“Çip diplomatiyası”: Paşinyan sülhə 5 milyard dollara görə razılaşıb?
“Azərbaycanla sülh Ermənistan hökumətinin ən vacib vədidir və Baş nazir Nikol Paşinyanın bunu yerinə yetirmək üçün xalqdan açıq bir mandat alıb”.
“Cebheinfo.az”-ın “Armenpress”-ə istinadən məlumatına görə, Baş nazirin sözçüsü Melaniya Harutyunyan bunu "The Wall Street Journal"-a verdiyi müsahibədə deyib.
O, nəşrin ABŞ-nin iqtisadi və texnoloji təkliflərinin Ermənistan-Azərbaycan sülh razılaşma prosesindəki rolu ilə bağlı məqaləsini şərh edib.
O, həmçinin qeyd edib ki, ötən ilin avqust ayında Vaşinqtonda imzalanan ikitərəfli sənədlər, o cümlədən yarımkeçiricilər və süni intellekt sahələrində anlaşma memorandumu, sülh prosesi nəticəsində Ermənistan üçün yaradılan mühüm imkanları təmsil edir.
“The Wall Street Journal” qəzeti danışıqlarda iştirak edən mənbələrə istinadən bildirib ki, amerikalı danışıqçılar Ermənistanın aparıcı “Nvidia” süni intellekt çiplərinə çıxışını genişləndirmək vədini Ermənistan və Azərbaycan arasında ilkin sülh razılaşmasına nail olmaq üçün iqtisadi stimul kimi istifadə ediblər.
Jurnal bu yanaşmanı ABŞ administrasiyasının “çip diplomatiyası”nın ən bariz nümunələrindən biri kimi təqdim edib. Nəşrin fikrincə, texnoloji təkliflər digər ölkələrlə iqtisadi razılaşmalar əldə etmək üçün istifadə olunsa da, Ermənistan məsələsində onlar həm də sülh prosesini asanlaşdırmaq məqsədinə xidmət edib.
Buraya Hrazdanda tikilən “Firebird” süni intellekt məlumat mərkəzi üçün flaqman “Nvidia” çiplərinin ixracına icazələr daxildir. Qəzet qeyd edir ki, layihənin ümumi dəyəri 5 milyard dolları keçə bilər. Mərkəzin təxminən 70.000 “Nvidia Grace Blackwell” və “Vera Rubin” serverləri ilə təchiz edilməsi planlaşdırılır.
“Firebird”-in təqdimatında Baş nazir Nikol Paşinyan bunu böyük bir nailiyyət adlandırıb. O, ötən il imzalanan, Ermənistan və ABŞ arasında texnologiya, ticarət sahəsində əməkdaşlığı genişləndirən memorandumu xatırladaraq ABŞ Prezidenti Donald Trampın rolunu vurğulayıb.
"Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ-nin danışıqlar qrupu Ermənistana ABŞ ilə daha sıx iqtisadi münasibətlər və müasir texnologiyalara çıxış təklif olunarsa, sülh prosesinin gücləndirilə biləcəyinə inanıb.
Qəzet, həmçinin ABŞ-nin xüsusi elçisi Stiv Vitkoffun komandası tərəfindən 2025-ci ilin iyun ayında hazırlanmış sənədə istinad edib. Sənəddə sülh prosesinin bir hissəsi olaraq Ermənistanla ABŞ arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, Ermənistanın texnologiya sektorunun dəstəklənməsi və "Firebird" layihəsi üçün lazım olan çiplər üçün ixrac icazələrinin verilməsi nəzərdə tutulub.
"Firebird" əvvəlcə təxminən 6000 qrafik emal vahidi üçün ixrac icazələri üçün müraciət edib. "Wall Street Journal" qəzetinin məlumatına görə, Ermənistan və Azərbaycan arasında ilkin razılaşmadan sonra Amerika tərəfi onminlərlə flaqman “Nvidia” GB300 prosessorunun tədarükünə icazə verməyə razılaşıb.
Xəzər