Şəhid ailələrinin üzvləri MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) bu yaxınlarda istifadəyə verilən “Qarabağ müharibəsi qəhrəmanları” fondunu şəhid ailələrinin üzvləri ziyarət ediblər.
Görüşdə 2020-ci ildə İkinci Qarabağ müharibəsində Xocavənd istiqamətindəki döyüşlərdə şəhid olan Fuad Məmmədovun və Adil Əfəndiyevin, Füzuli döyüşləri zamanı şəhid olan Sahib Məmmədovun, Şuşa döyüşləri zamanı şəhid olan Məmmədhəsən Sadıqlının və Tural Məmmədovun, Zəngilan döyüşləri zamanı şəhid olan Daşqın Rzalının, Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan Taleh Zamanovun yaxınları iştirak ediblər.
Şəhid ailələri görüş zamanı fondda Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, 50-ə yaxın müharibə iştirakçılarının fotoşəkillərindən ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrlə tanış olub, 600-dən artıq şəhid, qazi və müharibə iştirakçılarının həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar.
Şəhid ailələrinin üzvləri onlara göstərilən hərtərəfli dövlət qayğısından danışıblar. Həmçinin şəhidlərimizin həyatı və keçdiyi döyüş yolu barədə xatirələri bölüşüb, onların şəxsi kitablarını MEK-ə hədiyyə ediblər. Cəmiyyət arasında vətənpərvərlik hisslərinin aşılanması və Vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın ictimaiyyətə daha yaxından tanıdılması baxımından fondun çox əhəmiyyətli olduğunu vurğulayaraq, onların adlarını əbədiləşdirmək istiqamətində MEK-in təşəbbüsünü yüksək qiymətləndiriblər.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]