1 saylı Uşaq Reabilitasiya Mərkəzində ANARXİYA
Bugünə kimi ölkə rəhbərinin diqqət və qayğısı sayəsində sağlamlıq imkanları məhdud uşaqların sosial təminatlarının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb, bu da son anda onların müasir reabilitasiya sistemi ilə əhatə olunmasına, bu kateqoriyadan olan uşaqlara aylıq müavinətlərin verilməsinə, uşaqlara qulluq edən şəxslərə Prezidentin aylıq təqaüdünün ödənilməsinə və s. səbəb olub. Bu sırada Bakı şəhərinin Nərimanov rayonunda 2003-cü ilin oktyabr ayından fəaliyyətə başladığı bildirilən 1 saylı Uşaq Reabilitasiya Mərkəzinin müasir tələblərə uyğun qurulması da, məhz sağlamlıq imkanları məhdud uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılması ilə nəticələnib. Qeyd edək ki, bu Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlar fizioterapevtik prosedurlara əsaslanan səmərəli reabilitasiya tədbirlərinə cəlb olunurlar, onların sosial statusunun bərpa olunması istiqamətində lazımi addımlar atılır, uşaqların cəmiyyətə inteqrasiya imkanlarına malik olmaları üçün müəyyən xidmətlər göstərilir.
Bütün bunlara baxmayaraq, Nərgiz xanım Əliyevanın rəhbərlik etdiyi 1 saylı Uşaq Reabilitasiya Mərkəzində son bir neçə ayda baş verənləri eşitdikcə, sanki şoka düşməli olduq. Belə ki, ilk əvvəl naməlum şəxs və ya şəxslərin redaksiyamıza çatdırdıqları məlumatlarda bildirilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu Mərkəzdə, Nərgiz xanım bir ilə yaxındır ki, bugünkü vəzifəsinin icraasına başlayıb. Əgər ötən illər ərzində hər ilin bayram günlərində işçilərə bir aylıq maaş həcmində əlavə pul verilirdisə, Nərgiz xanım Əliyevanın təyinatından sonra bu yöndə atılan addım birdəfəlik dayandırıldı. Səbəb? Hələ ki, bu bəlli olmayan səbəb olaraq qalmaqdadır. Dövlət tərəfindən 1 saylı Uşaq Reabilitasiya Mərkəzinə lazımi qaydada qida məhsulları verilsə də, rəhbərlik “Mən bunları öz vəsaitlərim hesabına alıram” deyib, bu yöndə təbliğatını həyata keçirir.
Bundan əlavə, uzun müddət ərzində bu Mərkəzdə müxtəlif ixtisaslar üzrə çalışmış işçilərin daşıdıqları vəzifələrindən azad olunmaları, sanki adi məişət məsələlərindən birinə çevrilir. Bu yöndə məlumatları əldə etdikdən sonra tərəfimizdən lazımi araşdırmalar apardıq və o da bəlli oldu ki, Nərgiz xanım Əliyeva direktor vəzifəsinin icraasına başladıqdan bir qədər sonra, 1 saylı Uşaq Reabilitasiya Mərkəzində idman üzrə mütəxəssis vəzifəsini daşımış Nisə xanım, həkim vəzifəsini daşımış Quliyeva Sadiqə Əli qızı və texniki işçi (sanitar) Lamiyə xanım daşıdıqları vəzifələrindən azad olunurlar. Məsələnin maraqlı və təəccüb doğuran tərəfi odur ki, rəhbərlik idman sahəsi üzrə mütəxəssis olan Nisə xanıma kollektiv qarşısında təşəkkürnamə verir, bir həftə sonra isə adı çəkilən xanımı daşıdığı vəzifəsindən uzaqlaşdırır. Çatdırılan məlumatlarda o da vurğulanır ki, 1 saylı Uşaq Reabilitasiya Mərkəzində iş saatı qanunun tələbinə uyğun səhər saat 9:00-da başlayıb saat 16:00-da başa çatmalı olduğu halda, rəhbərlik işçiləri qanunsuz olaraq əlavə iş saatı ilə yükləyir. Belə bir halın varlığı, məhz hər bir işçinin əmək fəaliyyətinin kobud şəkildə pozulması ilə nəticələnir. Bundan əlavə, rəhbərliyin həkimlərə, sanitarlara əlavə iş qrafiki, yəni beş iş qrafiki təyin etdiyi də bildirilir ki, bu da birbaşa qanun pozuntusunun baş verməsi deməkdir.
Diqqəti cəlb edən hal odur ki, ilk əvvəl naməlum şəxs və ya şəxslərin redaksiyamıza çatdırdıqları məlumatları, az sonra isə tərəfimizdən apardığımız araşdırmaların nəticəsini əsas tutaraq, 1 saylı Uşaq Reabilitasiya Mərkəzinin direktoru Nərgiz xanım Əliyevaya bir neçə sualla müraciət edib cavablandırmalarını xahiş etsək də, təəssüflər olsun ki, qarşı tərəf tabe olduqları Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin icazəsi olmadan heç bir suala cavab verə bilməyəcəklərini bildirdi. Az sonra o, ünvanladığımız sualları bu ilin aprel ayında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunan Tural Qurbanovun cavablandıracağını qeyd etsə də, təəssüf hissi ilə bildirək ki, bu ilin iyil ayından bugünə qədər qarşı tərəfdən heç bir sualımıza cavab əldə edə bilmədik. Bu da o deməkdir ki, Sahil Babayevin rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sturuktur vahidlərində hər cür anarxiya, hər cür qanunsuzluq, hər cür özbaşınalıq və s. hökm sürməkdədir. Əgər bu belə olmasaydı, o halda adı çəkilən vəzifə sahibləri az-çox məsuliyyətlərini dərk edib, ötən aylar ərzində ünvanladığımız sualları cavablandırardılar. Deməli, …