DOLABDA QALAN QIRMIZI DON
HƏQİQƏT ŞÜKÜROVA,
Kəlbəcər rayon 23 saylı tam
orta məktəbin direktoru
Qırmızı donu paltar dolabında asılı idi, anam ölərkən.... Bu don bütün həyatı boyu geyindiyi köhnə paltarlarının arasında çox gözəl görünürdü. Məni çağırmışdılar, anamı gördüyüm anda çox ömrünün qalmadığını anlamışdım. Qırmızı donu görüncə: “Anacan, nə gözəl dondu bu belə, amma heç əynində görməmişəm” dedim. “Heç geyinməmişəm ki, onu” dedi yavaşca...
“Otur yanıma, qızım, əgər bacara biləcəmsə sənə bir dərs vermək istəyirəm, ölmədən öncə” dedi. Yatağın yanına əyləşdim. Anam bir xəyala daldı, heç təxmin belə etməyəcəyim dərin bir xəyala. Sonra birdən mənə baxıb danışmağa başladı...
-Çox vaxtım qalmadı, amma artıq bəzi şeyləri görə bilirəm. Sizə doğru şeyləri öyrətdiyimi düşünərkən çox yanlış şeyləri öyrətdiyimi indi anlayıram. - O nə sözdü axı, anacan, deyirsən? -Sus, qızım, məni dinlə. Hər zaman yaxşı bir qadının ilk öncə özünü düşünməmisinin lazım olduğunu öyrəndim. Həmişə başqalarını düşünməliydim, özümdən öncə. Onun-bunun, hər zaman başqalarının istədiklərini etməliydim hər şeydən öncə. Mənim istəklərim isə həmişə başqalarının istəklərinin altında əzilib qaldı. Bəlkə günün birində mənim istəklərim də gerçək olacaqdı, amma ömrüm artıq bitir və o gün heç gəlmədi. Bütün həyatım beləcə keçdi, fədakarlıqla-- atan üçün, qardaşların, bacıların və sənin üçün etdiyim fədakarlıqla. - Hə, ana, bir ananın edə biləcəyi hər şeyi etdin bizim üçün. -Ahh.. qızım ya sənin ya da onlar üçün etdiklərimin heç bir faydası olmadı. Məni anlamırsanmı? Sizə səhvlərimin ən böyüyünü etdim. Özüm üçün heç bir zaman bir şey istəmədim. Atan indi yan otaqda hirslənmiş halda divarlara baxır. Həkim ona öləcəyimi söylədikdən sonra yanıma gəldi və məni ölmədən öncə öldürdü. “Ölə bilməzsən sən.... Eşidirsənmi məni...??? Sən ölüncə mən necə olacam??” dedi...
Hə çox çətin olacaq bilirəm. Mətbəxdə tavanın harada olduğunu belə bilməz. Və sizlər- uşaqlarım, həmişə sizin üçün nəsə bir şeylər etdim. Həftənin yeddi günü evdə həmişə ən gec yatıb ən tez qalxan mən oldum. Yanıq çörəkləri və ən az yeməyi həmişə mən yedim. Bir qadının fədakarlıq etməkdən başqa bir işinin olmadığını, hətta fədakar olmazsa, o qadının var olmadığını öyrətdim sizə. Yığdığım hər qəpiyi geyimlərinizə, kitablarınıza xərclədim, çox zaman gərək olmadan belə. Həyatım boyu bir dəfə alış-verişə çıxıb özüm üçün bir şeylər almadım. Sadəcə keçən il gördüyün o qırmızı donu aldım. Yığdığım 20 manatım var idi... “soyuducunu təmir etdirəcəm o pulla” dediyim zaman böyük bir paketlə qayıtdım evə, atan çox üzdü, qırdı tökdü o gün məni. -“Belə bir donu hara geyinəcən ki?? Operayamı gedəcən yoxsa???” Düşündüm haqlıdı. Bir dəfə də geyinmədim o donu, mağazada yoxlamaq üçün geyinməkdən başqa. Qızım, əgər bu dünyada özümü düşünmərəmsə, o biri dünyada xoşbəxt olacağımı sanırdım. Amma artıq inanmıram buna. Məncə Tanrı istədiklərimizi bu dünyada elə indi gerçəkləşdirməmizi istəyir bizdən.
Qızım, əgər indi bir möcüzə olsa, mən bu yataqdan qalxa bilsəydim tam fərqli bir qadın olardım. Amma mən payıma düşən ömrümü bu cür boşa yaşadım. Bəlkə çətin olardı öyrənməm, amma öyrəndim, qızım, öyrəndim.
Anamın mənə sons özləri bu oldu: -Qızım, mənim yolumla getmə, söz ver mənə.
Anama söz verdim. Anam isə həyatını bitirdi, son nəfəsini verdi.
Haşiyə: Mən çox sevdiyim bir rəfiqəmi xatırladım... 20 illik evlilik həyatını xəyanət səbəbiylə bitirməyə hazır olarkən yanındaydım, ağlayırdı.
“Bilirsənmi mən niyə ağlayıram“ dedi..? -“İyirmi ildi hər gün plov bişirdim, evdəkilər sevir deyə. Bir gün sadə, bir gün südlü, bir gün qavlamalı, bir gün kişmişli ... Bir gün belə olsun lobyalı plov bişirmədim, amma lobyalı plov mənim ən sevdiyim plov idi... “