azia.az
azia.az

Türkiyə - Ermənistan danışıqları “zənciri” qırdı - Sarkisyan həlqələrdən biridir

24-01-2022, 18:56

Türkiyə - Ermənistan danışıqları “zənciri” qırdı - Sarkisyan həlqələrdən biridir
“Zənnimcə, məlum istefada Sarkisyan - Köçəryan cütlüyünün də “əli” var”

“Prosesdə zəncirvari olaraq hakimiyyətin digər qollarında təmsil olunan Rusiyayönümlü şəxslərin də istefası nəzərdə tutulur”

Dünən Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. Prezident qeyd edib ki, bu qərarı emosionallıqdan deyil, müəyyən məntiqdən irəli gəlir. Çünki hazırda prezidentin xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və vasitələri yoxdur. A.Sarkisyan əlavə edib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb:
“Prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil”.

O, konstitusiya islahatlarının aparılmasını da təklif edib:

“Bu halda qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sistemi yaradılacaq”.

Ermənistan prezidentinin istefa səbəblərindən Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a danışıb. O bildirib ki, hazırda Ermənistanda baş verən hadisələr sırf hakimiyyət böhranın nəticədir:

“Hesab edirəm ki, bu istefa gözlənilən idi. Hazırda rəsmi İrəvanda siyasi elitanı formalaşdıran tərəflərin bəziləri Qərbdən maliyyələşir. Digərləri isə Rusiya siyasi xəttində fəaliyyət göstərir. Zənnimcə, məlum istefada Sarkisyan - Köçəryan cütlüyünün də “əli” var. Əslində A.Sakisyanın səlahiyyətlərinin olmamasını arqument gətirərək istefa verməsinin arxasında başqa səbəblər dayanır. Paşinyanın atacağı addımlarla bağlı öncədən məlumat verməsi, həm də Sarkisyanın atacağı addımları şərtləndirdi. O bir növ Paşinyanla eyni məsuliyyəti bölüşməmək üçün, o cümlədən, ona verilən əmri tətbiq edərək bir növ qabaqdangəlmişlik edib istefanı reallaşdırdı. Prosesdə zəncirvari olaraq hakimiyyətin digər qollarında təmsil olunan Rusiyayönümlü şəxslərin də istefası nəzərdə tutulur. Bura baş prokurorluq da aiddir”.

Ə.Əlibəyli Ermənistanda qarşıdan gələn 35 gün ərzində yeni prezident seçkilərinin baş tutacağını diqqətə çatdırıb:
“Burda tərəflər bir-birilərinə qarşı ciddi demarşlar etmək öhdəliyini götürürlər. Baş verə biləcək hökumət böhranı daxili siyasi və iqtisadi gərgin bir vəziyyətdə olan Ermənistan, eləcə də, baş nazir Paşinyan üçün səs itkisi ilə nəticələnə bilər.Digər tərəfdən Paşinyan üçün divident gətirə bilər. Bu baxımdan ki,o,hazırda baş verən prosesləri patoloji olaraq nifrət bəslədiyi anti-Rusiya mövqeyinə uyğunlaşdıra bilər. Eyni zamanda bundan Qərbdən əlavə dividentlər əldə etmək üçün istifadə edə bilər”.

Analitik onu da əlavə edib ki, hazırda Ermənistanla danışıqlar prosesində ciddi şəkildə müəyyən problemlərin meydana çıxması kimi sürprizlərlə qarşılaşa bilərik.Burda bir neçə istiqamət var:

“Qarabğda yerləşən sülhməramlıların nəzarətində olan ermənilərin kompakt yaşadığı bölgələrdə təxribat baş verə bilər. Digər tərəfdən sərhəd xəttində təxribatların hər hansısa növünü müşahidə edə bilərik. Eyni zamanda Zəngəzur dəhlizi ətrafında müəyyən problemlərin yaranması mümkündür”.

Ə.Əlibəyli hesab edir ki,Türkiyə ilə Ermənistan arasında danışıqlar raundunun həlledici bir mərhələyə gəlib çıxması da Armen Sarkisyanın istefasını reallaşdıran səbəblərdən biri olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi