Ermənistan üçün TARİXİ ŞANS - Türk düşməni Paşinyanın yolundan çəkildi
"Ermənistan prezidenti Armen Sarkisyanın postundan istefa verməsi bir yox, bir sıra səbəblərlə bağlıdır".
Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında Armen Sarkisyan əsas əngəllərdən biri idi:
"Onun özünün xarici siyasət və diaspora quruculuğu sahəsində fəaliyyəti nəzərə çarpsa da ümumimən dövlət idarəçiliyində qəbul edilən qərarlarda iştirakı nəzərə alınmırdı. Xüsusilə Türkiyə ilə, Azərbaycan ilə münasibətlərin normallaşması ilə bağlı həyata keçirilən danışıqlarda Armen Sarkisyan kənarda qalmışdı. Məhz bu səbəblərdən onun istefa verməsi daha real görünür, eyni zamanda Paşinyanın qəbul etdiyi qərarlarda Armen Sarkisyanın fikirləri ziddiyət təşkil edirdi. Onlar bir sıra məsələlərdə fikir ayrı-seçkiliyi yaşayırdılar, eyni zamanda A. Sarkisyan Nikol Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl təyin olunmuşdu. Lakin təcrübəli siyasətçi olduğuna görə Paşinyan onunla ilkin dövrdə sövdələşmələrə getdi. Lakin artıq Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı xüsusi nümayəndələr təyin olunduqdan sonra Sarkisyanın vəzifədən getməsi ilə bağlı yol daha da açıldı.
Təbii ki, Sarkisyanın vəzifədən getməsindən sonra Türkiyənin və Azərbaycanın yer aldığı koalisiya ilə Ermənistan arasında münasibətlərin normallaşması daha da genişlənə bilər. Çünki Armen Sarkisyan erməni lobbisi ilə yaxın əlaqələri olan bir sıra dövlətlərdə biznes əlaqəsi qurmuş bir şəxsdir. Erməni lobbisinin əsas hədəfi Türkiyəfobiya, anti-Türkiyə siyasətidir. Bu siyasət nəticəsində onlar milyonlarla dollar pul qazanır və bir sıra siyasi fəaliyyətlər göstərirlər. Ona görə də Türkiyə ilə münasibətlərin normallaşdırılması,qarşılıqlı sürətdə diplomatik fəaliyyətin qurulması, iqtisadi əlaqələrin bərpa olunması, lobbinin də bütün əlini-qolunu bağlayır və az qala 100 ilə yaxın olan türk düşmənçiliyinin də sonuna gətirib çıxardır.
Hələ də Ermənistan daxilində bir sıra addımlar atmaq lazımdır ki, bu siyasətin qarşısı alınsın. Nikol Paşinyan yavaş-yavaş öz çıxışları ilə xalqı buna hazırlasa da hüquqi zəmində də bir sıra addımlar atılmalıdır. Çünki Ermənistanın konstitutsiyasında, milli təhlükəsizlik strategiyasında Türkiyəyə qarşı açıq şəkildə ərazi iddiaları var. Bu problemlərin aradan qaldırılması mühim əhəmiyyət kəsb edir. Eyni zamanda artıq Ermənistan tərəfindən xüsusi nümayəndə Rubin Rubinyanın və Türkiyə təmsilçisi Sərdar Kılıçın Moskvada görüşü baş tutub. Paşinyanın sonuncu açıqlamasına nəzər salsaq, bu dialoqun davam etdirilməsi üçün yaxşı imkanlar olduğunu görə bilərik.
Belə ehtimallar var ki, siyasi münasibətlərin davam etdirilməsi, danışıqların davamı kimi Antalyada keçirilən diplomatik foruma erməni nümayəndə heyəti də qatıla bilər. Bunu Ermənistan tərəfi çox istəyir, ümumiyyətlə Ermənistan Türkiyə ilə sərhədlərin açılması, əlaqələrin bərpa olunması üçün çox çalışır. Çünki Ermənistanın əlinə tarixi bir şans düşüb və bundan maksimum dərəcədə istifadə etməkdə israrlıdır. Armen Sarkisyan görünür ki, bu münasibətlərin qarşısında duran əsas əngəllərdən biri idi və Nikol Paşinyan onu sıradan çıxardıqdan sonra özünə sadiq olan hər hansısa bir şəxsi prezident kürsüsünə parlamentdəki mandat çoxluğu vasitəsilə gətirə bilər. Buna görə də Nikol Paşinyan hazırda seçim qarşısındadır. Bir sıra namizədlər var ki, prezident kürsüsünə iddialıdır. Onların arasında bir seçim edərək Nikol Paşinyan prezident kürsüsünə onu təyin edəcəkdir".