Elşad Miri: İslam dinində yas mərasimi anlayışı yoxdur
Bugünkü yas mərasimlərinin təşkil olunmasında məqsəd insanların orda dini maarifləndirilməsi, mütərəqqi fikirlər aşılanması deyil. Bunlar hamısı müəyyən biznes məqsədlərinə xidmət edir. Yas çadırlarının yığışdırılması mənim çoxdandır gözlədiyim məsələ idi.
Azia.az xəbər verir ki, bunu Movqe.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri bildirib.
E.Mirinin sözlərinə görə, bununla belə, çadırların bir yerdən yığışdırılıb başqa yerə köçürülməsi də məqsəduyğun deyil.
“Bununla dəyişən heç nə olmayacaq. Yenə də eyni məqsədlər güdüləcək. Əslində, İslam dinində yas mərasimi anlayışı yoxdur. İslama görə, bir insan öləndə ona 3 günə qədər yas saxlamaq olar. Düzdür, ölünün yaxınlarını ziyarətə, başsağlığı verməyə gələnlər ola bilər.
Lakin xüsusi mərasim qurmaq, orda molla gətirtmək, ölü üçün Quran oxumaq, ağlaşma qurmaq, mərsiyə demək və s. bunların dinə aidiyyatı yoxdur və olmayıb da. Dinə görə, insan öldüyü zaman meyid yuyulur, kəfənlənir, cənazə namazı qılınır və dəfn edilir. Bundan başqa olanların ölüyə faydası yoxdur ki, diriyə zərəri var. Ölü yaxınları bundan həqiqi mənada zərər çəkirlər. Bunlar İslamın mahiyyətinə uyğun məsələlər deyil”.