DAŞKƏSƏNDƏ 2018-SOSİAL-İQTİSADİ İNKİŞAF YEKUNU VƏ 2019-QARŞIDA DURAN VƏZİFƏYƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİB
Azia.az-a verilən məlumata görə:Fevralın 27-də Daşkəsən rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Daşkəsən rayonundan Milli Məclisə deputat seçilmiş millət vəkili Kamran Bayramov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Yığıncaq iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında yığıncaq öz işinə başlayıb. Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib.
O, məruzəsində deyib:
- 2018-ci il də əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri olmuşdur.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında keçən ilin sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə də Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmişdir.
Cari ilin yanvar ayının 29 möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilmişdir.
Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən konfransda giriş və yekun nitqlərində Dövlət Proqramının icrası barədə hərtərəfli məlumat verilərək, perspektivlər müəyyənləşdirilmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr vermişdir. Hazırda həmin istiqamətdə müvafiq işlər görülür.
Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2018-ci ildə uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.
Bildiyiniz kimi, möhtərəm cənab Prezidentimiz fəaliyyətimi yüksək qiymətləndirərək məni Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakıma görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir. Təltif edilməyimə görə Prezident cənab İlham Əliyevə səmimi qəlbdən təşəkkürümü bildirir, fəaliyyətimə yüksək qiymət kimi dəyərləndirir, çox əhəmiyyətli olduğunu başa düşürəm.
Cənab Prezidentimizin göstərdiyi böyük etimadı daşkəsənlilərə olan diqqət və qayğısı kimi qəbul edir və əmin edirik ki, bundan sonra da var qüvvə və bacarığımızla fəaliyyətimizi davam etdirəcəyik. Bir daha Cənab Prezidentə hədsiz minnətdarlığımı və ən xoş arzularımı bildirirəm.
2018-ci ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi 191 milyon 918 min manat olmuş, əvvəlki ilə nisbətən 0,1%, bəzi sahələr üzrə isə xeyli artmışdır.
Ümumi məhsul buraxılışında 2018-ci ildə tikinti üzrə 30476,4 min manat (2017-ci illə müqayisədə 3,2 dəfə çox), nəqliyyat üzrə 3181,7 min manat (2017-ci illə müqayisədə 2,2% çox) olmuşdur.
Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir.
Hesabat ilində rayonda əhalinin sayı əvvəlki ilə nisbətən 211 nəfər artaraq 35 min 213 nəfər olmuşdur.
Daşkəsən rayonunda 820 qaçqın ailəsi (3540 nəfər) və 304 məcburi köçkün ailəsi (915 nəfər) yerləşir. Onlara bir qayda olaraq daim qayğı və diqqət göstərilir.
2018-ci ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 447,4 manat, dövlət mülkiyyətində 384,0 manat, qeyri-dövlət mülkiyyətində isə 1036,1 manat təşkil etmişdir.
Bu göstəricilər əvvəlki ilə nisbətən daha yüksək olmuşdur.
2018-ci ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 105,4 faiz, xərclər üzrə 93,7 faiz yerinə yetirilmişdir.
Hesabat ilində rayon üzrə iqtisadi fəal əhali 20 min 289 nəfər olmuş, onlardan məşğul əhali 19 min 390 nəfərdir.
Cari ildə də rayonda müxtəlif qurumlarda olan müddətli müqavilələrlə müvəqqəti iş yerləri saxlanılaraq müqavilələrin vaxtı uzadılmışdır.
2018-ci il ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da bəzi sahələr üzrə həmin işlər davam etdirilməkdədir.
Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin həyata keçirilməsində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhəri ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur.
Möhtərəm Prezident cənab İlham Əliyev “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalamış, həmin Sərəncama əsasən Daşkəsən şəhəri Alunitdağ qəsəbəsinin içməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına əlavə olunmuş və həmin sahə üzrə müəyyən işlər görülmüşdür.
Güneykənd kənd tam, Daşkəsən qəsəbə, Almalı və Şahvələdli kənd ümumi orta məktəblərində yeni modul tipli məktəb binaları tikilərək istifadəyə verilmiş, Gurbulaq kənd ümumi orta məktəbində isə modul tipli məktəb binasında tikinti işləri davam etdirilir.
Daşkəsən şəhər İ. Nəsimi adına 1 saylı, A. Mürsəlov adına 2 saylı, S.Vurğun adına 4 saylı, Alunitdağ qəsəbə, Qabaqtəpə kənd, Mollahəsənli kənd, Qazaxyolçular kənd tam orta və Tapan kənd ümumi orta məktəblərində, Uşaq Gənclər İdman Şahmat və Uşaq Yaradıcılıq məktəblərində, Xoşbulaq, Yuxarı Daşkəsən və Bayan kənd həkim məntəqələrində təmir işləri aparılmışdır.
15 sentyabr 2018-ci il tarixdən Mərkəzləşdirilmiş Kitabxana Sistemində cari təmir işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir.
Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunmuşdur.
Daşkəsən şəhərinin əsas meydan və küçələrinə yeni asfalt örtüyü salınmışdır.
Şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri aparılmış və hazırda həmin işlər davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində, Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisində son tamamlama işləri yerinə yetirilir.
Qeyd etmək istərdim ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həmin binanın tikintisinə başlanılacaqdır.
Kommunal Müəssisələri Kombinatının maddi texniki bazası möhkəmləndirilmiş, lakin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yüksəldilməsinə, səmərəliliyinin artırılmasına, şəhərin kənar küçələrinin təmizlənməsi, şəhərdən tullantıların vaxtında yığılaraq daşınması və zərərsizləşdirilməsi sahəsində aidiyyəti üzrə əlavə tədbirlər görülməsinə ehtiyac vardır.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 2018-ci il ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülmüşdür. Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur.
İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilmiş, özəl investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılmış, bu sahədə bir sıra layihələr həyata keçirilmişdir.
1 yanvar 2018-ci il tarixdən 1 yanvar 2019-cu il tarixədək rayonda müxtəlif sahələrə 7 sahibkar tərəfindən özəl investisiya qoyulmaqla layihələrin həyata keçirilməsi üçün 640 min manat investisiya cəlb edilmişdir.
Rayona investorların cəlb olunması üçün yerli resursları nəzərə almaqla digər sahələrlə yanaşı turizmin və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi ilə əlaqədar işlər davam etdirilir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayon ərazisində daha çox özəl investisiyanın cəlb olunması üçün aidiyyəti üzrə müvafiq işlər aparır və həmin işlərin icra vəziyyəti daimi nəzarətdə saxlanılır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 118 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdi. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə tutulmuşdu.
Dövlət Proqramının icrası bütün rayonlarda olduğu kini Daşkəsən rayonunun inkişafına böyük təkan vermiş, Dövlət Proqramında Daşkəsən rayonu üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər yerinə yetirilmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə 3 Dövlət Proqramının həyata keçirildiyi son 15 ildə rayon üzrə ümumi daxili məhsulun həcmi pulla ifadədə 16,3 dəfə artmışdır.
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev qeyd etmişdir ki, ”Keçən il regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa çatdı. Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi. Bu proqram bizə imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var. Bu il biz regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Demək olar ki, proqramın əsas hissəsi hazırdır”.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 29 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı Fərman respublikanın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunun da sosial-iqtisadi inkişafında böyük rol oynayacaqdır.
2018-ci ilin 15-17 avqust tarixlərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə “Gəncə-Qazax İqtisadi rayonunda Yerli və Regional İnkişafa dəstək” layihəsi çərçivəsində “Daşkəsən rayonunun sosial-iqtisadi diaqnostikası” adlı seminar keçirilmişdir.
17 dekabr 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Daşkəsən rayonunda torpaqların elektron kadastr uçotu işinin yekun nəticələri və təhlili üzrə təqdimat olmuşdur.
Rayonda kənd təsərrüfatının inkişafı sahəsində bir sıra işlər görülmüşdür.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına Dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarına uyğun olaraq əkin
sahəsinin və çoxillik əkmələrin becərilməsinə sərf olunan yanacaq və motor yağlarına görə Dövlət tərəfindən buğda üçün hər hektar əkin sahəsinə
90 manat, digər əkinlər üçün isə 50 manat hesabı ilə 2018-ci il ərzində aparılmış əkinlərlə bağlı rayon üzrə 12 nəfərə 482,65 ha əkin üçün 32417 manat məbləğində subsidiya verilmişdir.
Rayonda 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.
2018-ci ilin məhsulu üçün 305 hektar sahədə buğda əkilmiş 763 ton məhsul, 59 hektar sahədə isə arpa əkilərək 118 ton məhsul götürülmüşdür.
2018-ci il ərzində rayon ərazisində 1200 hektar sahədə kartof, 59 hektar sahədə kələm, 66 hektar sahədə lobya, 45 hektar sahədə tərəvəz və 101 hektar sahədə yonca əkilmişdir. Əkilmiş sahələrdən 11020 ton kartof, 950 ton kələm, 172 ton lobya və 6 ton tərəvəz bitkiləri istehsal olunmuşdur.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 2018-ci il ərzində 269 baş iribuynuzlu heyvan süni mayalandırılmışdır. Mayalandırılmış heyvanlardan 165 baş bala alınmışdır.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2018-ci il ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir.
Rayon ərazisində 7791 arı ailəsi vardır. Həmin arı ailələrindən 2018-ci il ərzində 12 ton bal istehsal olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2018-ci il tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş hər arı ailəsinə 10 manat subsidiya verilməsi məqsədilə rayonda 174 nəfər olmaqla 4141 arı ailəsi kodlaşdırılaraq aidiyyəti üzrə sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuşdur.
Hesabat ilində rayon ərazisində meşə mühafizəsi bərpası və yaşıllaşdırma sahələri üzrə 0,3 ha tinglik sahəsində səpin işləri aparılmış, 4000 ədəd bəzək və gül kolları əkilmişdir.
Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ləğv olunaraq Meşələrin İnkişafı Departamenti Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi Daşkəsən Meşəbəylikləri yaradılmışdır. Bundan sonra meşə mühafizəsi və bərpası üzrə tədbirlərin həyata keçirilməsi daha səmərəli təşkil olunmalıdır.
Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün müvafiq lazımi tədbirlər görülməlidir.
Rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli, o cümlədən “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin işə salınması əsas vəzifə kimi qarşıya durur. Bütün bu məsələlərin həlli vəziyyəti Rayon İcra Hakimiyyətinin daimi nəzarətində saxlanılır.
“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin işə salınması üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən vaxtaşırı olaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır. Bu müəssisə işə düşdükdən sonra Daşkəsən rayonunda olan işsizlik problemi həll ediləcək və digər qonşu rayonlardan da burada işləməyə gələnlər olacaqdır.
“Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi üzrə müsabiqə komissiyası yaradılmış və müsabiqə komissiyasının iclasları keçirilmişdir.
Keçən il Çovdar Qızıl emalı sahəsi öz fəaliyyətini aidiyyəti üzrə yeni texnologiyaların tətbiqi ilə davam etdirmişdir. 2018-ci il 26 dekabr tarixində həmin sahənin daxil olduğu “AzerGold” QSC-nin rəhbər və işçi heyətinin iştirakı ilə əlvan metalların hasilatı haqqında geniş təqdimat keçirilmişdir. Təqdimat çərçivəsində dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsi, həmçinin geologiya və dağ-mədən işləri və Əməliyyat bölmələrinin əməkdaşları tərəfindən aparılan hasilat işləri, emal prosesi, Çovdar yatağının ehtiyyatları, qızıl çıxımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, 2018-ci ildə 45490 unsiya qızıl və 77340 unsiya gümüş hasil edilib. Bundan əlavə, aparılan optimallaşdırma işlərinin nəticəsi olaraq qırma-ələmə sahəsinin filiz emal etmə gücü saatda 100-150 tondan 200-250 tona çatdırılmışdır. Eyni zamanda, müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30% azaldılaraq hasilatda keçən ilə nisbətən 33% artıma nail olunmuşdur. Laboratoriyada aparılan analizlərin dünya standartlarına uyğunlaşdırılması üçün müasir texnologiya olan PAL 1000 sisteminin istifadəsinə başlanılmışdır.
Hesabat ilində Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni də fəaliyyət göstərərək əhəng daşı istehsalını təmin etdirmişdir.
2018-ci il ərzində Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən 259900 manat həcmində rabitə xidməti göstərilmişdir.
Zəylik, Qaraqullar, Əhmədli, Yuxarı Daşkəsən, Quşçu, Bayan və Dəstəfur kənd ATS-lərində rabitənin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə profilaktiki işlər görülmüşdür.
Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli internet istifadəçilərinin sayının artırılmasına və rayonun kəndlərində əhalinin internetdən istifadə etmələri üçün lazımi şəraitin yaradılmasına ehtiyac vardır.
2018-ci il ərzində “31 nömrəli Yol İstismarı” MMC tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, yolların saxlanması və təmiri üzrə 975,4 min manatlıq iş görülmüşdür.
Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulmasında son tamamlama işləri aparılır.
2019-cu ildə Gəncə-Daşkəsən avtomobil yolunun 27 km-dən ayrılan 20 km uzunluğunda Quşçu qəsəbəsi-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
Elektrik Şəbəkəsi üzrə 2018-ci il ərzində 540,5 min manatlıq iş görülmüşdür. Daşkəsən Elektrik Şəbəkəsi tərəfindən zədələnmiş 5 ədəd müxtəlif güclü transformator dəyişdirilmiş, 32 ədəd 10-6/0,4kV-luq yarımstansiyada və 44,4 kilometr elektrikverici xətlərdə təmir işləri aparılmış, transformatorlara və yağ tutumlu avadanlıqlara 1070 kiloqram transformator yağı əlavə olunmuşdur. 0,4 kV-luq şəbəkənin kabel xətti ilə çəkilməsi üçün 641 ədəd özünü daşıyan izolyasiyalı naqil (ÖİN) üçün metal dayaq basdırılmış, müxtəlif markalı 39768 metr ÖİN kabel çəkilmiş, 347 abonent dayağı quraşdırılmışdır. 35/6 kV-luq “Daşkəsən Filizsaflaşdırma” ASC-yə məxsus yarımstansiyadan çıxan 6 kV-luq Xoşbulaq və 6 kV-luq Dəstəfur hava xətlərinin Elektrik şəbəkəsinə məxsus 110/35/6 kV-luq Daşkəsən yarımstansiyasından qidalandırılması üçün tikintisi dayandırılmış I və II Əhmədli hava xətlərinin tikintisi davam etdirilmiş, 11,5 kilometr ikidövrəli hava xətti 05.02.2018-ci il tarixdə şəbəkəyə qoşulmuşdur. Əhmədli kəndi ərazisində 6 ədəd KRN çala quraşdırılmış və çıxış xətləri üçün 270 metr kabel çəkilmiş, 3 ədəd mufta bağlanaraq 6 Kv-luq Xoşbulaq, 6 Kv-luq Dəstəfur hava xətlərinin 110/35/6 kV-luq Daşkəsən elektrik yarımstansiyasından qidalandırılması təmin edilmişdir.
Hesabat ilində istehlakçılara 19,1 milyon kVt/saat elektrik enerjisi verilmiş, dəyəri 93,3%, əhali qrupu üzrə ödəmə isə 99,5% ödənilmişdir.
Elektrik şəbəkəsinin rəhbərliyi Elektrik şəbəkəsinin yeni müasir tələblər səviyyəsində qurulmasını, elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə daha ciddi tədbirlər görülməsini təmin etməlidir.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 10 yaşayış məntəqəsi təbii qazla təmin olunur.
Azərbaycan Respublikası Prezidentinin 5 mart 2018-ci il tarixli 3749 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri və ərazilərin siyahısında Daşkəsən rayonu üzrə Quşçu və Bayan kəndləri nəzərdə tutulmuşdu. Hər iki yaşayış məntəqəsinin qazlaşdırma işləri sürətlə aparılmış, 27 dekabr 2018-ci il tarixdə rayonun Quşçu və Bayan kəndlərində təbii qaz xətinin açılışı olmuşdur. Hər iki kənd üzrə 1029 abonent, 4466 nəfər əhali təbii qazla təmin edilmişdir.
2019-cu ildə rayonun daha 3 yaşayış məntəqəsinə (Quşçu, Quşçu körpü və Daşkəsən qəsəbələrinə) qaz xəttinin çəkilişi nəzərdə tutulmuşdur. Artıq bu sahədə layihələndirmə işləri başa çatdırılmışdır.
Rayonda istehlakçıların təbii qazla fasiləsiz təmin olunması üçün Qaz Xidmət Sahəsinin rəhbərliyi bundan sonra da aidiyyəti üzrə lazımi tədbirlər görməlidir.
Hesabat ilində Daşkəsən rayon Sukanal idarəsinin rəhbərliyi dəyişdirilmişdir. İdarənin fəaliyyətində bir sıra çatışmazlıqlar mövcuddur. Daşkəsən rayon Sukanal idarəsinin yeni təyin olunmuş rəhbərliyi idarədə mövcud olan çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti üzrə müvafiq tədbir görməlidir. Mədənçilər qəsəbəsinin su kanalizasiya sisteminin yenidən qurulması üzrə
aidiyyəti qurumlarla müvafiq layihə işlənib həyata keçirilməlidir. Sukanal idarəsi Daşkəsən şəhərinin yeni su kanalizasiya sisteminin lazımı səviyyədə istismarını-işləməsini təmin etməlidir.
Bildiyiniz kimi, 24 mart 2018-ci il tarixdə Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət, güclü külək əsməsi-qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin qəsəbə və kəndlərinin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına şəxsi minik avtomobillərinə ziyan dəymişdir. Dəymiş ziyanın nəticələri əsasən aradan qaldırılmışdır.
