azia.az
azia.az

Həbs edilən və işindən çıxarılan icra başçılarının sonrakı taleyi – ARAŞDIRMA

23-02-2022, 08:54

Həbs edilən və işindən çıxarılan icra başçılarının sonrakı taleyi – ARAŞDIRMA
Bu günlərdə ölkə başçısı Nərimanov, Nizami və Kürdəmir rayonlarına yeni icra başçıları təyin edəndə həbs olunan sabiq icra başçılarından da danışdı. Prezident təyin etdiyi bəzi icra başçılarının öz vəzifə borclarını yerinə yetirmək əvəzinə qanunsuz işlərlə, korrupsiya və rüşvətxorluqla məşğul olduqlarına işarə etdi. Həmçinin kasıb insanların malına göz dikdiklərini, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsədiklərini qeyd edərək bu cür vicdansızlığın nəticəsiz qalmayacağını dönə-dönə vurğuladı.

Qeyd edək ki, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir.

Sfera.az bizim.media-ya istinadən bildirir ki, hazırda Gədəbəy, Göygöl və Lerik olmaqla 3 rayonun icra başçısı postu boş qalır.

2018-ci ildən Gədəbəyi idarə edən İbrahim Mustafayev 2021-ci il oktyabrın 5-də vəzifəsindən azad edilərək, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Ötən ildən bəri Gədəbəyə başçı təyinatı həyata keçirilməyib.

Sabiq icra başçısı Arif Seyidovun 14 illik rəhbərliyindən sonra Göygöl başsız qalan rayonlar sırasındadır. Belə ki, 2006-ci ilin fevralın 23-də başçı təyin olunan Arif Seyidov Prezidentin sərəncamı ilə 22 may 2020-ci ildə vəzifəsindən azad edilib. Hələlik bu rayona təyinat gerçəkləşdirilməyib.

Ölkə başçısının 2 aprel 2007-ci il tarixli Sərəncamı ilə isə Lerikə icra başçısı gətirilən Rövşən Bağırov ötən il aprelin 29-da vəzifədən çıxarılıb və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Rövşən Bağırovun əvəzinə təyinat aparılmayıb.

Həbsdə 6 icra başçımız var.

Azərbaycanda icra başçılarının həbs dalğası 3 il əvvəl, 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edilib. Ardından Kürdəmir, Cəlilabad rayonlarının da başçıları həbs olunub. Sabiq icra başçılarının əksəriyyıtinin işi ağır cinayətlər məhkəmələrindədir.

Araşdırmalar göstərir ki, həbsə alınan icra başçılarının vurduqları ziyan və aldıqları rüşvət üst-üstə milyardlarla manatı aşır.

Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi Lənkəran Ağır Cinayətlər Məhkəməsində başlasa da, sonradan proses Bakıda, Sabunçu Rayon Məhkəməsində davam etdirilib.

Qeyd edək ki, Namiq Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Namiq Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyev 2020-ci il aprelin 30-da vəzifəsindən azad edilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

16 il icra başçısı olmuş, 2020-ci ilin mayında həbs olunarkən İmişli rayonunda bu vəzifədə çalışan Vilyam Hacıyevin cinayət işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Sabiq icra başçısına ittiham verilən maddələrdə ona 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

64 yaşlı Vilyam Hacıyev milyonlarla manat büdcə vəsaitinin yeyintisində ittiham olunur. İttihama görə, o, xəstəxanaya, Mədəniyyət İdarəsinə, sosial sahəyə ayrılan vəsaitləri mənimsəyib.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, daha sonra 2006-2012-ci illərdə Samuxun, ardınca 2020-ci il mayın 5-də kabinetində DTX əməkdaşları tərəfindən saxlanılana qədər İmişlinin icra başçısı vəzifəsində çalışıb.

2019-cu ilin dekabrında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanan Ağstafa rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyev ötən ilin avqustunda həbsxanada koronavirusdan dünyasını dəyişmişdi. Nizaməddin Quliyev 9 il müddətində azadlıqdan məhrum edilmişdi.

2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qoca Səmədov apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun cəzası 6 ilə endirilib. Ən son Qoca Səmədov kasassiya şikayəti verib.

Neftçalanın sabiq və həbsdə olan icra başçısı İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il, azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan sabiq icra başçısı apellyasiya şikayəti verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi