SEPAH-dan Bakı və Ankaraya təhdid MESAJI – İran Azərbaycanla “atəşkəsi”i yenidən pozur?
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təbliğat xarakterli sonuncu videosunda təbliğatdan daha çox təxribat mesajları öz əksini tapıb.
Sözügedən görüntülər SEPAH-ın “Twitter” hesabından paylaşılıb.
Elə videoun giriş hissəsindəcə SEPAH tərəfindən açıq şəkildə mesaj verilərək, qeyd olunub ki, “İran İslam Respublikası beynəlxalq səhrədlərin dəyişdirilməsinə planlarına qəti şəkildə qarşıdır”.
Təbii ki, İran tərəfinin beynəlxalq arenada rəsmən tanınmış dövlət sərhədlərinə bu cür münasibət göstərməsi təqdirəlayiq olsa da, videounun irəliləyən hissəsində nədənsə yalnız Ermənistanın üzərinə fokuslanılıb.
Videoda Azərbaycan və Türkiyəyə qarşı təhdid dolu aqressiya, Ermənistana isə dəstək yüklü açıq mesaj xarakteri daşıyan məqamları bu cür sıralaya bilərik:
1. Ermənistanın sərhədlərinin qırmızı xətlərlə çərçivələnməsi. Bunu Tehran rəsmilərinin ötən ilin payızında Azərbaycanla yaşanan gərginlik fonunda vediyi “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” mesajının davamı kimi qiymətləndirə bilərik.
2. Ermənistan ərazisində Zəngəzur bölgəsinin xüsusilə qabardılması. Bu, İranın Zəngəzur narahatlığının hələ də davam etdiyinin bariz işarəsidir. Görünür, Azərbaycanla imzalanan Memorandum belə, Tehranın Zəngəzur xofunu azaltmaq üçün yetərli olmayıb.
3. İran ordusunun şir, onun mübarizəyə qalxdığı qüvvələrin isə kaftar sürüsü kimi əks etdirilməsi və kaftraların şirin qarşısından qaçması. Bu isə təhqir elementləri daşımaqla birlikdə, İranın nəzərində Azərbaycan və Türkiyənin Ermənistana müdaxilə etməsi ehtimalının mövcudluğunun, buna cavab olaraqsa, SEPAH-ın müdaxiləyə hazır olduğunun ismarışıdır.
4. Naxçıvanın Azərbaycan bayrağının rəngləri ilə boyadılmaması. Böyük ehtimalla, SEPAH-ın bu addımı atmasına səbəb Azərbaycan-Türkiyə bağlantısını təmin etməsi səbəbindən Naxçıvana qarşı xüsusi narahtlığının nümunəsidir.
5. Videoçarxda “Xeybər Fatehləri” hərbi əməliyyatından çəkilmiş kadrlardan istifadə olunması. Xatırladaq ki, “Xeybər Fatehləri” ötən il oktyabrın 1-də İranın Şərqi Zəngəzur iqtisadi rayonu ilə sərhəddə başlatdığı irimiqyaslı hərbi təlimlərə verdiyi addır.
Bəs, SEPAH-ın birdən-birə yenidən Ermənistan üçün belə əl-ayağa düşməsinin başlıca səbəbləri hansılardır?
Videoda verilən mesajlara əsasən deyə bilərik ki, İran ilk növbədə Zəngəzur dəhlizinin açılması ilə bağlı Brüssel görüşündə əldə olunan irəliləyişdən narahatdır. Bunu iki səbəblə izah etmək olar:
- İran Azərbaycanla Anlaşma Memorandumuna qol qoysa da, Zəngəzur dəhlizinin beynəlxalq daşımaların regiondan keçən hissəsində ilk alternativ olacağından narahatdır. İstər İrana tətbiq olunan sanksiyalar, istərsə də Zəngəzur dəhlizindən keçəcək daşımalarıda gömrük tariflərinin olmayacağı bu ehtimalı irəli sürməyə imkan verir.
- Rəsmi Tehran Azərbaycan və Türkiyə arasında İran ərazisindən keçməyən birbaşa bağlantını öz daxili təhlükəsizliyinə təhdid hesab edir. Bu da təbiidir. Çünki türk dünyasının kəsilməz bağı 30 milyon Azərbaycan türkünün yaşadığı İranda Turan meyillərinin qabarmasına şərait yarada bilər.
Bununla yanaşı, İsraillə Azərbaycan arasında son günlər artan diplomatiya trafiki, eyni zamanda Ankara-Tel-Əviv münasibətlərindəki nəzərəçarpacaq inkişaf da İran tərəfindən heç də xoş qarşılanmır.
Videodakı təhdidlərin bu amillə bağlılığının olması ehtimalı da şübhə doğurmur.
Ümumilikdə, görünən odur ki, İranla iqtisadi əlaqələr nə qədər inkişaf etsə də, bunu siyasi müstəviyə daşımaq hələlik yetərli miqyasda mümkün olmayıb. Əks-təqdirdə Tehran xarici siyasətinə yön vermək baxımından əsas təsir gücünü özündə saxlayan SEPAH-ın adekvat olmayan aqressiv reaksiyasına rast gəlməzdik.
Lakin İranın ötən ilin payızındakı açıq təhdidlərindən hər hansı nəticənin hasil olmadığını nəzərə alsaq, bu dəfəki videorolikin Tehranın regional mövqeyinə zərbə vurmaqdan başqa hansısa işə yaramayacağını da əminliklə söyləyə bilərik.
Mənbə:My Webpage