Təəssüflər olsun ki, yenidən 24 iyun 2018-ci il tarixdə rayon ərazisində təbii fəlakət baş verdi və baş vermiş təbii fəlakət – güclü leysan yağışları (bəzi yaşayış məntəqələrində dolu və küləklə müşahidə olunan) nəticəsində yaranmış sel suları rayonun yol, elektrik, rabitə, qaz təsərrüfatlarına, məktəblərə, mədəniyyət obyektlərinə, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, o cümlədən əkin sahələrinə, avtomobillərinə, ərazidə olan istirahət-ticarət obyektlərinə, yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurmuşdur.
Baş vermiş təbii fəlakət – güclü leysan yağışları nəticəsində yaranmış sel suları rayon ərazisindəki uzun illər (50 ilə yaxın müddətdə) istismarda olan Zağalı su anbarının (su tutumunun həcmi 4 milyon m3 olan), və hidrotexniki tunelin (en kəsiyi 16 m2, uzunluğu 1,7 km) bəzi hissələrinə xeyli ziyan vurmuşdur. Təbii fəlakət nəticəsində Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki obyektlərə daha çox ziyan dəymişdir. Belə ki, sel suları Təzəkənd kəndi ərazisində su keçid körpülərini tamamilə dağıtmış, Xoşbulaq kəndi ərazisində kəndin iki hissəsi arasında olan körpünü, bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdaraq aparmış, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala salmış, bir çox yaşayış evini su basmışdır. Həmçinin Qaraqullar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarmış, hətta bir neçə avtomobili kənddən keçən çay sularının axınına salmışdır. Çoxsaylı yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilmişdir. Sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik transformatorunu sıradan çıxarmışdır. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları avtomobil yollarına tökülmüş, həmin yollarda nəqliyyatın hərəkəti tam dayanmış və yararsız hala düşmüşdür.
Baş vermiş hadisə ilə əlaqədar dərhal Rayon İcra Hakimiyyətində qərargah yaradılmış, aidiyyəti üzrə idarə, müəssisə, xidmət təşkilatlarının, səhiyyə və hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerlərinə baxış keçirmişlər. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən respublikanın aidiyyəti qurumlarının rəhbərlərinə məlumatlar verilmiş, müraciətlər olunmuşdur. Dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə müəyyən işlər görülmüş və həmin işlər davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2018-ci il tarixli 17/17/3278 nömrəli tapşırığının icrasının təmin edilməsi ilə əlaqədar respublikanın sel və daşqın təhlükəli çaylarında monitorinqlərin və su basar ərazilərdə inventarlaşdırmanın aparılması və həmin ərazilərin daşqınlardan müdafiəsi üçün təkliflərin verilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyində aidiyyəti icra orqanların mütəxəssislərindən ibarət yaradılmış komissiya 13 noyabr 2018-ci il tarixdə Daşkəsən rayonu ərazisində olmuş, aidiyyəti üzrə müvafiq işlər aparılmışdır.
Rayon ərazisində daşınar və daşınmaz əmlakın sığorta olunması sahəsində həyata keçirilən tədbirlər sürətləndirilməlidir. Bu sahədə yerlərdə maarifləndirmə işləri daha da genişləndirilməlidir.
2017-2018-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin IX sinfində təhsil alan 269 şagirddən 243-ü ümumi orta təhsil haqqında attestat və XI siniflər üzrə isə 188 şagirdin hər biri tam orta təhsil haqqında attestat almışdır. Onlardan 2 nəfər IX sinif üzrə, 8 nəfər isə XI sinif üzrə fərqlənmə attestatına layiq görülmüşdür.
Rayonun orta məktəb məzunlarından 95 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdi. Onlardan 55 nəfəri ölkənin müxtəlif nüfuzlu ali, 17 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Ali məktəblərə qəbul olunan məzunlarımızdan 1 nəfəri 600-dən, 8 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.
Qeyd etmək lazımdır ki, hələ rayonun bəzi məktəblərində dərslərin keyfiyyəti və şagirdlərin dərsə davamiyyəti zəifdir. Kəndlərdə isə bu göstəricilər nisbətən daha aşağı səviyyədədir. Bu sahədə aidiyyəti üzrə müvafiq tədbirlər görülməsi vacibdir.
Rayon Texniki Peşə məktəbinin fəaliyyəti günün tələbləri səviyyəsində deyildir. Ümumilikdə Texniki Peşə məktəbinin maddi-texniki bazasının yenidən qurulmasına ehtiyac vardır. Rayonun qəsəbə və kəndlərində yeni məktəblərin tikintisinə, əsaslı təmiri olduqca vacibdir. Bu məsələlərlə bağlı Təhsil Nazirliyi müvafiq kömək göstərməlidir.
Rayonun təhsil sahəsində bütün mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilmiş, Daşkəsən rayonundan 40 nəfər məktəbli “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 26-29 mart 2018-ci il tarixlərdə Qəbələ-Şəki-Zaqatala, 14-17 noyabr 2018-ci il tarixlərdə isə 20 nəfər məktəbli Lənkəran-Astara-Masallı marşrutunun iştirakçıları olmuşlar.
Heydər Əliyev Mərkəzinə 2018-ci il ərzində kollektiv və fərdi qaydada 6000 nəfər ekskursiyaya gələnlər olmuşdur. Mərkəzdə kompüter və ingilis dili kursları, rəqs və rəsm dərnəyi fəaliyyət göstərmiş və il ərzində müxtəlif məzmunda tarix dərsləri və digər tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2018-ci ilin fevral ayının 10-dan 11 may tarixinə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günləri təşkil edilmişdir. Həmin tapşırığa əsasən, Daşkəsən rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq 49 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatların işçiləri qrafik əsasında pulsuz tibbi müayinədən keçmişlər. Bu müddət ərzində 22051 nəfər tibbi müayinədən keçmiş, 114 nəfər müxtəlif xəstəliklərdən ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş, 142 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 401 nəfərə isə ambulator müalicəyə yazılmışdır. Tibbi müayinədən keçən Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Bu il fevral ayının 11-dən etibarən yenidən Daşkəsən rayon sakinlərinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanacaqdır.
Rayonun səhiyyə sahəsində kadr çatışmazlığı, kəndlərdə lazımi tibb məntəqələrinin olmaması, lazımi avadanlıqlarla təchiz edilməməsi, rayonda səhiyyə sahəsində mövcud olan əsas problemlərdəndir.
Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi həmin problemlərin aradan qaldırılması üçün konkret tədbirlər görməli, bu problemlərlə bağlı Səhiyyə Nazirliyi qanunamüvafiq qaydada öz köməkliyini göstərməlidir.
Hesabat ili ərzində rayon ərazisində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun hesabına Daşkəsən rayonu ərazisində yaşayan 422 aztəminatlı ailəyə, Qurban bayramında isə 289 ailəyə bayram sovqatları verilmişdir. Eyni zamanda 60 nəfərdən çox 1-ci sinfə gedən şagird məktəb ləvazimatı dəsti ilə təmin edilmişdir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə 251 nəfər ünvanlı sosial yardım alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım olunmuşdur.
Daşkəsən şəhərinin Heydər Əliyev meydanında qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirilmiş, rayon ərazisində olan “N” saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları verilmişdir.
2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar rayonda bir sıra silsilə tədbirlər keçirilmişdir.
2018-ci ildə Daşkəsən səhərinin salınmasının 70 illiyi tamam olmuşdur. “Daşkəsən şəhərinin 70 illiyi yubileyi ilə əlaqədar Nazirlər Kabinetinin 889 s saylı 26 dekabr 2017-ci il tarixli Sərəncamı olmuşdur. Həmin Sərəncama əsasən Daşkəsən şəhərində istinad divarlarının təmir edilməsi, istinad divarlarının səthinin bəzək daşları ilə üzlənməsi, beton bardyorların sökülüb yerinə mərmər bardyor daşların quraşdırılması, səki və küçələrin asfalt örtüyünün təmir edilməsi nəzərdə tutulmuş və həmin işlər yüksək səviyyədə yerinə yetirilmişdir.
Daşkəsən rayonu respublikanın sürətlə inkişaf etmiş digər rayonları ilə müqayisədə bərabər tarazlı yüksək inkişafına nail olunması istiqamətində işlər aparılır.
Qeyd etmək lazımdır ki, hələ yerlərdə mədəniyyət obyektlərində mədəni-kütləvi tədbirlərin keçirilməsi sahəsində obyektlərin müasir tələblərə cavab verməməsi səbəbindən bir çox problemlər vardır. Şəmkir Regional Mədəniyyət idarəsi qısa müddətdə bütün sahələrdə əsaslı dönüş yaradılmasını, problemlərin aradan qaldırılmasını aidiyyəti nazirliklə birgə təmin etməlidir.
Azərbaycan Gənclər Gününə həsr olunmuş respublika toplantısında cənab Prezident qeyd etmişdir ki, “Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafında böyük töhfə verirlər... Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Cənab Prezident vurğuladı ki, bizim gənclərimiz Azərbaycanın dövlət müstəqilliyini həmişə və hər şeydən üstün tutmalıdır”.
Hesabat ilində rayon üzrə idman yarışları və digər sahələrdə 12573 gəncin iştirak etdiyi 78 tədbir həyata keçirilmişdir.
20-27 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilati dəstəyi ilə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində MDB iştirakçı dövlətləri gənclərinin iştirakı ilə “Yaradıcılıq emalatxanası” adlı beynəlxalq düşərgə təşkil olunmuşdur.
2018-ci ildə rayonumuzun idmançıları 3 qızıl, 8 gümüş, 9 bürünc medal olmaqla cəmi 20 medal qazanmışlar.
Daşkəsən rayonu ərazisində 3 siyasi partiya, 14 qeyri-hökumət təşkilatı və 1 dini icma qeydiyyatdan keçmişdir. Rayon ərazisində fəaliyyət göstərən siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə işlər aidiyyəti üzrə müvafiq qanun-qaydalara uyğun olaraq aparılmış, onların fəaliyyətinə nəzarət edilmişdir. Hesabat ilində rayonda fəaliyyət göstərən siyasi partiya və ictimai təşkilatlarla, milli azlıqlarla aidiyyəti üzrə işlər aparılmış, bu sahədə rayonda tam sabitlik, tolerantlıq şəraiti mövcud olmuşdur.
Rayonda dini durumun sabitliyi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunmuş, həmçinin dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunması təmin edilmişdir. Milli və dini ayrı-seçkiliyə, Azərbaycanda yad olan təriqətlərə qarşı iş aparılmışdır.
2018-ci ildə dövrü olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti aparatının orqanı olan “Daşkəsən” qəzeti çap edilmişdir. Rayonda ictimai-siyasi işin təşkilində “Daşkəsən” qəzetinin imkanlarından istifadə olunmuşdur.
Bildiyiniz kimi hesabat məruzəsinin layihəsi “Daşkəsən” qəzetinin 2019-cu ilin yanvar buraxılışında dərc olunmuşdur. Həmin müddətdən keçən dövrdə əmək haqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin böyük miqdarda artırılması barədə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox Sərəncamlar verilmiş, Fərmanlar imzalanmışdır. Əhalinin sosial-maddi rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələləri şöbəsi rayonda ictimai-siyasi, təhsil, səhiyyə, mədəniyyət, turizm, gənclər və idman sahələri üzrə bundan sonra da işləri davam etdirməlidir.
2018-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, şəhər, qəsəbə və kənd icra nümayəndəliyi, bələdiyyələr və sahibkarlar tərəfindən 19 min 119 manat məbləğində vəsait ödənilmişdir.
Rayon İcra Hakimiyyətinin və əlaqədar orqan və təşkilatların yaxından köməklikləri sayəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi 2018-ci il ərzində 154 nəfər gənci ordu sıralarına yola salmışdır. Beləliklə, rayon üzrə həqiqi hərbi xidmətə çağırışın nəzərdə tutulan göstəricisi tam yerinə yetirilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi və Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə birlikdə gənclərin hərbi xidmətə yararlığının müəyyən edilməsi sahəsində işlərin səviyyəsinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlər görməlidirlər.
Hesabat dövrü ərzində, rayonda ictimai asayiş təmin olunmuş, kriminogen vəziyyət daimi nəzarətdə saxlanılmışdır. Vətəndaşların qanunsuz olaraq tutulması, həbsə alınması halları olmamışdır.
2018-ci ildə rayon ərazisində cəmi 58 cinayət hadisəsi qeydə alınmışdır. 2017-ci illə müqayisədə cinayət hadisəsinin sayı 11 fakt (15,9 faiz az) azalmışdır. Cinayət hadisəsinin açılması 97 % yerinə yetirilmişdir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hesabat ilində rayonun Dəstəfur kəndinin “Çataq” adlanan ərazisindən 5531 ədəd ümumi çəkisi 1678 kiloqram olan təbii şəraitdə bitmiş çətənə kolları aşkar edilib yığılaraq qanunamüvafiq qaydada məhv edilmişdir.
Hesabat ili ərzində yanğın hadisələri əvvəlki ilə nisbətən 22,2% (2018-ci ildə 14, 2017-ci ildə 18 yanğın hadisəsi olmuşdur) azalmışdır. Bundan sonra da Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Dövlət Yanğın Nəzarət qurumu baş vermiş hadisələrin səbəblərini bir daha ətraflı təhlil etməli, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri ilə birlikdə yerlərdə yanğınların qarşısının alınması istiqamətində aidiyyəti üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
Daşkəsən rayonunun çətin iqlim şəraitinə malik, dağlıq ərazidə və Ermənistan Respublikası ilə sərhəd zonasında yerləşdiyini, ilin payız, qış mövsümlərində ərazidə nəqliyyat vasitələrinin hərəkətində bir çox əlavə çətinliklər yarandığını nəzərə alaraq Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, rayonun Qazaxyolçular, Əmirvar və Quşçu kəndlərində Yanğından Mühafizə Hissəsinin bölmələrinin yaradılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 18 dekabr 2018-ci il tarixli 745 saylı məktubla müraciət olunmuşdur.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında təsdiq olunmuş qrafikə uyğun olaraq yerlərdə keçirilmiş hesabat yığıncaqlarında 1731 nəfər iştirak etmiş, 183 nəfər çıxış etmişdir. Cəmi 121 təklif irəli sürmüşdür. Hesabat yığıncaqlarında bir sıra nöqsanlar aşkara çıxarılmış və onların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmişdir.
İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin ümumi fəaliyyətlərinin yaxşılaşdırılması, işdə mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görməsi davam etdirməlidir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 16 aprel 2018-ci il tarixində Daşkəsən şəhərində Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul etmişdir.
11-12 oktyabr 2018-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilmişdir. Həmin tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirak etmişdir.
19 iyun 2018-ci il tarixdən 3 iyul tarixədək “ASAN xidmət” Daşkəsən rayonunda səyyar olaraq xidmət göstərmişdir. “ASAN xidmət”in xidmətlərindən 1075 nəfər yararlanmışdır. “ASAN xidmət”in xidmətlərindən istifadə edən Daşkəsən rayon sakinləri onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Hesabat dövründə Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasına diqqət daha da artırılmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları ardıcıl olaraq təşkil edilmiş, çoxsaylı açıq qəbul günləri keçirilmişdir.
2018-ci il ərzində Rayon İcra Hakimiyyətinə 497 yazılı müraciət daxil olmuşdur. O cümlədən 52 ərizə mərkəzi icra orqanlarından daxil olmuşdur. Ərizə və şikayətləri doğuran səbəblər təhlil olunmuş, vətəndaşlara aidiyyəti üzrə cavablar verilmişdir.
2018-ci il ərzində 41 yaşayış məntəqəsində səyyar qəbul keçirilmiş, həmin qəbullarda 2366 nəfər iştirak etmiş, 229 müraciət qeydə alınmışdır. Səyyar qəbullarda qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıq və göstərişlər verilmişdir. Bundan sonra da ərizə və şikayətlərin
vaxtında icra edilməsinə və kargüzarlıq işlərində mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir.
2018-ci ildə də Rayon İcra Hakimiyyəti Başçısı Aparatındakı ayrı-ayrı komissiyalar aidiyyəti üzrə müvafiq əsasnamə və təlimatlara uyğun olaraq fəaliyyət göstərmişlər. Hesabat ilində qadınların və gənclərin işə qəbul edilməsinə diqqət artırılmış, rayon İcra Hakimiyyəti Başçısı Aparatında işçilərin orta yaş səviyyəsi əvvəlki ilə nisbətən aşağı salınmış, kollektivdə mənəvi psixoloji şəraitin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 371 nömrəli sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ələkpərov Xudayar Xanlar oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin son on beş il ərzində uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir.
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. 2019-cu ilin yanvarın 11-də Prezident Sarayında Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “Bu gün biz bu il görüləcək işlər haqqında danışacağıq. Müvafiq tapşırıqlar veriləcək ki, 2019-cu il də ölkəmiz üçün uğurlu il olsun...
... İclasın sonunda bildirməliyəm ki, mən keçən il noyabr ayında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışam. Bu il biz İmadəddin Nəsiminin 650 illik yubileyini qeyd edəcəyik. Keçən il Bakıda və şairin doğulduğu Şamaxı şəhərində Nəsimi günləri, Nəsimi festivalı keçirilmişdir. Bütün bunları və Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, mən 2019-cu ili “Nəsimi ili” elan edirəm.”
İcazə verin, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq.
Yaşasın müstəqil Azərbaycan!
Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə əbədi eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra məruzə ətrafında Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev və Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov çıxış ediblər, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, qarşıda duran vəzifələrin icrasından danışıblar.
Məruzə ətrafında çıxışlardan sonra açıq mikrofon qarşısında yerdən səsləndirilən müraciət və təkliflər dinlənilib, qaldırılmış məsələlər barədə tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Yığıncaqda həmçinin millət vəkili Kamran Bayramov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov da çıxış ediblər.
Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
Aybəniz Abdulova