Telman İsmayılov həbsdən çıxdı, Eynulla Fətullayevi qonaq çağırdı
Jurnalist Eynulla Fətullayev Monteneqronun paytaxtı Podqoritsada bu günlərdə həbsdən buraxılan məşhur biznesmen Telman İsmayılovla görüşüb. Bu haqda E.Fətullayev ötən gün özünün Facebook səhifəsində məlumat yayıb. Və T.İsmayılovla birlikdə süfrə arxasından fotosunu paylaşıb.
“Telman İsmayılovla Qarabağın azad olunmasının 1 illiyini qeyd edirik. Telman müəllimin evi Azərbaycanın bayraqları ilə bəzədilib”, - deyə E.Fətullayev fotoya yazdığı şərhdə bildirib.
Bununla da E.Fətullayev T.İsmayılovun həbsdən buraxıldıqdan sonra onunla görüşən ilk jurnalist sayıla bilər.
Xatırladaq ki, T.İsmayılov bu il sentyabrın sonlarında Monteneqroda Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında saxlanılmışdı və barəsində həbs qərarı verilmişdi. Lakin çox keçmədən, oktyabrın 22-də o saxlanıldığı təcridxanadan azadlığa buraxıldı. Vəkili bildirdi ki, T.İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb və bu səbəbdən Rusiyaya ekstradisiya oluna bilməz.
E.Fətullayev həmin görüşlə bağlı bildirib ki, onun jurnalist olaraq T.İsmayılovla çoxdandır şəxsi tanışlıq və dostluq münasibətləri var. Və biznesmen həbsdən çıxandan sonra onu Monteneqroya qonaq çağırıb. “Telman İsmayılovla bir neçə gün əvvəl hal-əhval tutmaq üçün zəngləşdik, həbsi və digər məsələlər ətrafında söhbətləşdik, həm çoxdandır görüşmürdük deyə, həm daha ətraflı söhbət üçün məni evinə qonaq çağırdı. Dəvəti qəbul edib gəldim. Süfrə açdı, oturub söhbətləşdik, ümumiyyətlə, T.İsmayılov maraqlı həmsöhbətdir və jurnalist olaraq onunla görüşmək fürsətini əldən verə bilməzdim. O ki qaldı geniş müsahibəyə, əlbəttə, maraqlı söhbətimiz olub və bunu müsahibə formasına salmaq məsələsinə daha sonra baxmaq olar”, - E.Fətullayev Monteneqrodan bildirib.