azia.az
azia.az

Rusiya Azərbaycanı aldatdı? - Qarabağda YENİ MÜHARİBƏ qaçınılmaz ola bilər

25-04-2021, 11:52


Rusiya Azərbaycanı aldatdı? - Qarabağda YENİ MÜHARİBƏ qaçınılmaz ola bilər

Hələ Vətən müharibəsinin gedişində Azərbaycanın müvafiq orqanları tərəfindən barəsində axtarış elan edilən müharibə cinayətkarı Araik Arutunyanın bir neçə gün öncə qəfil Moskvaya çağırılması və bu səfərin baş tutması Azərbaycana qarşı təxribatdan başqa bir şey deyil. Rusiyaya əli dinc azərbaycanlıların qanına batmış belə cinayətkarların səfəri anlaşılan olmadığı qədər, həm də Azərbaycana qarşı hörmətsizlikdir. 10 noyabr bəyanatının üçtərəfindən biri olan Kremlin buna yol verməsi Azərbaycanın suverenliyinə qarşı çıxmaq, suverenliyimizə edilən hörmətsizlikdir.

Rusiya Azərbaycanı aldatdı? - Qarabağda YENİ MÜHARİBƏ qaçınılmaz ola bilər
Bu səfər Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsi üçün məqsədli şəkildə planlaşdırılmış ola bilər. Çünkü müharibə cinayətkarının rus sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycan torpaqlarndan Moskvaya qədər gedib çıxması özbaşına ola bilməz. Araik da "İsgəndər-M" deyil ki, Rusiya bu barədə məlumatsız olduğunu bildirsin. Amma Kreml sahibi Vladimir Putinin Qarabağın beynəlxalq qanunlara görə Azərbaycan ərazisi olduğu barədə fikirlərindən sonra Azərbaycanın suverenliyinə təhdid olan bu cür addımlar rəsmi Bakı ilə Moskva arasında suları bulandırmaq məqsədi daşıyır. Belə olmasaydı Rusiya imza atdığı bəyanata hörmət əlaməti olaraq belə bir səfərə əngəl ola bilərdi. Azərbaycanın axtarışa verdiyi Araik Arutyunyan Moskva aeroportunda təyyarədən enərkən həbs olunmalı halda, onunla siyasi dialoqun aparılması beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir. Münaqişənin postkonflikt dövründə Azərbaycan torpaqlarında qanunsuz rejim yaradan və hələ də separatçılıq meyilləri sezilən Arutyunyanın Moskvaya dəvət edilməsi anlaşılan deyil.



Bəlkə Rusiyanın məsuliyyət daşıdığı bir müqaviləyə Ermənistan hörmətsizlik nümayiş etdirir?


10 noyabr bəyanatı icra olunmalıdır. Çünki rəsmi Moskva bununla bağlı üzərinə öhdəlik götürüb. Yox, əgər bunu etmək əvəzinə Araik kimi cinayətkarlara istədiyi kimi davranmağa imkan verəcəyi təqdirdə Rusiyanın beynəlxalq nüfuzu, ona olan etimad ciddi şəkildə zədələnə bilər.


Rusiya bir şeyi də anlamalıdır ki, Arutunyanın Moskva səfəri Dağlıq Qarabağda sülhməramlı kontingentinin fəaliyyətinə də kölgə salır. Onsuz da son bir neçə həftə ərzində rus sülhməramlılarının bölgədəki fəaliyyəti ilə bağlı çoxlu suallar yaranmaqdadır. Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov aprelin 9-u Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən dərhal sonra Xankəndidə erməni biznesmenlər Artak Balayan və Armen Balayan ilə görüşməsi məhz belə məqamlardan biridir. Ümumiyyətlə isə son dövrlərdə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı vaxtaşırı qeyri-adekvat fəaliyyətləri Azərbaycan ictimaiyyətində də narazılıq yaradır. Sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun Qarabağdakı separatçı qüvvələrin qalıqları ilə formal və qeyri-formal görüşlər keçirməsi bu kontingentin fəaliyyətinin necə tənzimləndiyinə dair sualları yenidən gündəmə gətirir.



O da təsadüfi deyil ki, son həftə ərzində Azərbaycan-Ermənistan sərhədində ən azı iki böyük insident baş verib, Rusiya hərbçilərinin xahişini nəzərə alaraq Azərbaycan hərbçiləri bu təxribatlara sərt reaksiya verməyib. Lakin Azərbaycanın da səbri bir yerə qədərdir. Bu o demək deyil ki, dövlətçilik ənənəsindən irəli gələrək beynəlxalq müqavilələrə hörmətlə yanaşan Azərbaycan Ermənistanın növbəti təxribatlarına yenə göz yumacaq, xeyir! Belə hallar təkrarlanacağı təqdirdə Azərbaycan adekvat cavab verməlidir və verəcək. Bunu Prezident İlham Əliyev də son çıxışlarında "Xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. Əks halda Dəmir yumruq yenidən işə düşəcək, başlarını əzəcəyik" mesajı ilə dünyanın gözü önündə açıq şəkildə bəyan etməkdədir.
Rusiya Azərbaycanı aldatdı? - Qarabağda YENİ MÜHARİBƏ qaçınılmaz ola bilər

Müharibənin aktiv fazası başa çatsa da hazırda daha amansızı - mədəniyyətlərin və mənəviyyatların savaşı başlayıb. Biz bu savaşa 44 günlük müharibə zamanı olduğu qədər hazır olmalıyıq. Onun da bir yolu var, biz bu savaşa yalnız millli-mənəvi və tarixi yaddaşımızın bütövlüyü ilə hazır ola bilərik. Azərbaycan Prezidentinin "Biz 101 ildən sonra Zəngəzura qayıdacağıq" çağırışı da məhz bu missiya ətrafında birlik nümayiş etdirmək məqsədi ilə hər bir azərbaycanlıya ünvanlanmış son dövrlərin ən böyük mesajıdır. Çünkü postmüharibə mərhələsində gələcəyə baxış konsepsiyamızın əsas istiqamətlərindən biri milli-tarixi yaddaşımızla bağlıdır və yalnız bu şərtlər içərisində bizim qələbəmiz daimi, əbədi ola bilər.



Əgər Rusiyada hansısa dairələr erməni separatçıları ilə Azərbaycana qarşı bu cür oyunları oynamağa davam etsə, rəsmi Bakı adekvat addımlar ataraq birdəfəlik bu ilan yuvasını darmadağın etməlidir. Araikin səfərindən çıxan nəticələrdən ən əsası bu oldu ki, Moskvada müəyyən dairələr Qarabağdakı erməni separatçı-qondarma rejimi qoruyub saxlamaq istəyir. Buna isə qəti şəkildə imkan vermək olmaz...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi