Britaniya, İtaliya və Fransa hələ də koronavirusdan qurtula bilmir
Britaniya, İtaliya və Fransa hələ də koronavirusdan qurtula bilmir
Böyük Britaniyada son 24 saat ərzində koronavirusdan daha 315 nəfər ölüb. Bununla da ğlkə üzrə yeni virusdan dünyasını dəyişənlərin ümumi sayı 28446 nəfərə çatıb.
Azia.az bildirir ki, bu barədə Britaniya Nazirlər Kabineti Katibliyinin rəhbəri Maykl Qouv mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, şənbə günündən bu günə 621 ölüm hadisəsi qeydə alınıb.
M.Qouv əlavə edib ki, son sutkada yeni aşkar olunan yoluxma hallarının sayı 4339 nəfər artaraq 186599-a çatıb.
İtaliyada da son sutka ərzində infeksiyadan ölənlərin sayı artıb.
Ölkənin Mülki Müdafiə Departamentinin yaydığı məlumata görə, son 24 saatda daha 174 nəfər koronavirusdan dünyasını dəyişib və pandemiya qurbanlarının sayı 28 min 884-ə çatıb. Göstərilən müddətdə daha 1740 xəstə sağalaraq evə buraxılıb. Beləliklə, virusa qalib gələn italiyalıların ümumi sayı 81 min 654 nəfər olub.
Fransada isə son sutkada koronavirusdan daha 135 nəfər ölüb. Bu o deməkdir ki, dünyasını dəyişənlərin ümumi sayı 25 minə yaxınlaşır.
Fransa Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkə üzrə ümumilikdə 92799 nəfər xəstəxanaya yerləşdirilib. Onların 50784 nəfəri sağalaraq evə buraxılıb. Martın 1-dən etibarən Fransada koronavirusla bağlı 24895 ölüm hadisəsi qeydə alınıb.
Qeyd edək ki, hazırda xəstəxanalarda 25815 nəfər müalicə alır.