azia.az
azia.az

Elşad Miri: “Peyğəmbərimizin bu ayda toy edib-etməməsi araşdırılmalıdır”

13-09-2018, 08:07

Azərbaycanda Hicri təqvimi ilə Məhərrəm ayı başlayıb

Bəs, Məhərrəm ayında nə qadağandır? Bu ayda nə etmək olar?

Azia.az bildirir ki, Oxu.Az məsələ barədə ilahiyyatçıların fikirlərini öyrənib.

İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, İslamda müqəddəs ay deyilən bir anlayış yoxdur:

“Hər bir ay eynidir. Onları yaradan Allahdır. Məhərrəmlikdə bəzi bölgələrdə toy edirlər, bəzilərində isə yox. Hər bir adamın fikrinə hörmətlə yanaşmaq lazımdır. Bəzən belə fikir bildirilir ki, bu ayda toy edənlər guya tez boşanır, övladı olmur, yaxud da uşaqlarında problem yaranır. Bu, absurdur.

Bu gün xristian Məhərrəm ayında toy edirsə, onlar boşanırmı, uşaqları şikəstmi doğulur? Yaxud Azərbaycanın özündə həmin vaxt toy etməyənlər ömür boyu bir yastığamı baş qoyurlar? Belə bir anlayış nisbidir.

Məsələyə heç bir adiyyəti yoxdur. Peyğəmbərimizin bu ayda toy edib-etməməsini araşdırmaq lazımdır. Görək, bu ayda, ya da Səfər ayında toy edib, yoxsa yox. Yaxud öz qızlarını hansı ayda nişanlayıb. Bunlar araşdırsaq, görəcəyik ki, toy məsələsinin İslama heç bir şəkildə aidiyyəti yoxdur”.

Elşad Miri bildirib ki, içki içmək məsələsi İslamla əlaqəli bir məsələ deyil:

“Bu, insanların özlərinin məsələyə yanaşması ilə bağlıdır. İçki qadağan olan məsələdir. “Məhərrəmlikdə, Ramazanda içki içmək olmaz, başqa vaxtlarda olar” anlayışı ola bilməz”.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi hacı Surxay Məmmədli isə bildirib ki, Məhərrəm ayında toy etmək birmənalı şəkildə qadağandır:

“Bu ay, adından da göründüyü kimi, haram aydır və müharibələr, savaşlar qadağan olunub. İmam Hüseyn öz gücü ilə Kərbəla çölünə gəlib, iblisin qoşunu ilə müharibə edib. O, bizə şəhidlik fəlsəfəsini anladır.
Bir millətin müstəqilliyi, şəhidliyi varsa, qürurludur. Bir insanın əzizi dünyasını dəyişərsə, o insan, millət toy edə bilməz. Hansı toydan danışmaq olar ki, bütün peyğəmbər nəvələri məhz bu aylarda şəhid olub. Bu ayda toy etmək inanclarımıza, dəyərlərimizə zidd olan hadisədir”.

Surxay Məmmədli qeyd edib ki, bəzi insanların Aşura günü zəncirlə özlərinə vurmağı qadağandır:

“İnsanlar onun əvəzində Aşura günü qanvermə aksiyasında iştirak edib, kiminsə həyatını xilas edə bilərlər. İmam Hüseynin də belə bir şüarı var ki, mən balalarımı, özümü İslam yolunda şəhid etdim. Bu ayda insanlar mənəviyyatını təmizləməli, xəstələrə baş çəkməlidirlər.

Onlar zəncirlə özlərinə vurmaq əvəzinə, Aşura günündə qanvermə aksiyasında xəstə insanlara kömək üçün qan verə bilərlər. Eyni zamanda, bu ayda ehtiyacı olan insanların ehtiyacını təmin etmək, qocalara hörmət etmək lazımdır. Kərbəla bizə fədailik, vəfa məktəbini öyrədir. 14 əsr öncədən baş verən hadisə Azərbaycan xalqının milli-mənəvi ruhuna yazılan hadisədir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi