Navalnısız parlament seçkiləri – Rusiyada mandatlar necə bölünəcək?
"Rusiya klassik, avtoritar MDB ölkəsidir. Prinsipcə Rusiyada keçiriləcək parlament seçkilərinin Türkmənistan və ya Özbəkistanda keçirilən ənənəvi seçkilərdən heç bir fərqi olmayacaq”.
Bu sözləri Azia.az-a siyasi analitik Turab Rzayev Rusiyada keçiriləcək parlament seçkiləri ilə bağlı danışarkən deyib.
Analitikin sözlərinə görə, digər avtoritar ölkələrdə olduğu kimi, Rusiyada da parlament seçkilərindən öncə iqtidar partiyası, müxalifət partiyaları müəyyənləşir və parlamentdə kimə nə qədər yer veriləcəyi təyin edilir:
"Rusiyada parlament seçkiləri digər MDB ölkələrindən fərqli olaraq, vizual da olsa daha dinamik keçir. Belə ki, seçki sonrası biz parlamentdə həm Rusiya Kommunist Partiyası, həm də Jirnovskinin Rusiya Liberal Demokrat Partiyasının nümayəndələrini görə bilirik. Budəfəki parlament seçkilərinin də fərqli nəticəsinin olacağını gözləmirəm. Ənənəvi olaraq birinci yer Hakim Vahid Rusiya Partiyasına, ikinci və üçüncü yer isə ya Jirnovskinin Rusiya Liberal Demokrat Partiyası, ya da Kommunist Partiyasına veriləcək.
Təbii ki, digər partiyalara da müəyyən yerlər veriləcək. Misal üçün Yabloko (alma) blokuna və ya mərhum Heydər Camalın İslam Partiyası kimi partiyalara da yerlər veriləcək. Ancaq bunlar belə mövcud seçkilərin nəticələrinə təsir etməyəcək. Çünki hamısı idarə altında olan partiyalardır”.
Siyasi analitik qeyd edib ki, nə kommunistlər Zuqanovun dövründəki kommunistlərdir, nə də Jirnovski ciddi rəqib deyil:
"Düzdür, 90-cı illərdə Rusiya Kommunist Partiyası Zuqanovun rəhbərliyində kifayət qədər güclü idi, lakin bu gün biz onların da iqtidarla müəyyən ortaq məxrəcə gəldiyini, hətta onları dəstəklədiyini görürük. Jirnovskiyə gəldikdə isə onun da parlament seçkilərində veriləcək yerlərdən artığını istəyəcəyini düşünmürəm. İndiki halda Rusiyada Prezident Putinə, mövcud iqtidara rəqib olacaq şəxs Navalnıdır. Lakin Navalnının həbsdə olması onun seçkilərə qatılma şansını sıfıra endirir. Əgər Navalnı azadlıqda olsaydı, bu zaman biz daha maraqlı və fərqli seçkilərin şahidi ola bilərdik”.