azia.az
azia.az

Həbsdəki sabiq icra başçılarının azadlığa çıxmaq çabaları - NƏ BAŞ VERİR?

1-04-2022, 11:04

Həbsdəki sabiq icra başçılarının azadlığa çıxmaq çabaları - NƏ BAŞ VERİR?
Həbs edilmiş bəzi sabiq icra başçılarının məhkəməsi bitsə də, onlar azadlığa çıxmaq çabaları göstərirlər. Məlum olduğu kimi, Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev 10 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. vəzifə cinayətlərində suçlu sayılıb. İsmayıl Vəliyev və digərləri barələrində çıxarılmış hökmlə razı deyillər.

Onların şikayəti üzrə Şirvan Apelyasiya Məhkəməsində ilkin baxış iclası baş tutub. Hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə vəkillər məhkəmənin istintaqla aparılmasını istəyiblər. Vəsatət təmin edilməyib. Həbsdəki icra başçısının və digərlərin şikayəti üzrə növbəti proses aprelin 10-na təyin olunub.

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Qoca Səmədov da barəsindəki qərardan narazıdır. Həbsdə olan Qoca Səmədovun kasasiya şikayəti Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələlik məlum deyil. Qoca Səmədov 2019-cu ilin noyabrınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. Şəki Apelyasiya Məhkəməsinin qərarına əsasən, Qoca Səmədovun cəzası 6 ilə endirilib.

Gəncə Apelyasiya Məhkəməsində, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə isə həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovla bağlı qərar elan edilib. Qərara əsasən, Nizaməddin Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.

Sabunçu Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilir. İş üzrə proses Lənkəran Ağır Cinayətlər Məhkəməsində başlasa da, sonradan prosesin Bakıda, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdirilməsi qərara alınıb. Prosesə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyev sədrlik edir. İş üzrə şahid qismində dindirilən məktəb direktorları 15-17 min manat rüşvət müqabilində vəzifəyə təyinat aldıqlarını bildiriblər.

Namiq Zeynalov 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Namiq Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.

Sabunçu Rayon Məhkəməsi Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Mahir Quliyev 11 il müddətinə azadlıqdan məhrum olunub. Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində 16 il icra başçısı olmuş, 2020-ci ilin mayında həbs olunan İmişli İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə proses davam edir. Hazırda məhkəmədə şahidlərin dindirilməsi mərhələsidir. Şahid qismində Vilyam Hacıyevin köməkçisi, bələdiyyə sədrləri, icra nümayəndələri ifadə verirlər. İfadələrdən belə aydın olur ki, Vilyam Hacıyev “gələndən də, gedəndən də” pul almadan yola salmırmış. Bu baxımdan Vilyam Hacıyevin köməkçisi Füzuli İsayevin ifadəsi diqqətə layiqdir. Köməkçi məhkəmədə Vilyam Hacıyevin qulaqları eşidəcək tərzdə deyib: “Rayonda hər hansı layihə həyata keçirmək istəyən ayrı-ayrı şəxslər zərfdə pul gətirib verirdilər. Mən də həmin pulları Vilyam Hacıyevə təqdim edirdim”.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311 (rüşvət alma) və başqa maddələrlə ittiham olunur. Ona ittiham verilən maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 64 yaşlı Vilyam Hacıyev milyonlarla manat büdcə vəsaitinin yeyintisində ittiham olunur. İttihama görə, o, xəstəxanaya, Mədəniyyət İdarəsinə, sosial sahəyə ayrılan vəsaitləri mənimsəyib. Vilyam Hacıyev qanunsuz silah saxlamaqda da ittiham olunur.

Qeyd edək ki, baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında ötən il prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 206 milyon 257 min manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunduğunu açıqlayıb. O deyib ki, 2021-ci ildə prokurorluq orqanları tərəfindən 1 301 şəxs barəsində 970 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib. Baş prokuror həbsə alınan, barəsində məhkəmə hökmü çıxarılan icra başçılarının nə qədər ziyan ödədiklərini açıqlamayıb. Hesablamalara görə, bu günə qədər həbsə alınan icra başçılarının vurduqları ziyan və aldıqları rüşvət üst-üstə milyardlarla manatı aşır.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi