MEK-in direktor müavini Beynəlxalq Fondun prezidenti ilə görüşdə iştirak edib
Bakıdakı Rus evində paytaxtın aparıcı kitabxanalarının rəhbərləri və alimlərin Xalqların Mənəvi Birliyi Beynəlxalq Fondunun prezidenti, fəlsəfə elmləri doktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Valeri Alekseyevlə görüşü keçirilib.
Görüşdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Rəqəmsallaşdırma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tar.ü.f.d. Oruc Quliyev də iştirak edərək MEK-də rus dilində nadir kitabların qorunduğunu diqqətə çatdırıb. O, kitabxananın müasir dövrün tələblərinə cavab verən elektron kataloq və kitabxana sistemi ilə işlədiyini vurğulayaraq Xalqların Mənəvi Birliyi Beynəlxalq Fondu tərəfindən MEK-ə hədiyyə edilən kitabların orada öz əksini tapacağını və tezliklə oxucuların ixtiyarına veriləcəyini bildirib.
Onu da qeyd edək ki, Rusiyanın Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov və ölkənin aparıcı ali məktəblərinin və kitabxana müdirlərinin, əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə rusdilli nəşrlərdən, mənəvi birlik məsələsinin, cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının vacibliyindən danışılıb, fikir mübadiləsi aparılıb, görüş iştirakçılarının sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi