirmədən geri qayıtdım. "Biz niyə bu qədər insafsızıq?" deyə düşündüm.
Əməliyyatımız çox uğurlu oldu. Dualar, yalvarışlar cərrahımızın ən böyük mükafatı oldu. Mən də dualar etdim. Bir Tanrım eşitdi, bir də özüm.

Allah Sizi qorusun, həkim! O dəlisov xəstəlikləri, ölüm saçan ağrıları özünə ram edən cərrah bıçağınız heç zaman titrəməsin! AMİN! Bütün insanların əlacı və çarəsi olun! Tanrı sizə yar olsun!

Həkim, mən şair deyiləm. Amma bu sətirləri neçə ildir ki, yazmışam. Yəni o yaxınlarımın yanında sizin xəstəxanada qalarkən mən Sizi belə tanıdım :

"YARA SAĞALASI OLSA, TƏBİB QƏNŞƏR OLAR"- El deyimi
Bir həkim tanıyıram loğman adında,
Bir təbib tanıyıram vicdan andında.
Bir cərrah tanıyıram insan haqqında,
Bir insan tanıyıram Haqqın yolunda,
Bir ünvan tanıyıram əlacım adında!

Çarəm adında İnsanların əlacı olmaq, çarəsi olmaq onların Tanrıdan borc etdiyi ömür payını yarıda kəsilməkdən qorumaq, onu cilalamaq Rəbbin Sizlərə ən böyük mükafatı deyilmi?!
Mən də sizin bu insanlıq məziyyətlərinizi Həzrət Əlinin bu kəlamları ilə dəyərləndirirəm.

Ağıl kimi dövlət,
Xoş xasiyyət kimi dost,
Ədəb kimi miras,
Əxlaq kimi rəhbər,
Elm kimi sərvət yoxdur.

Əhsən bu xüsusiyyətləri özündə cəmləşdirən şəxslərə!

Loğman həkimim

Allahım şəfamı əlinlə verdi,
O gülər üzünlə, qəlbinlə verdi.
Sənin vicdanınla, elminlə verdi,
Sən bir nur təbibsən, uzman həkimim!
Kamandar həkimim, loğman həkimim!

Əlimi həyatdan üzdüyüm anda,
Sən bir ağ xalatda, bir ağ inamda.
Məni ölümlərdən alırdın onda.
Sevindi dostlarım, doğmam, həkimim!
Kamandar həkimim, loğman həkimim!

Yaşa sənətinlə, sən yaşa var ol.
Sənindir dualar, sənindir bu yol.
Alqışlar, dualar ucalır bol-bol...
Keçsin ovsanata, loğman həkimim!
Kamandar həkimim, loğman həkimim!

Qazax sakini Gülnar Osmanova.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi