Özəl bağçaya gedən uşaqların valideynlərinə ŞAD XƏBƏR – Xərclərin 70%-i dövlət hesabına
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.
Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, Elm və Təhsil Nazirliyinin daxili qrantları hesabına məktəbəqədər təhsil müəssisələrinin bir neçəsinə qrantlar ayrılıb ki, valideynlər dövlət-özəl tərəfdaşlığı (təşəbbüsü) çərçivəsində bundan yararlansınlar:
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi artıq öz mövqeyini açıqlayıb ki, özəl bağçalar qiymətləri və hesabları şişirtməməlidirlər. Təxminən aylıq ödənişi 300–350 manat olan bağçalarla əməkdaşlıq olunacaq və ödənişin 70%-i dövlət qrantı hesabına qarşılanmaqla həmin müəssisələrə qəbul prosesi artıq başlayıb. Bu o deməkdir ki, məktəbəqədər təhsildə indiyə qədər təxminən 30–35% olan nəticəni bir qədər də artırmaq təşəbbüsü var. Düşünürəm ki, bu addım tam olmasa da, müəyyən dərəcədə mövcud problemin aradan qaldırılması üçün faydalı bir təşəbbüs olacaq".