"Gizlətməyə dəyməz, "Qarabağ" çempiondur" - Samir Abasov
"Gizlətməyə dəyməz, "Qarabağ" çempiondur" - Samir Abasov
"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXIV tur matçından - "Səbail"lə səfər oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Xəbər verilir ki, o, komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmanı belə dəyərləndirib:
"Kubokun cavab oyununa bir az gümrah çıxmaq istəyirdik. Əfsuslar olsun ki, alınmadı. Məcburiyyətdən çox qaçdıq. Futbolçuları da başa düşürəm. Üzərimizdə psixoloji təzyiq var idi.
İlk məqsədimiz qələbə qazanaraq uğurlu seriyanı davam etdirmək idi. İkinci məqsəd isə görüşə tam heyətlə çıxmaq idi. Təəssüf ki, Sezar Meza Kolli, İvan Brkiç, Voyislav Stankoviç, Mert Çelik kimi oyunçular zədələdirlər. Onların olmaması komandaya təsir etdi. Həmin futbolçuların "Zirə"yə qarşı ölkə kubokunun cavab görüşündə iştirakı da sual altındadır. Düşünürdük ki, oyun yaxşı gedərsə, bəzi futbolçuları matçın gedişində dəyişib onlara istirahət verərik. Bu da alınmadı. İkinci hissədə azlıqda qaldıqdan sonra həddən artıq çox təzyiqlə üzləşdik.
Meydanda 10 və ya 11 nəfərlə qalmağın fərqi yoxdur. Sona qədər mübarizə aparmaq lazımdır. Əsas odur ki, bu gün də uğurlu seriyanı davam etdirdik. Başqa çıxış yolumuz yoxdur. Yolumuza davam edirik. Bəzi zədəlilərimiz təkrar müayinədən keçəcəklər. Onlardan cavab gözləyirik. Ehtiyat oyunçular skamyamıza baxsanız, görərsiniz ki, vəziyyətimiz ürəkaçan deyil.
"Qarabağ" artıq çempiondur. Bunu gizlətməyə dəyməz. Çünki iki komandanın digərlərinə qarşı oyunu göz önündədir. Mən deməklə deyil. Bu gün heç “Qarabağ”ı düşünmürdük. Yalnız bir məqsədimiz var idi ki, seriyanı davam etdirək, kubok öncəsi əhval-ruhiyyəmiz yaxşı olsun. Əsas heyət üzvlərinin olmamasının komandaya nə qədər təsir etdiyini bilirəm. Çünki öz aralarında da danışırlar”.
Abasov Ömər Buludovun ikinci sarı vərəqə ilə meydandan qovulmasına da toxunub: "Həmin anı oyun epizodu saymıram. “Neftçi”nin futbolçusu belə hadisənin yaşanmasına imkan verməməlidir. Deməli, o qədər təzyiq altındasan ki, passivində bir sarı ola-ola durduğun yerdə rəqibi dartırsan, haqlı olaraq da qırmızı vərəqə alırsan. Futbolçumuz həmin dəqiqə düşdüyü durumu analiz edə bilmirsə, bizə nə qədər çətin olduğunu anlayın”.