Bakı-Ankara- İslamad birliyi:“Mərkəzi Asiya ölkələri də ittifaqda yer alacaq”
“Azərbaycan, Pakistan və Türkiyə hərbi təlimləri üçlü ittifaqın təməl daşları olacaq.Gələcəkdə bu ittifaqa Türkmənistan, Özbəkistan və Əfqanıstan da qatılacaq”.
Bu sözləri siyasi analitik Turab Rzayev deyib. Onun fikrincə, gələcəkdə türkdilli dövlətlər arasında əlaqələr daha da güclənəcək.
Analitik bu barədə daha ətraflı “Sherg.az”a danışdı:
“Azərbaycan, Türkiyə və Pakistan birgə təlimlərinə artıq start verilib. Bakı-Ankara- İslamad arasında üçtərəfli təlimlərin təşkili barədə də razılıq əldə olunub. Bu, güclü birliyin yaranması deməkdir.
Yaxın gələcəkdə- Taliban vədlərini yerinə yetirəcəyi təqdirdə Əfqanıstanın da bu birliyə qoşulacağı gözlənilir. Həmçinin Mərkəzi Asiya ölkələri də ittifaqda yer alacaq.
Azərbaycan və Türkiyənin Pakistan və Əfqanıstanla quru əlaqəsinin yaranması üçün Mərkəzi Asiya ölkələrinin birliyə qoşulması şərtdir. Təbii ki, İran bunu istəmir. Amma digər bütün tərəflər hərbi ittifaqda maraqlıdır”.
T.Rzayev, həmçinin proseslərin Rusiyaya təsiri barədə də söz açdı:
“Moskvanın regiona tək nəzarət etməyə gücü çatmır. Ona görə də yükünü bölməlidir. İndiki halda onun üçün ən ideal partnyor Ankaradır. Əlbəttə, Qərbin Orta Asiyaya gəlməsi də Kreml üçün təhlükədir. Bu mənada Rusiya üçün Azərbaycan- Türkiyə- Pakistan- Əfqanıstan ittifaqı daha optimaldır, nəinki Çinin və Qərbin regiona müdaxiləsi. Ümumiyyətlə, bölgənin gələcəyi Bakı-Ankara- İslamabad birliyindən və bu ittifaqın Moskva ilə münasibətlərindən asılıdır”.