azia.az
azia.az

Prokuror Cəlilabadın keçmiş icra başçısına iş istədi

4-06-2022, 07:28


Namiq Zeynalovun məhkəmə istintaqı yekunlaşır
Prokuror Cəlilabadın keçmiş icra başçısına iş istədi
Həbsdə olan keçmiş icra başçılarından daha birinin məhkəməsi yekunlaşır. 2018-ci ilin fevralından 2020-ci ilin dekabrına qədər Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı olmuş Namiq Zeynalovun işi üzrə məhkəmə istintaqı başa çatıb. İyunun 3-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib.

Dövlət ittihamçısı Namiq Zeynalovun 13 il azadlıqdan məhrum edilməsini istəyib. Təklif edib ki, keçmiş icra başçısı ona verilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Prokuror bildirib ki, sabiq icra başçısına qarşı irəli sürülmüş külli miqdarda yeyinti, rüşvət, vəzifə saxtakarlığı ittihamları sübuta yetirilib.

Prosessual qaydalara əsasən, məhkəmədə prokurordan sonra vəkillər çıxış edir. Namiq Zeynalovun vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə prosesi iyunun 10-da davam edəcək.

Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən 2020-ci il dekabrın 7-də keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cəlilabadın icra başçısı təyin edilməmişdən əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub.

Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.

Həbs olunanlardan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev 9 il azadlıqdan məhrum edilsə də, hökmdən az sonra koronavirusa yoluxub və sentyabrın 5-də vəfat edib.

Yevlaxın keçmiş icra başçısı Qoca Səmədova Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il 3 ay həbs cəzası kəsilsə də, sonradan Şəki Apellyasiya Məhkəməsi müddəti 6 ilə endirmişdi.

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev və Kürdəmirdə eyni vəzifəni tutmuş Ceyhun Cəfərova da hökm oxunub. Ceyhun Cəfərov 8 il 6 ay, Mahir Quliyev isə 11 il azadlıqdan məhrum edilib. Mahir Quliyevin cəzası apelyasiya məhkəməsində 6 ay azaldılaraq, 10 il 6 aya endirilib.

Keçmiş məmurlar məhkəməyə ifadələrində verilmiş ittihamlar üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Şəmkirin sabiq icra başçısının işi üzrə istintaq isə hələ yekunlaşmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi