İlahiyyatçı Məhərrəmlik ayında toy etməyə çağırdı: “Öz şəhidinə bir il yas saxlamayanlar…”
İki ay insanları toysuz saxlamaq hansı məntiqə, qayda-qanuna, dinə uyğundur?”.“Şəhidinə bir il yas saxlamayan Azərbaycan xalqı, 1400 il əvvəl baş verən hadisəyə görə toyları dayandırdı”. Son günlər sosial şəbəkələrdə bu fikir ətrafında çox müzakirələr aparılır. Bəzi insanlar bu sözləri yaxşı qarşılayır, bəzilər isə qəti şəkildə pisləyir. Hətta bu fikri özlərinə təhqir hesab edənlər belə var.
İlahiyyatçı Elşad Miri son həftələrin qalmaqallı mövzusu haqqında Yenisabah.az-a danışıb. O, toyların davam etdirilməli olduğunu qeyd edib:
“Evlənən şəxslərə münasib bir formada toy etmək üçün imkanlar yaradılmalıdır, nəslin artımı üçün bu çox vacib amildir.
Məhərrəmlik ayına görə toy etməyən şəxslər var. Lakin Azərbaycan bir bölgədən, ərazidən, bir mənsəbdən ibarət deyil. Azərbaycanın müəyyən bölgələrində məsələn Qazax və Balakəndə Məhərrəmlik ayında toy edib edilməməsi heç vaxt müzakirə olunmayıb, toylar hər zaman olur.
Sadəcə insanlarda müəyyən düşüncələr var ki, guya həmin ayda toy edənlərin uşaqları xəstə doğulur, ayrılıq olur və s. Lakin statistika aparılsa görərsiniz ki, müxtəlif vaxtlarda edilən toylardan sonra da bu cür situasiyalar olur. Xüsusən Məhərrəmlik ayına məxsus deyil. Bunlar insanları qorxutmaq, ürəklərinə xal salmaq üçün anlayışlardır. Peyğəmbərimizin özünün həmin ay toyu olmayıb və ya onun səhabələrinin toyu olmayıb, olub.
Deyirlər ki, bu məsələ Peyğəmbərin vaxtında olmayıb sonra olub. Əgər bu toy məsələsi Peyğəmbərlərdən sonra olubsa İslamla, Quranla əlaqəsi yoxdur. Çünki İslamın mənbəyi Qurandır. Quranda isə hansısa dövrdə toy edib-etməmək anlayışı yoxdur. İslamın priniplərinə uyğun olaraq toyu Ramazan, Məhərrəmlik, Səfər ayında da etmək olar. Yəni bu məsələni xüsusi bir vaxta ayırmaq doğru deyil”.
Elşad Miri insanların öz yaxınlarının, qohumlarının yas günlərinə uyğun olaraq toy, şənlik keçirmədiklərini anlaşılan olduğunu qeyd edib:
“Ramazan, Səfər, Məhərrəmlik ayında da toylar olmasa, bəs bu insanlar nə vaxt toy etsinlər? İnsanları pandemiya dövründə nəyə görə belə dar çərçivəyə salırsınız? İki ay insanları toysuz saxlamaq hansı məntiqə, qayda-qanuna, dinə uyğundur?”.