"Telman İsmayılov gizlənmirdi, istədiyi vaxt şəxsi təyyarəsi ilə ölkəni tərk edirdi..."
T.İsmayılovun yaxın ətrafından olan şəxs Rusiyanın “Moskovskiy komsomolets” qəzetinə deyib ki, T.İsmayılov Montenegroda gizlənmirdi və onun yerini hamı bilirdi: “Düşünürəm ki, onun indi həbsi kimlərinsə marağında olub. Şübhə yoxdur ki, bu, siyasi və yuxarıdan verilmiş qərardır”.
Onun sözlərinə görə, T.İsmayılov Monteneqroda villasında rahat yaşayıb, istədiyi vaxt şəxsi təyyarəsi ilə ölkənin hüdudlarını tərk edib. Bir neçə dəfə Fransaya və İsrailə gedib.
“Onun Rusiyanı tərk etməzdən əvvəl külli-miqdarda kredit öhdəliyi vardı. Əmlaklarının satışı son vaxtlaradək davam edirdi. Bütün obyektləri haqda ətraflı məlumatları və fotoşəkilləri Vahid Federal İflas Reyestrinin saytından tapmaq mümkündür” - deyə, o bildirib.
T.İsmayılovun İsrail vətəndaşı olduğunu xatırladan həmin şəxs deyib ki, iş adamı həmin ölkədən müdafiə istəyəcək. “Ya da ora etap olunmağa çalışacaq. Məsələn, İsraildə əhəmiyyətsiz bir işin başlanmasını təşkil etməyə çalışacaq və istintaq hərəkətlərində iştirak etmək üçün oraya köçürülməsini istəyəcək”- deyə, o bildirib.
20:04
Monteneqroda saxlanılan Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bunu T. İsmayılovun vəkili Marina Rusakova deyib. Onun sözlərinə görə, qərardan artıq apellyasiya şikayəti verilib: “Telman İsmayılov siyasi sığınacaq üçün müraciəti yoxlanılan zamanı saxlanılıb. Bu da şikayət üçün əsaslardan biridir. Həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır”
Vəkil bildirib ki, Monteneqro hökuməti T.İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun Rusiyaya təhvil verilməsi məsələsi iki aya qədər çəkə bilər.
Qeyd edək ki, Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, azərbaycanlı iş adamının axtarışı İnterpol vasitəsilə həyata keçirilib.
Monteneqro, bir gün əvvəl paytaxt Podqoritsa şəhərində saxlanılan Moskvadakı Çerkizovski bazarının keçmiş sahibi rusiyalı iş adamı Telman İsmayılovu təhvil verməyəcək. Redaksiyamıza bu barədə Monteneqrodakı etibarlı hökumət mənbələrindən məlumat verilib.
Xatırladaq ki, cümə günü Monteneqronun "Vijesti" nəşri bir mənbəyə istinadən Telman İsmayılovun Rusiya tərəfindən verilən axtarış qərarı ilə həbsi barədə məlumat yayıb.
"Azərbaycanlı milyarder Telman İsmayılov Rusiya Federasiyası tərəfindən verilən axtarış qərarı ilə Podqoritsada saxlanılıb", - "Vijesti" yazıb.