7 dəfə sui-qəsd cəhdi ilə qarşılaşan, 12 uşaq atası olan prezident – Ramzan Kadırov haqqında ən maraqlı faktlar
Ramzan Kadırov Çeçenistanda keçirilən prezident seçkilərində qalib gəlib. Çeçenistan Mərkəzi Seçki Komissiyası onun 99,7 faiz səs topladığını açıqlayıb.
Siyasi müstəvidə fərqli bir siyasətçi kimi tanınan Ramzan Kadırov yaxın günlərdə 44 yaşını qeyd edəcək.
Musavat.com çeçen lideri haqqında maraqlı faktları təqdim edir:
Doğum tarixi: 5 oktyabr 1976-cı il
Doğum yeri: Çeçenistanın, Tsentoroi şəhəri
Təhsili ali, Maxaçkala Biznes və Hüquq İnstitutu. O, həmçinin namizədlik və doktorluq dissertasiyaları da müdafiə edib.
Çeçen lideri uşaqlıq və yeniyetməlik illərindən hərb elminə və silahlara böyük maraq göstərib.
Ramzan Kadırov boks üzrə idman ustasıdır. O, Çeçenstanın Boks Federasiyasına rəhbərlik edir.
Ramzan Kadırov həm də futbol həvəskardır. Çeçen lideri 2011-ci ildə Braziliya yığmasının qapısından iki top keçirib. Həmin il Braziliya yığmasının 2002-ci il heyəti Qroznıda yerli “Terek” komandası ilə görüş keçirib.
Çeçen lideri həmçinin “Terek” futbol klubunun prezidentidir. 2017-ci ildən komanda “Axmat” adını daşıyır.
Üzr istəməyi xoşlamayan Ramzan Kadırovu kimdənsə üzr istəməyə də futbol məcbur edib. “Terek” və “Rubin” futbol klublarının qarşılaşmasında çeçen lideri əsəblərinə hakim kəsilməyərək birbaşa mikrafondan hakimi satılmış hakim və keçi adlandırıb. Bu hadisə internetdə paylaşıldıqdan sonra Ramzan Kadırov üzr istəyib və bunu qatı futbol azarkeşi olduğu ilə əlaqələndirib.
Ramzan Kadırov 2015-ci ildə yeddinci dan qara kəmərə sahib olub.
Çeçenistan prezidenti cəmi bir gün Rusiya Jurnalistlər İttifaqının üzvü olub. Belə ki, ittifaqın Çeçenistan bölməsi onu üzvlüyə qəbul edib. Səhəri gün Moskvada ittifaqın katibliyi bunu nizamnaməyə uyğun saymayaraq çeçen liderini üzvlər siyahısından çıxarıb.
Çeçen lideri 2017-ci ildə sosial şəbəkələrdə paylaşdığı videoda 50 kiloqramlıq ştanqı 50 dəfə qaldırmağını nümayiş etdirib.
Çeçenistan prezidenti İnstaqramda olduqca fəaldır. Onun şəxsi səhifəsinin 3 milyon izləyicisi var.
Ramzan Kadırov zəngin saat kolleksiyasına malikdir. Bu kolleksiyadakı bütün saatlardan daha çox, çeçen lideri üçün ən qiymətli saat valideynlərinin ona bağışladığı qol saatıdır.
Prezidentin həmçinin avtomobil kolleksiyası da var. Onun şəxsi qarajındakı ən bahalı maşın qara rəngli, qiyməti 450 min avro olan “Ferrari Testarossa” olub ki, Kadırov bu maşını sataraq onun pullarını xeyriyyəçilik işlərinə xərcləyib.
Ramzan Kadırov şəxsi zooparka da sahibdir. Onun zooparkında nadir heyvanlara, o cümlədən şirə, pələngə, ayıya, canavara və digər yırtıcılara da rast gəlmək olar.
Çeçen lideri öz həmkəndlisi Mədni Aydəmirova ilə ailə həyatı qurub. Onlar hələ məktəb illərindən tanış olublar. Çütlüyün 4 oğlan, 6 qız övladı var. Bundan başqa Ramzan Kadırov 2007-ci ildə kimsəsiz uşaq evindən iki nəfəri rəsmi olaraq oğulluğa qəbul edib.
Ramzan Kadırovun dövlət təltiflərinin sayı 60-dan çoxdur. Bu təltiflərin arasında “Rusiya Federasiyası Qəhrəmanı” xüsusi yer tutur. Çeçen lideri bu ada 2004-cü ildə layiq görülüb.
Çeçen lideri milli mətbəxə və sağlam qidaya daha çox üstünlük verir.
Ramzan Kadırovun ən çox sevdiyi yazıçı çeçen ədəbiyyatının klassiki sayılan Abuzər Aydəmirovdur.
Ramzan Kadırovun təşəbbüsü və səyi nəticəsində Qroznıda dünyanın ən böyük fəvvarə kompleksi yaradılıb. Layihənin qiyməti 60 milyard rubldan artıq olub.
Ramzan Kadırova qarşı ən azı (məlum olan) yeddi dəfə sui-qəsdə cəhd olunub. Onun avtomobilini partlatmaq, güllələmək, hətta oğurlamaq istəyiblər. Kadırovun Avstriyaya qaçan mühafizəçilərindən biri Umar İsrailov bildirib ki, çeçen liderində 300 nəfərin adı olan şəxsi düşmənlərinin siyahısı var.
Çeçen lideri dünyanın tanınmış idman və incəsənət xadimləri ilə dostluğa böyük həvəs göstərir. Bu baxımdan bir çox tanınmışlar mütəmadi olaraq Çeçenistanda qonaq olurlar.
İlham Cəmiloğlu, Musavat.com