azia.az
azia.az

Sağlamlıq imkanları məhdud 35 gənc peşə hazırlığına cəlb edilib

16-02-2016, 12:21

Sağlamlıq imkanları məhdud 35 gənc peşə hazırlığına cəlb edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində daha 35 nəfər gənc peşə hazırlığına cəlb edilib.
ƏƏSMN-nin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Mərkəzdə peşə təlimi keçən sağlamlıq imkanları məhdud gənclərin sayı 114 nəfərdir.
Mərkəzdə peşə reabilitasiyasına cəlb edilən sağlamlıq imkanları məhdud gənclər burada kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər-qadın-kişi, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma aşbaz köməkçisi, xalçaçılıq və s. peşələr üzrə təlim kursu keçirlər.
Bundan başqa, bu günlərdə Mərkəzdə monumental-dekorativ sənət növlərindən olan mozaika üzrə yeni hazırlıq kursu da təşkil olunub və hazırda bu kursda 20 nəfər sağlamlıq imkanları məhdud gəncə təcrübəli mütəxəssislər tərəfindən mozaika sənətinin sirləri öyrədilir.
Mərkəzdə kursları uğurla başa vuran gənclərə peşə şəhadətnamələri, yalnız özünüməşğulluq imkanlarına yiyələnə bilən şəxslərə isə peşə kursunu bitirmələri barədə arayışlar verilir. Peşə təlimində olduqları müddətdə gənclərin mədəni-kütləvi tədbirlərdə iştirakı, onlar üçün ekskursiyaların təşkili, müstəqil həyata hazırlanmaları və s. istiqamətlərdə məqsədyönlü işlər aparılır ki, bu da həmin gənclərin peşə reabilitasiyası ilə bərabər, sosial reabilitasiyasında da mühüm rol oynayır.
Qeyd edək ki, 2013-cü ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilirlər. Fəaliyyətə başladığı dövrdən indiyədək mərkəzə 700 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc peşə təliminə cəlb olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi