azia.az
azia.az

Rusiya DİLEMMA qarşısında: Azərbaycan və sülh, yoxsa Ermənistan və müharibə?!

27-08-2021, 23:32

Rusiya DİLEMMA qarşısında: Azərbaycan və sülh, yoxsa Ermənistan və müharibə?!
Rusiyalı sülhməramlılar getdikcə özlərini daha çox tələyə qısılmış hiss edirlər. Qarabağdə müvəqqəti olduqları ərazi onlara nə Dnestryanı, nə Abxaziya və ya Cənubi Osetiya, nə də işğal etdikləri Ukrayna əraziləri deyil. Həmin ərazilərdə rus hərbçiləri özlərini təhlükəsiz hiss edirlər, çünki nə qədər münaqişəli bölgələr deyilsə də, əslində aktiv münaqişə yoxdur. Hər iki tərəfin nəzarət etdiyi ərazi, sərhədlər, demarkasiya xətti bəllidir. Demək olar ki, atışmalar ya baş vermir, ya da Donbass kimi nadir hallarda baş verir. Hər tərəf öz postunda oturub, təhlükəsizlik şəraitində postunu qoruyur.

Qarabağda isə vəziyyət tamamilə fərqlidir. Rusiya tərəfləri sülh bəyanatı imzalamağa məcbur etsə də, daimi gərginliklər davam edir. Demək olar ki, hər gün, hər saat ya Qarabağda, ya d Azərbaycan-Ermənistan sərhəddində sabitlik pozulur, atəşkəsə əməl edilmir, mövqelərin atəşə tutulması və sərhəd pozulması rutin hal alır. Əslində, biz hətta Qarabağ müharibəsinin başa çatmadığını, yenə qeyri-aktiv fazaya keçdiyini deyə bilərik.

Rusiya bir tərəfdən tərəfləri kommunikasiyaların açılmasına, əməkdaşlığa məcbur etmək istəyir. Hər iki tərəfə qarşı neytral arbitr rolunu üzərinə götürür. Digər tərəfdən isə strateji müttəfiqi və forpostu Ermənistanı tamamilə dəstəkləyir, onu yenidən silahlandırır, hərbi təlimlər keçirir, Qarabağdakı erməni separatçıları ilə belə hərbi təlim keçirməsini gizlətmir, xunta rejimi üçün yol çəkir, evlər və su anbarları inşa edir, separatçı rejimin rəhbərliyi ilə birlikdə asfalt çəkilişi edir, bu cinayətkar qrupla təmasda olduğunu gizlətmir.

Rusiya üçün seçim saatı dayanmadan yaxınlaşmaqdadır. Artıq hər iki tərəfi bu şəkildə idarə etmək mümkün görünmür. Rusiya dalana dirənib, seçim etməlidir. Azərbaycan artıq Rusiyanın ermənipərəst siyasətin qəbul etmir, açıq şəkildə həm ictimai rəydə, həm də ölkə başçısının dilindən narazılığını ifadə edir. Azərbaycan xalqı sərhədçilərimizin İran-Ermənistan yolunu kəsməsini məmnuniyyətlə qarşılayır, milli ordunun antiterror əməliyyatlarını bərpa etməsini, Xankəndinin nəzarətə götürməsini, ən azından Laçın dəhlizini nəzarət altına almasını tələb edir. Cəmiyyət birmənalı olaraq Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilməsini, Azərbaycan ordusunun sülhməramlılarin müvəqqəti nəzarət etdikləri əraziyə daxil olmasını istəyir. İstər Ermənistanın istərsə də Qarabağdakı separatçı xuntanın və Rusiya sülhməramlılarının qeyri-adekvat, getdikcə artan qıcıqlandırıcı təxribatları da Azərbaycan rəhbərliyini cəmiyyətin sifarişini yerinə yetirməyə məcbur edir.

Rusiya təcili qərar verməlidir. Ya iki ölkə arasında həqiqi sülhü və kommunikasiyaların açılmasını təmin etməlidir. Qarabağdakı qıcıqlandırıcı təxribatları təcili olaraq dayandırmalı, Zəngəzur dehlizinin qeyd-şərtsiz açılmasını təmin etməli, sərhədlərin delimitasiyası prosesini yekunlaşdırmalıdır. Rusiya Ermənistan üzərindəki təzyiq gücündən istifadə edib, bu ölkəni də təxribatlardan və qeyri-adekvat siyasi riyorikadan çəkindirməlidir.

Digər yol isə Ermənistanı Şousunun və Mariya Zaxarovanın dediyi kimi son model silahlar ilə silahlandırmağa davam etməlidir. Azərbaycana qarşı bölgədə balans yaratmaq üçün erməni silahlı birləşmələrini gücləndirməyə davam etməlidir. Qarabağda separatçı xuntanı təchiz etməli, gücləndirməli, hətta birgə hərbi təlimlər keçirməlidir. Bu halda isə Azərbaycanla münasibətlər pik həddinə çatacaq və Azərbaycan ilə Rusiya arasında münasibətlər geriyə dönməz şəkildə zədələnəcəkdir. Seçim Rusiyanındır.
Turab Rzayev,
Siyasi Analitik


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi