Avtomobil gətirənlərə bəd xəbər - Qərar DƏYİŞDİ
Nəqliyyatda istifadə edilən yanacaqlar üzrə Avro standartlarının tarixi ekoloji amillərlə bağlıdır və hazırda dünyada elektrik mühərrikli və təbii qazla işləyən (CNG) avtomobillərə marağın artması da ekoloji faktordan qaynaqlanır. Bu baxımdan karbürator tipli mühərriklərin dövrü uzun zaman davam edə bilərdi, əgər gündəmə ekoloji məsələlər gəlməsəydi.
Bu ilin mart ayında Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minib.
Belə ki, gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin də ölkəyə idxalı məhdudlaşdırılacaq. Avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov Referans.az-a bildirib ki, yeni qərar avtombil bazarında qiymətlərin artmasına səbəb olacaq:
“Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəyə gəlişinə məhdudiyyət qoyulcaq. Ümumiyyətlə, bu məhdudlaşdırma lazım idi. Çünki nəqliyyat vasitələri ölkədə həddindən artıq çox olduğu üçün yollarda intensivlik artır və tıxaclar əmələ gəlir. Yol hərəkətinin təhlükəsizliyi haqqında xüusi proqram var idi. Həmin proqramda da bildirilmişdi ki, köhnə avtomobillərin ölkədə sayı azaldılmalıdır. Amma bu proqramın icra mexanizmi olmadı. Buna görə də, ölkədə köhnə avtomobillərin azaldılması ilə yenilərinin gətirilməsi pralel olmalıdır”.
Ekspert qeyd edib ki, hazırda ölkədə dizel və benzin mühərriklə işləyən avtomobillərin istehsalı və təmirinə maraq kifayət qədər çox olduğu üçün elktromobillərin ölkəyə gətirilməsi uzun müddət çəkəcək. Onun sözlərinə görə, qiymət artımı bu sahəyə təsir etməlidir qaçınılmazdır: “Müəyyən müddətdə nəqliyyat vasitələrinin qiymətində artım da ola bilər. Əsas məsələ yol hərəkəti sahəsində təhlükəsizliyin təmin edilməsidir. Ümumi ictimai nəqliyyatın hərəkətində dəyişiklik olmalıdır”.
İqtisadçı ekspert Xalid Kərimli isə bildirir ki, artıq bu qərarın təsirini bu ildən etibarən hiss etməyə başlamışıq:
“Qayda bu ilin mart ayından verilib. Nazirlər Kabinetinin qərarına əsasən istismar müddəti 10 ili keçən avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulmasıdır. Bunun təsirini biz artıq bu ildən hiss edirik. Məsələ ondan ibratədir ki, 2023-cü ildə və ya avtomobillərin son bir neçə ayda ölkəyə gətirilmə statistikasına baxsaq, Azərbaycana daha çox yeni avtomobillər gəldiyinə görə ölkəyə idxal olunan avtomobillərin dəyərində də artım olduğunu görərik. Çünki köhnə və daha ucuz avtomobillərin gəlişi qadağan edilib”.
İqtisadçı qeyd edib ki, hər hansı məhdudlaşdırıcı qayda bazarda qiymətlərin bahalaşmasına gətirib çıxarır. Onun sözlərinə görə, bazar tələb və təklif əsasında formalaşır və bu məhdudiyyət bazarda qiymətlərin dəyişməsinə səbəb olur: “Tələb ölkə əhalisinin tələbidir, təklif dəyişdikcə də qiymətlər ona uyğun tənzimlənir. Bizdə bunu müşahidə etdik ki, ötən ildən köhnə avtomobillərin bazara gəlməməsi avtomobil bazarında orta avtomobil alış dəyər qiymətini artırıb. Bunun da səbəbi odur ki, köhnə və ucuz avtomobillərin sayı azaldıqca qiymətələrə də təsir göstərir”.
Ekologiyaya təsiri minimallaşdırmağa çalışırlar. Bu da kifayət qədər əsaslı səbəbdir. Eyni zamanda bu qərarı təhlükəsizlik və istismar məsələləri ilə əlaqələndirirlər. Qərarı iqtisadi yox, daha çox ekoloji və təhlükəsizlik baxımından əsaslandırırlar. Amma iqtisadiyyata da təsirsiz ötüşməyəcək – deyə Xalid Kərimli əlavə edib.
Aqil Qarayev