Aİ Rusiyaya qarşı sanksiyaları yumşaldır - anlaşma, yoxsa peşmançılıq...
Putin: “İlk əvvəldən bizim şərtimiz bu oldu ki, problem paket halında həll olunmalıdır: Rusiya taxılının ixracına mane olan bütün əngəllər aradan qaldırılır və biz Ukrayna taxılının ixracına dəstək veririk”
Ukraynaya hücum etdiyinə görə dünyanın ən böyük gücü hesab olunan Kollektiv Qərbin sanksiyasına məruz qalan Rusiya hələlik dirəniş göstərir. Tarixdə misli görünməmiş sanksiyalar, tətbiq olunan çəkindirmə aksiyaları əsas məsələyə - Rusiyanın Ukraynanı işğaldan çəkindirmək kimi nəticəyə - təsir etmir. Putin Rusiyası bütün hərbi gücü ilə Ukraynaya təcavüzü davam etdirir və tarixin ən böyük qətliamlarına, dağıntılarına imza atır.
Eyni zamanda sanksiyalarla bağlı maraqlı proseslər gedir. ABŞ və Yaponiya yeni sanksiya paketi hazırlayır, Avropa İttifaqı 7-ci paketi açıqlamağa hazırlaşır, eyni zamanda məlum olur ki, Rusiyaya qarşı bəzi sanksiyalardan istisnalar ediləcək.
Bir müddət öncə ABŞ Rusiyadan gübrə və kənd təsərrüfatı məhsullarının ixracının stabil təmin olunması üçün bu ölkəyə tətbiq etdiyi sanksiyalara düzəliş edib. İndi isə Avropa İttifaqı eyni addımı atmaq niyyətindədir. “Reuters” agnetliyinin İttifaqdakı özəl mənbələrinə istinadən yaydığı məlumata əsasən Avropa da eyni məqsədlə Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda düzəlişlər edəcək.
Agentlik bunu iyulun 20-də Aİ diplomatlarının müzakirə edəcəyi sənəd layihəsinə əsasən bildirib: “Sabah (iyulun 20-də) Avropa İttifaqı nümayəndələri tərəfindən qəbul ediləcəyi gözlənilən dəyişikliyə əsasən, Aİ ölkələri Rusiyanın aparıcı bankları olan VTB (VTBR.MM), Sovcombank, Novikombank, Otkritie FC Bank, VEB, Promsvyazbank və Bank Rossiyaya məxsus bəzi aktivlərin üzərindən sanksiyaları götürəcəklər. Söhbət kənd təsərrüfatı məhsulları və gübrələrin ixracı üçün istifadə olunan aktivlərdən gedir”.
Maraqlıdır ki, Aİ sanksiyalardan bu istisnaları yeni - sayca yeddinci olan sanksiya paketində elan edəcək. Adı açıqlanmayan Aİ rəsmisi isə bildirib ki, yeni düzəlişlərə əsasən, Rusiyanın ən böyük bankı olan Sberbank (SBER.MM) də ərzaq ticarəti üçün lazım olan resurslar istisna olmaqla, sanksiyaya - aktivlərinin dondurulmasına məruz qalacaq.
Sənəd layihəsində deyilir ki, pul yalnız “vəsaitin və ya iqtisadi resursların kənd təsərrüfatı və ərzaq məhsullarının, o cümlədən buğda və gübrələrin alınması, idxalı və ya daşınması üçün zəruri olduğu müəyyən edildikdən” sonra istifadəyə buraxıla bilər.
Yeni düzəlişlərə əsasən, Aİ, həmçinin sanksiyalardan sonra treyderlərin xidmətini dayandırdığı Rusiya limanlarından ərzaq ixracının asanlaşdırmasına yardımı da planlaşdırır.
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib » GununNebzi.az - Xəbər Portalı
Bildirilir ki bu addım Afrika ölkələri liderlərinin sanksiyaların ticarətə mənfi təsiri ilə bağlı tənqidləri fonunda atılıb.
BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına əsasən 2022-ci ildə dünya bazarında buğda çatışmazlığı 3 milyon, qarğıdalı çatışmazlığı 8 milyon ton təşkil edir. Bu şəraitdə Rusiya və Ukrayna taxılının bazara yolu açılmasa, kasıb ölkələr böyük problemlərlə üzləşəcəklər. Bu iki ölkə dünya buğda ixracının 30 faizini, günəbaxan tumunun 61 faizini təmin edirlər. Bu həcmlərin bazardan tam kənarda qalması şəraitində digər istehsalçıların yaranacaq boğluğu doldurması üçün 5 ilədək vaxt tələb olunacaq. Məhz buna görə də BMT Qərb dövlətləri və Rusiyanı taxılın dünya bazarına yolunu açmağa çağırır, bu məsələdə təşəbbüskarlıq göstərir.
Hadisələrin gedişi göstərir ki, Aİ-nin Rusiyadan kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına yaradan sanksiyalara düzəliş etməsi bilavasitə Ukrayna taxılının dünya bazarına çıxarılması üçün başladılan prosesin tərkib hissəsi olmaqla, BMT aracılığı ilə Rusiya tərəfi ilə razılaşdırılmış addımdır.
Azərbaycanda 3 ərazi Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi kimi qeydiyyata salınacaq • Markzone
Belə ki, əslində Aİ-nin sanksiyaları birbaşa olaraq Rusiyadan ərzaq məhsulları və gübrələrin ixracını qadağan etmir. Lakin banklara, sığorta şirkətlərinə qoyulan qadağalar nəticəsində Rusiyadan ixracın maliyyələşdirilməsi, ixrac olunan yüklərin, ixrac nəqliyyat vasitələrinin sığortalanması mümkün olmur. Eyni zamanda Aİ Rusiya gəmilərini öz limanlarına buraxmır, Rusiya da İttifaq gəmilərinə qarşı eyni addımı atıb. Bu da Rusiya limanları ilə ixracın həcminin kəskin azalmasına səbəb olub. İxracın kəskin məhdudlaşması fonunda Rusiyada son bir ayda taxılın qiymətində kəskin ucuzlaşma gedib. Bundan əlavə, ölkədə rekord həcmdə taxıl istehsalı proqnozlaşdırılır. İyun ayından yığım prosesi başlayıb və istehsalçılar ölkədə qalıq məhsulun 20 milyon tona yaxın olması şəraitində qiymətlərin dibə yuvarlanacağlına dair xəbərdarlıqla çıxış ediblər. Rusiya Taxıl İttifaqının yaydığı məlumata görə, ənənəvi bazarlara ixracın kəskin məhdudlaşması nəticəsində daxili bazarda qiymətlərin düşməsi Rusiya taxıl istehsalçılarının növbəti il istehsalda maraqlı olmamalarına gətirib çıxaracaq. Bu isə yaxın 3 ildə ölkənin dünya bazarındakı mövqeyinin itirilməsinə səbəb ola bilər.
Buna görə də Rusiya məqsədyönlü şəkildə Ukrayna taxılının dünya bazarına əsas çıxış yolunu bağlayaraq öz taxılının ixracına yaradılan maneələrin aradan qaldırılmasına çalışırdı.
Aİ-nin Rusiyaya qarşı sanksiyalarına müəyyən dəyişiklik etməsinin danışılmış olduğunu Rusiya prezidenti Vladimir Putinin İranda səfərdə olarkən verdiyi açıqlamadan da aydın görmək olur. Putin bildirib ki, ölkəsi Rusiya taxılının ixracına qarşı bütün maneələr aradan qaldırılacağı təqdirdə Ukrayna taxılının limanlardan ixracına dəstək verəcək: “Türkiyə Respublikası, şəxsən prezident Ərdoğan Ukrayna taxılının çıxarılması üçün razılaşmanın əldə olunması üçün çox səylər göstərdi. İlk əvvəldən bizim şərtimiz bu oldu ki, problem paket halında həll olunmalıdır: daha dəqiqi, Rusiya taxılının ixracına mane olan bütün əngəllər aradan qaldırılır və biz Ukrayna taxılının ixracına dəstək veririk”.
Putin onu da qeyd edib ki, Ukrayna taxılı ilə bağlı problemin paket həlli məsələsi ilkin mərhələdə Rusiya ilə beynəlxalq təşkilatlar arasında razılaşdırılıb: “Onlar öz üzərlərinə məsələnin paket həlli variantına dair öhdəliklər götürdülər. İndiyədək heç bir tərəf, o cümlədən bizim ABŞ-dakı tərəfdaşlarımız bu varianta hər hansı etiraz bildirməyiblər. Görək yaxın gələcəkdə bundan nə alınacaq”.
Rusiya prezidenti xatırladıb ki, artıq ABŞ Rusiyadan gübrə və ərzaq ixracına mane olan sanksiyaları aradan qaldırıb: “Bildiyiniz kimi, Rusiya gübrələrinin dünya bazarına çıxmasına yönəlik ABŞ sanksiyaları faktiki olaraq aradan qaldırılıb. Ümid edirəm ki, eyni addım Rusiya taxılına qarşı da atılacaq”.
Ərdoğan: Türkiyə-İran-Rusiya zirvəsi Astana prosesinə təkan verəcək – VİDEO
İyulun 20-də İran səfərinin yekunlarına dair məlumat verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, yaxın günlərdə Ukrayna taxılını dünya bazarına daşıyan dəhliz işə başlayacaq: “Rusiya-Ukrayna müharibəsində hazırda bizim rolumuz görüşlərə ev sahibliyidir. Ev sahibi qismində vasitəçilik rolumuz var”.
O qeyd edib ki, ölkəsi uzun müddətdir ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üçün işlər görür: “Mən bu məsələni bir neçə dəfə cənab Putin və cənab Zelenski ilə müzakirə etmişəm. Xarici işlər və milli müdafiə nazirlərimiz də həmkarları ilə görüşlər keçiriblər. Nəticədə ötən həftə İstanbulda keçirilən texniki iclasda BMT-nin planı çərçivəsində prosesin əsas xətləri ilə bağlı razılıq əldə olunub. İndi bu həftə biz bu razılaşmanı yazılı mətnlə təsdiqləmək istəyirik. Ümid edirik ki, yaxın günlərdə planı həyata keçirməyə başlayacağıq”.
Ərdoğan əlavə edib ki, ixrac prosesi İstanbulda yaradılacaq koordinasiya mərkəzindən həyata keçiriləcək. Mərkəzdə Türkiyədən əlavə, Rusiya, Ukrayna və BMT rəsmiləri iştirak edəcək.
CNN Türkün yaydığı məlumata görə, taxıl dəhlizi ilə bağlı növbəti dördtərəfli görüş iyulun 22-də Türkiyədə keçiriləcək.
Maraqlıdır ki, FAO ekspertləri bildriblər ki, Ukraynada yığılıb qalan taxılın hamısı sürətlə dünya bazarına daxil olarsa, bu, qiymətlərin kəskin ucuzlaşmasına gətirib çıxarar: “Əgər bu gün çatışmayan 3 milyon ton əvəzinə, bazara 5 milyon ton buğda çıxarılsa, qiymətlər çox kəskin aşağı düşər. Bu zaman enerjidaşıyıcılarının qiymətinə görə bahalı gübrələrdən istifadə edən fermerlər ciddi çağırışlarla üzləşərlər. Buna görə də Ukraynadan çıxarılacaq taxılla bağlı hansı addımların atılmasını əvvəlcədən müəyyənləşdirmək lazımdır. Bu addımlar həmin taxılın bazara tədricən çıxarılmasını təmin etməlidir”.
Ekspertlər Ukraynadan çıxarılan taxıl hesabına fövqəladə vəziyyətlərdə istifadə olunacaq xüsusi ehtiyatların formalaşdırılmasını təklif edirlər.
Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketi hazırlaması, əvvəlki sanksiyalarındakı dəyişikliklərin bu paketə daxil edilməsi göstərir ki, bu addım sırf qlobal ərzaq böhranına yol verməmək məqsədi daşıyır. Hansı ki, yeni sanksiyalar artıq tam razılaşdırılıb. Bu barədə açıqlama verən Macarıstanın xarici işlər naziri Peter Suyarto bildirib ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketi bu ölkənin qızılının alışına qadağa qoyulması, daha 48 hüquqi və fiziki şəxsin sanksiya siyahısına salınması, həmçinin sanksiyalardan yayınmaların qarşısını almaq üçün əlavə tədbirəri əhatə edəcək. Macarıstan Aİ-nin “Sberbank”a qarşı sanksiyalardan bankın bu ölkədəki köhnə müştərilərinə xidməti davam etdirməsini nəzərdə tutan istisnaya nail olub. Qeyd edək ki, “Sberbank”ın portfelinin 25 faizi aqrar məhsulların ticarəti ilə bağlıdır.
Avropanın Rusiyaya qarşı mövqeyinin dəyişmədiyini Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında bir daha bəyan edib. Onun “Twitter” hesabında yazdığına görə, telefon söhbəti zamanı onlar Ukraynanı dəstəkləmək üçün lazım olan ehtiyaclar barədə danışıblar. Aİ Şurasının Prezidenti vurğulayıb ki, Ukrayna Rusiya təcavüzünə cəsarətlə cavab verərkən, Aİ də əlavə hərbi yardım təmin edəcək: “Yeni sanksiyalar hazırlanmaqdadır - bu, bizim qətiyyətimizdən geri çəkilməyəcəyimizi göstərir”.
Hazırda Rusiya Avropaya verdiyi qazı tam kəsməklə Aİ-nin öz neftinə qarşı sanksiyalarını önləməyə çalışır. Lakin Avropa Rusiya qazının tamamilə dayanması variantına hazırlaşmaqla, bu şantaja boyun əyməyəcəyini sübut etməkdədir. Rusiyanın təzyiqləri qarşısında Avropa Komissiyası nəinki hər hansı güzəştə hazırlaşmır, əksinə, Rusiya qazı olmadan yaşamaq hazırlıqlarını rəsmən elan edib. Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen bəyan edib ki, Avropa Rusiyadan tam qaz kəsintisinə hazır olmalıdır. Onun sözlərinə görə, Avropa Komissiyası ən pis ssenariyə hazırlaşır: “Biz qənaət üçün qarşıdan gələn qışa qaz istehlakını azaltmalıyıq. Mən anlayıram ki, bu, çox böyük bir istək və çağırışdır, amma bu bizi böhrandan xilas edəcək. Hər bir üzv ölkə qaz istifadəsini azaltmalıdır. Avropa Komissiyası üzv ölkələrdən qaza 15 faizədək qənaət etməyi istəyir. Bu, 45 milyard kub metr qaz deməkdir. Nəticə etibarilə bu o deməkdir ki, biz Rusiya qazı olmadan qarşıdakı qış böhran yaşamayacağıq”.
Avropa İttifaqının Enerji komissarı Kadri Simson isə bildirib ki, hazırkı mərhələdə üzv dövlətlər tərəfindən qazdan istifadənin 15 faiz azaldılması təklifi könüllüdür, lakin lazım gələrsə, Avropa Komissiyası bunu məcburi hala gətirəcək.
Dünya SAKİT,