azia.az
azia.az

Mehriban Əliyeva Bakıdakı Uşaq Psixonevroloji Mərkəzində - FOTO

11-02-2019, 16:38

Mehriban Əliyeva Bakıdakı Uşaq Psixonevroloji Mərkəzində - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində olub.

Azia.Az xəbər verir ki, dəfələrlə bu müəssisəyə gələn Mehriban xanım Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib.

Bu gün də Mehriban Əliyeva burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb.

Mərkəzin baş həkimi İradə Musayeva Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, hazırda müəssisədə körpəlikdən yetkinlik yaşına qədər 103 uşağa tibbi xidmət göstərilir.

Burada uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə inşa edilən bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir.

Mərkəzdə autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Onların müalicəsi isə kompleks şəklində, yəni həkim və pedaqoji müalicə daxil olmaqla aparılır. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir.

Burada ən müasir tibb və diaqnostik cihazlardan, reabilitasiya avadanlığından istifadə olunaraq, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərilir. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə peşəkar tibbi, pedaqoji və texniki heyət məşğul olur.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət edib.

Doqquz yaşlı Ömərlə birgə rəsm çəkən birinci xanım Mehriban Əliyeva onun bacarıqlı olduğunu deyib. Heydər Əliyev Fondunun prezidenti uşaqların müalicəsi üçün tətbiq edilən prosedurları izlədi, müalicə zamanı istifadə olunan üsullarla maraqlanıb.

Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan 6 yaşlı Nasimin də istək və arzularını dinləyib, oyun vasitəsilə onun suallarını cavablandırıb.

Tibb müəssisəsinin digər balaca pasiyenti Abdullanın müalicəsi isə filtrasiya olunan musiqinin xüsusi qulaqcıqlarla dinlənilməsinə əsasən beyinə impulsların ötürülməsi ilə aparılır.

Müalicənin bu üsulu ilə maraqlanan Birinci vitse-prezidentə məlumat verilib ki, cari ildən həmin müalicədə tətbiq edilən yeniliklərdən biri də Azərbaycan klassik musiqisinin filtrasiya olunaraq istifadə edilməsidir.

Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Dövlət sağlamlıq imkanları məhdud uşaqların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Mərkəzdə yaradılan şərait də bunu bir daha təsdiq edir.

Xüsusi qayğıya ehtiyacı olan balacalar Mehriban Əliyeva ilə söhbət edərək, bacarıqlarını nümayiş etdiriblər.

Uşaqlar Heydər Əliyev Fondunun prezidentinə sevimli oyunlarından, oxuduqları mahnılardan danışıblar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müəssisənin həyətində inşa edilən akt zalı haqqında da məlumat verilib.

Mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Birinci vitse-prezident tibb ocağının fəaliyyətinə uğurlar arzulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi