azia.az
azia.az

Qan çanağına dönən Yaxın Şərq yenidən dizayn olunur

27-10-2016, 08:48

Qan çanağına dönən Yaxın Şərq yenidən dizayn olunur
Bayram Balçı: “Nəticədə isə hamımız peşman olacağıq”;

Arzu Nağıyev: “Bütün bunlar prioritet istiqamət kimi qarşımızda duran Dağlıq Qarabağ münaqişəsinin həllinə heç də müsbət təsir etməyəcək”

“Ərəb baharı”ndan sonra Yaxın Şərq dünyanın ən qaynar nöqtəsinə və ya belə desək, böyük bir savaş meydanına çevrilib. 100 il əvvəl Osmanlı İmperiyasının dağılması ilə yeni dövlətlər və müstəmləkə torpaqları olaraq dizayn edilən Yaxın Şərqi indi başdan-başa terror və müharibələr bürüyüb.

Liviya, Yəmən, İraq, Suriya, Fələstin, Əfqanıstan və digər ölkələrdə hazırda qanlı müharibələr gedir. Demək olar ki, dünyanın bütün böyük dövlətləri Yaxın Şərqdə hərbi qüvvələrlə təmsil olunurlar. ABŞ, Rusiya, Britaniya, Fransa və digər böyük hərbi güclər əsgərlərini Yaxın Şərqə göndərib. Faktiki olaraq, Liviya, Yəmən, İraq, Suriya kimi ölkələr parçalanmış vəziyyətdədir.

Amma gedişat problemin nəinki yaxın zamanda həll olunmayacağını, daha da dərinləşəcəyini göstərir. Hətta bir neçə il əvvəl Qərb mediası Yaxın Şərqdə ortaya çıxacaq yeni dövlətlərin xəritələrini yaymışdı. Bugünkü vəziyyətə baxdıqda demək olar ki, faktiki olaraq, bir sıra dövlətlər bölünüb. Liviyada şərq və qərb bölgələrində iki ayrı hakimiyyət mövcuddur. Yəməndə eyni vəziyyət var və savaş davam edir, ölkənin cənubunun ayrılması ehtimalı mövcuddur. İraq və Suriya isə gələcəyi hələ də qeyri-müəyyən olan ölkə olaraq qəbul edilir.

Doğrudanmı, Yaxın Şərq yenidən dizayn olunur? Bölgədə yeni dövlətlər meydana çıxacaq? Mövzu ilə bağlı söhbət etdiyimiz Fransa Beynəlxalq Araşdırmalar Mərkəzi (CERI), Paris Siyasi Elmlər İnstitutunun eksperti Bayram Balçı deyir ki, Yaxın Şərqdə proseslərin gedişi onu göstərir, ancaq bu müəyyən qədər zaman alacaq.

Ekspertə görə, proseslərin gedişi Türkiyənin izolə edilməsi istiqamətində gedir: “Türkiyə bölgədə izolə ediləcək. Türkiyəyə qarşı haqsızlıq olacaq və bu da türk millətçiliyini daha da aqressivləşdirəcək. Nəticədə isə hamımız peşman olacağıq. Bizi qarşıda hələ çox acılar gözləyir, təəssüf ki. Ancaq sərhədlərin dəyişməsi müəyyən zaman alacaq, ən azı Bəşər Əsəd və Ərdoğan hakimiyyətdən getdikdən sonra”.

100 il əvvəl Yaxın Şərqi Avropa dövlətləri - Britaniya, Fransa, İtaliya kimi dövlətlər bölüşdürdülər. Bu gün kimlərdir meydanda olan güclər? Yaxın Şərqin gələcəyi necə olacaq? B.Balçı deyir ki, İŞİD-in meydanda olması son nəticədə Türkiyənin izolə edilməsinə gətirəcək: “Bu isə Bəşər, İran və Rusiyanın xeyrinə olacaq. Bu ölkələr İŞİD faktorundan öz mənfəətləri üçün istifadə edəcəklər. İndiki mərhələdə bu, Qərbin də işinə yarayır. Yaxın gələcəkdə Qərb və İranın dostlaşması ehtimalı da var. Ya da ən azından düşmən olmayacaqlar. Ümumi baxdıqda İslam dünyasında bir böhran var. Bu böhran nəticəsində majoritar olan sünni ölkələrə müsəlman dünyasının böhranı yüklənəcək. Beləliklə də Qərb və Rusiya gələcəkdə Türkiyə, Səudiyyə və Pakistan kimi ölkələri izolə edəcək”.

B.Balçı deyir ki, Yaxın Şərqdə sərhədlərin dəyişməsi indi olmasa da, 10 ildən sonra baş tuta bilər. Bu zaman Rusiya və İranda da daxili problıemlər baş qaldıra, etnik qrupların etirazları başlaya bilər. Eyni zamanda ekspertə görə, yaxın dövrdə deyil, gələcəkdə İranın meydanın mərkəzinə gəlməsi bu ölkə üçün də yeni problemlərin yaranması deməkdir: “İŞİD səbəbindən Qərb İranla nüvə məsələsində anlaşdı. İŞİD olmasaydı, Qərb İrana güzəştə getməzdi. İŞİD-in qorxusundan Qərb bütün ona yaxın olan ölkələrə dəstək verir. Çünki indi Qərbin siyasətinin mərkəzində İŞİD qorxusu dayanır. Hər şeyə İŞİD və cihadizm təhlükəsi kontekstindən baxırlar. Bu isə bölgədə siyasi balansa ciddi təsir edəcək yaxın illərdə”.

Politoloq Arzu Nağıyev deyir ki, Yaxın Şərqdə gedən proseslər Qərbin çox dəqiqliklə hazırladığı “Orta doğu” projesinin məntiqli davamıdır. Ekspertə görə, hazırda davam edən proseslər bölgənin yenidən dizayn olunması üçün zəmin hazırlayır: “Burada əsas məsələ təbii sərvətlərin bölünməsi olsa da, həm də ərazinin bölünməsindən, regiona nəzarətdən, silah və insan alveri, daha doğrusu, ucuz fəhlə qüvvəsi əldə etməkdən gedir. Məlumdur ki, terror təşkilatları olan qruplaşmalar, istər İŞİD , ”Cəbhət Ən-Nusra" və digərləri bir vasitədir. Onlar da öz üzərinə düşən vəzifələri yerinə yeritdikdən sonra sıradan çıxarılacaqlar".

Ekspert deyir ki, hədəf olaraq ərəb dünyasının seçilməsinin səbəbi, necə deyərlər zəif bənd olması, məzhəb ayrılığı faktoru olub. Eyni zamanda A.Nağıyevə görə, Rusiyanın da bu oyunlara qatılmasının əsas məqsədi bu dövləti tam müflis etməkdir: “Suriya, Bəşər Əsəd rejimi Rusiyaya çox elə də lazım deyil. Bu gün Rusiyaya özünün mövcudluğuna yönələn təhdidlərin qarşısının alınması lazımdır. Eyni zamanda Ukraynadan bir qədər çəkilirlər. Lakin Qərb buna da imkan vermir. Rusiyanı neftin qiymətini salmaqla, Makkeynin sözü ilə desək ”benzinkolonka" ölkəsinə çevirməyə çalışırlar. Burada da ABŞ və Səudiyyə Ərəbistanı birgə fəaliyyət göstərirlər. İkinci məsələ Rusiyanı qaz bazarından çıxarmaq, onun əvəzinə Norveç, Əlcəzair, İraq, Mərakeş, Türkmənistan, eyni zamanda Azərbaycanı gətirməkdir".

A.Nağıyev deyir ki, proseslər qarşıdakı illərdə daha da sürətlənəcək. Ekspertə görə, işin ən qorxulu tərəfi bütün bu proseslərin bizim sərhədlərdən çox da uzaq olmayan ərazilərdə getməsidir: “Eyni zamanda ən yaxın müttəfiqlərimizdən olan Türkiyənin, əlaqələrimizin inkişafı dərinləşən İsrailin, yaxın qonşumuz İranın maraqları olan regionda baş verir. Bütün bunlar prioritet istiqamət kimi qarşımızda duran Dağlıq Qarabağ münaqişəsinin həllinə heç də müsbət təsir etməyəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi