azia.az
azia.az

Arıqlama çaylarına diqqət! Sağlamlıq üçün risk yaradır — Açıqlama

Dünən, 15:00

Sosial şəbəkələrdə müxtəlif çaylar, bitki tərkibli məhsullar və arıqlama vasitələrinin satışı geniş yayılıb. Bu məhsulların bir qismi artıq çəkiyə qarşı mübarizədə sürətli nəticə vəd etsə də, onların tərkibi, təhlükəsizliyi və satışına icazənin olub-olmaması məlum olmur. Xüsusilə üzərində istehsalçı, tərkib və yararlılıq müddəti barədə məlumat olmayan məhsulların internet üzərindən satılması istehlakçıların sağlamlığı üçün risk yarada bilər. 

Belə məhsulları alarkən istehlakçı ilk növbədə hansı məlumatları yoxlamalıdır?

Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, belə məhsulları alarkən istehlakçı ilk növbədə məhsulun etiket məlumatlarını və satışının qanuniliyini yoxlamalıdır: 



"Xüsusilə sosial şəbəkələrdə satılan arıqlama çayları, bitki tərkibli qarışıqlar və digər vasitələrdə bir sıra məqamlara diqqət yetirmək vacibdir. Belə ki, istehsalçının adı və ünvanı, məhsulun mənşə ölkəsi və əlaqə məlumatları göstərilməlidir. Tərkibi tam və aydın şəkildə yazılmalıdır. “100% təbii”, “detoks”, “yağ yandırıcı” kimi ümumi ifadələr konkret tərkib barədə məlumatı əvəz etmir. İstehsal və yararlılıq müddəti, saxlanma şəraiti və istifadə qaydaları qeyd olunmalıdır. Məhsulun qablaşdırması bütöv, etiket isə oxunaqlı olmalı, üzərində partiya/seriya məlumatları və digər zəruri markalanma göstəriciləri bulunmalıdır. Eyni zamanda, məhsulun qida məhsulu, bioloji aktiv qida məhsulu, dərman vasitəsi və ya başqa kateqoriyaya aid olduğu dəqiqləşdirilməlidir. Bu kateqoriyaların satış və qeydiyyat tələbləri eyni deyil. “Qısa müddətdə 5–10 kq arıqladır”, “pəhrizsiz və idmansız arıqladır” kimi real görünməyən vədlər ciddi xəbərdarlıq əlamətidir".

Mütəxəssis qeyd edib ki, sosial şəbəkədə satıcının paylaşdığı reklamla kifayətlənmək olmaz: 

"Məhsulun rəsmi qeydiyyatı, uyğunluğu və satışına icazə ilə bağlı məlumatlar aidiyyəti qurumların rəsmi resurslarından yoxlanmalıdır. Xüsusilə tərkibi məlum olmayan, etiketsiz, mənşəyi bilinməyən və yalnız sosial şəbəkə hesabı üzərindən satılan məhsullardan uzaq durmaq daha təhlükəsizdir. Unutmaq olmaz ki, “bitki tərkibli” və ya “təbii” olması məhsulun avtomatik olaraq təhlükəsiz olduğu demək deyil. Bəzi arıqlama vasitələrinin tərkibində etiketdə göstərilməyən farmakoloji aktiv maddələr ola bilər. Buna görə də arıqlamaq məqsədilə hər hansı vasitədən istifadə etməzdən əvvəl onun tərkibi və təhlükəsizliyi barədə mütəxəssis məsləhəti almaq daha doğrudur".
 
Qeyd edək ki, AQTA sosial şəbəkələrdə qanunsuz satılan "Tea By Gunay" və "Metobix çayı" adlı arıqlama çaylarını aşkarlayıb. Məhsulların üzərində yararlılıq müddəti, istehsalçı, tərkib və digər zəruri məlumatlar qeyd edilməyib. Həmçinin bu çayların xəstəlikləri müalicə etdiyi iddia olunub və müvafiq icazə olmadan satılıb.

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi