MEK əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Heydər Əliyev və Azərbaycan Dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova və şöbənin əməkdaşları bir qrup şəhid ailəsini ziyarət ediblər.
MEK əməkdaşları ilk öncə 44 günlük Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Quliyev Namiq Natiq oğlunun ad günü ilə əlaqədar uyuduğu II Fəxri Xiyabanda onun məzarını ailə üzvləri ilə birgə ziyarət edib, ruhuna dualar oxuyublar. Sonra əməkdaşlar şəhidin vaxtı ilə yaşadığı evə gedərək, onun həyatı, oxuduğu kitablar, sevdiyi filmlər haqqında ailəsi tərəfindən evində təşkil edilmiş muzeylə tanış olublar. Şəhidin anası Gülarə Quliyeva oğlunun bir neçə il Moldovada yaşamasına baxamaraq, Vətəni Azərbaycana daim bağlı olduğunu, M.V.Lomonosov adına Mosкva Dövlət Universitetinin "Kompüter elmləri" ixtisası üzrə ali təhsil aldığını, çox savadlı, dünyagörüşlü, vətənpərvər ruhda böyüdüyünü vurğulayıb. Şəhidin anası onlara dövlət tərəfindən göstərilən yüksək qayğıdan da danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il və 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən Namiq Quliyevin ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilməsini onun əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirib. Vətəndaşların da onlara tez-tez baş çəkərək ziyarət etdiklərini, diqqətdən kənarda qalmadıqlarını böyük ruh yüksəkliyi və qürurla bildirib. Həmçinin oğlu Namiqin oxuduğu və sevdiyi kitablardan MEK-ə hədiyyə edib, mənəvi dəstək üçün təşəkkürünü bildirib.
Şöbənin əməkdaşları 44 günlük Vətən müharibəsinin başlandığı ilk gündən könüllü kimi döyüşlərə qoşulan və Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Müslümov Elşən Habil oğlunun da ailəsini ziyarət ediblər. Şəhidin ailə üzvləri Elşən haqqında xoş xatirələrindən, göstərdiyi igidliklərdən danışıblar, həmçinin onlara dövlətin göstərdiyi diqqət və qayğıdan razılıq ifadə ediblər. Sözün əsl mənasında muzeyə çevrilən şəhidin vaxtı ilə yaşadığı evdə onun cəmi 6 ay üzünü gördüyü qızı Elnaz Müslümova da mehriban simasıyla MEK əməkdaşlarını qarşılayıb. Vətən müharibəsi şəhidinin anası oğlunun əziz xatirəsinə həsr olunmuş kitabı MEK-ə hədiyyə edib və şəhidlərin xatirəsinin daim əziz tutulduğu üçün hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Heydər Əliyev və Azərbaycan Dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova görüş əsnasında Azərbaycanın azadlığı uğrunda gedən döyüşlərdə igidlərimizin öz canları, qanları bahası ilə vuruşaraq, müqəddəs borclarını şərəflə yerinə yetirən və həmin oğulları böyüdən analara minnətdarlıq edib. Şöbə müdiri MEK rəhbərliyi adından şəhid ailələrini Mərkəzi Elmi Kitabxananın I Qarabağ savaşı, Aprel və Tovuz döyüşlərinin, 44 günlük Vətən müharibəsinin şəhid, qazi və iştirakçılarının igidlikləri haqqında məlumatların sistemli şəkildə toplanıldığı “Qarabağ müharibəsi qəhrəmanları” fonduna dəvət edib.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]