Trampın İran qərarı onun müttəfiqləri arasında fikir ayrılığı yaradıb
Avropa da Trampın İran qərarından məmnun deyil, regionda gizli Amerika-İran savaşı qaçılmaz olacaq
Ötən həftə ABŞ prezidenti Donald Tramp İranla nüvə anlaşmasını prosedura uyğun olaraq təsdiqləmədi. Bununla da ABŞ qanunlarına əsasən anlaşmanın taleyi ilə bağlı qərar vermək Konqresin üzərinə düşdü. Amerika qanunlarına əsasən, prezidentin təsdiqləmədiyi sazişin taleyi ilə bağlı qarşıdakı 60 gün ərzində qərar verilməlidir.
Trampın ötən həftə İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) sanksiyalar siyahısına salması və İranla nüvə anlaşmasını təsdiqləməməsi 2015-ci ildə İran və “altılıq” arasında imzalanmış sazişi təhlükə altına alır. Çünki əgər qarşıdakı 60 gün ərzində Konqres sazişin uzadılmasına dəstək verməsə, o zaman ABŞ sazişdən çıxmış sayılacaq. Bu isə o deməkdir ki, ABŞ yenidən İrana qarşı nüvə sanksiyalarını aktivləşdirəcək və imzalanmış sazişin əhəmiyyəti qalmayacaq. Baxmayaraq ki, digər 5 ölkə sazişin davam etməsini dəstəkləyir.
Almaniya, Fransa, Böyük Britaniya hökumətləri Vaşinqtonun qərarından narahatlıq duyduqlarını bəyan ediblər. Rusiya hökuməti isə Trampın təhdid etməsini tənqid edib. AB ali təmsilçisi Federika Moqerini nüvə anlaşmasının 6 ölkə və İran arasında imzalandığını, bu səbəbdən də bir ölkənin tərk etməsi ilə sazişin dayanmayacağını bildirib. Nisbətən sakit qalan Çin də Vaşinqtonu nüvə anlaşmasından çıxmamağa çağırıb.
Qeyd edək ki, ABŞ bu anlaşmadan çıxarsa, İrana qarşı embarqolar yenidən qüvvəyə minə bilər və bununla da nüvə anlaşması faktiki olaraq dəyərini itirmiş ola bilər. Vaşinqtonun İrana qarşı yeni sanksiyaları iki ölkə arasında və bölgədə gərginliyi yüksək səviyyəyə qaldıra bilər. Maraqlıdır ki. Trampın İranla bağlı son qərarını yalnız İsrail və Səudiyyə Ərəbistanı, eləcə də onun region müttəfiqləri dəstəkləyib.
Rusiyanın Sankt Peterburq şəhərində səfərdə olan İran parlamentinin spikeri Əli Laricani Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lasina Zerbo ilə görüşüb. Laricani deyib ki, İranın ali dini lideri nüvə silahı da daxil olmaqla, kütləvi qırğın silahlarının haram olması haqda fətva verib. Laricani deyib ki, MAQATE 8 dəfə hesabatında İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiqləyib: “Ancaq bütün bunlara baxmayaraq Amerika prezidenti İranın anlaşmaya sadiq olmadığını iddia edirsə, o zaman MAQATE-nin vəzifəsi nədir?”
Qeyd edək ki, Trampın qərarı İranla ABŞ arasında və eyni zamanda Yaxın Şərq regionunda münasibətlər sisteminin yenidən gərginləşməsi anlamına gəlir. Görünən odur ki, AB üzvü ölkələr (Almaniya, Fransa və Britaniya - K.R.), eləcə də Rusiya və Çin anlaşmanı xilas etməyə çalışacaqlar. Çünki indi həm də Avropa ölkələri İranla münasibətlərin pozulmasında maraqlı deyil. Bir tərəfdən İran anlaşmaya sadiqdir, beynəlxalq müşahidəçilər nüvə silahı yaradılması təhdidinin olmadığını təsdiqləyir. İkincisi isə (ən önəmlisi - K.R.) Avropa ölkələri bölgədə İranla gərginlik olmasında deyil, sabitlik və tərəfdaşlıq olmasında maraqlıdır. Çünki İran 80 milyonluq bir bazar, eləcə də neft-qaz gəlirlərinə malik güclü inkişaf perspektivləri olan ölkədir. Bundan başqa, İranın coğrafi mövqeyi və ticarət imkanları, sabitlik bu ölkədən digər region ölkələrinə böyük ixracat imkanları yaradır. Bu səbəbdən də Almaniya, Fransanın nüfuzlu istehsalçı şirkətləri İranda iş görməkdə maraqlıdır və bunu gizlətmirlər. Trampın qərarı isə bu imkanların üzərindən xətt çəkir. Bu mənada Vaşinqtona ciddi İran müqavimətinin olması anlaşılandır. Bu məsələdə ABŞ hökumətinin digər qanadları da Trampla eyni fikirdə deyil. Bu mənada hələlik Konqresin hansı qərarının olacağını demək çətindir. Ancaq Trampın SEPAH-a sanksiya tətbiq etməsi bölgədə gərginliyi müəyyən mənada artıracaq və bölgədə gizli “müharibəni” gücləndirəcək. Çünki SEPAH İslam Respublikasının əsas gücü, vuran əlidir. Tehranın buna görə Vaşinqtondan qisas almaq istəməsi təbiidir.