SON DƏQİQƏ! Bakı 10 noyabr Bəyanatından İMTİNA EDİR? – Atəşkəsin pozulması ilə bağlı ŞOK AÇIQLAMA
Son 10 gün ərzində Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə Azərbaycanın mövqelərini atəşə tutur. Nəticədə Ermənistan 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri pozub. Bu gün də oxşar hadisə Naxçıvan isitqamətində baş verib.
Üstəlik sülhməramlıların nəzarətində olan ərazidə erməni silahlılarının Azərbaycanın mövqelərini atəşə tutması birmənalı qarşılana bilməz. 10 noyabr Bəyanatında Rusiya Prezidentinin də imzası var və Bəyanatın icrasına nəzarət mexanizmində sülhməramlılar birbaşa iştirakçıdır.
Maraqlıdır, Azərbaycan 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanatdan imtina edə bilərmi?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Cebhe.info-ya bildirib ki, Ermənistan tərəfinin son günlərdəki hərəkətləri Azərbaycanı qəti addımlar atmağa sövq edir:
“Ermənistanın bölgədəki kövrək sülhü pozmaq cəhdlərinə baxmayaraq qarşı tərəfə hələ də şans verilir. Belə ki, Ermənistan Azərbaycanın onun üçün yaratdığı şəraitdən yararlansın, özünün dağılmış iqtisadiyyatını bərpa etsin, qonşularla normal münasibətlər qursun. Eyni zamanda da Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizindən yararlansın. Lakin Ermənistan bizi məcbur edir ki, radikal addımlar ataq”.
Milli Məclisin Beynəlxaq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Sabir Rüstəmxanlı isə deyib ki, indiyədək 10 noyabr Bəyanatına sadiqlik nümayiş etdirən Azərbaycan Ermənistanı da addım-addım geri çəkilməyə, minalanmış ərazilərin xəritələrini verməyə məcbur edir.
Hətta Ermənistanda da Azərbaycanın mövqeyinə haqq qazandıran ekspertlərin olduğunu vurğulayan deputat söyləyib ki, Azərbaycan hər an Ermənistan silahlı qüvvələrinə cavab verməyə hazır olmalıdır:
“Ermənilərin belə aktiv fəaliyyəti rusların ermənipərəst münasibətlərindən yararlanmaqlarına dəlalət edir. Bizim ordumuz da onları cavabsız qoymur. Amma ermənilər başa düşməlidir ki, Azərbaycan tərəfi hər zaman müharibəyə hazırdır və istənilən vaxt 10 noyabr razılaşması pozula bilər. Bu isə Ermənistan üçün 100 %-lik məğlubiyyət olacaq.
Azərbaycan 10 noyabr Bəyanatından imtina etdiyi halda rus qoşunlarının öz vəzifələrini yerinə yetirməyi bacarmadıqlarını, yaxud da elə qəsdən ermənilərə şərait yaratdıqlarını bildirməlidir. Bölgədəki kövrək sülhü pozan diversiya qrupları elə Ermənistandakı rus hərbi bazalarında yetşdirilir. Bu da nəzərə alınmalıdır. Çünki rusların neytral mövqe nümayiş etdiriklərinə inamaq çətindir”.
AG Partiya başqanı Tural Abbaslı bildirib ki, Ermənistan əvvəllər də üçtərəfli Bəyanatın şərtlərini pozub, Zəngəzur dəhlizinin açılmasına əngəllər törədib, Rusiya Silahlı Qüvvələri isə erməni terrorçularının qarşısını ala bilməyib, daha doğrusu bunu istəməyib:
“Azərbaycan bu məsələləri sənədləşdirib beynəlxalq aləmdə təqdim edərək, eyni zamanda ermənilərin müharibə tərəfdarı kimi çıxış etdiyinə, rusların isə sülhməramlı deyil, erməniməramlı olduğuna əsaslanaraq 10 noyabr Bəyanatından çıxa bilər. Düşünürəm ki, çıxmalıdır da. Daha sonra Azərbaycan rus hərbi birləşmələrinin ölkəni tərk etməsinə nail olmalı, ardınca isə antiterror əməliyyatı aparıb öz ərazi bütövlüyünü təmin etməlidir. Fikrimcə, aidiyyəti qurumlar artıq sənədləşmə işlərilə məşğul olur”.
Partiya başqanı Azərbaycanın üçtərəfli Bəyanatdan imtina etdiyi təqdirdə, erməni tərəfinin hər hansı bir problem yaradacağını düşünmür:
“Ermənistan ən çoxu yenə də Azərbaycanın mövqelərini atəşə tutmaqla kifayətlənəcək. Artıq Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin üçdə ikisini məhv edib. Azərbaycan istənilən halda onları susdura biləcək. Ordumuz 3-4 gün ərzində Qarabağ ərazisində yerləşən bütün silahlı qüvvələri ya məhv, ya da tərki-silah edəcək”.
Tural Abbaslı qeyd edib ki, bu məsələdə yeganə problem Rusiyanın reaksiyası ola bilər:
“Azərbaycan bəyanatı birtərəfli şəkildə tərk etdiyi halda hüquqi cəhətdən rus qoşunları ərazini tərk etməlidir, lakin onlar bunu etməyə də bilər. O zaman biz ərazimizdə olan ruslarla ya savaşmalı, ya da beynəlxalq rəyi onların əleyhinə yönəltməli olacağıq. Ən uzağı isə Zəngəzur dəhlizi açılmayacaq”.