Müstəqil Azərbaycanın informasiya mühitində kitabxanalar
Azia.Az xəbər verir ki, Azərbaycan kitabxanalarının informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartlara, hüquqi qanunvericilik aktlarına, demokratik prinsiplərə əsaslanan milli informasiyalaşdırma siyasəti əsasında modernləşdirilməsi zamanın tələbidir. Azərbaycanın müstəqillik dövrünün kitabxanaları milli və bəşəri intellektual resurslara yiyələnərək, bu resursların modern xidmət servisini təqdim edən mərkəzlər kimi formalaşmaqdadır.
Modern xidmət servisini təqdim edən bir kitabxanaya gələn oxucu özünü ən son texnologiyanın hökm sürdüyü müxtəlif formatlı informasiya dünyasında tapır. Artıq müstəqilik dövrünün kitabxanaları fiziki sərhədlərini aşaraq, real məkandan virtual dünyaya qovuşmaqdadır. Kitabxanalarımız bir tərəfdən məlumat mənbələrinə çıxış təklif edir, digər tərəfdən özü interaktiv hala gəlir, kolleksiyalarını rəqəmsallaşdırır və dünya kitabxanaları ilə əməkdaşlıq edir. Kitabxana-informasiya mütəxəssislərimiz bütün bu modernləşmə, dinamik inkişaf, operativ informasiya təminatı və informasiya təhlükəsizliyi, məlumat-axtarış sistemlərinin yaradıcı, təşkilatçı, idarəedici qüvvəsi olaraq çıxış edir, tənzimləyir.
Azərbaycanda aparılan dövlət siyasəti informasiya-kommunikasiya texnologiyalarının yeni bir prioritet sahə kimi inkişafına əlverişli şərait yaratmışdır. Azərbaycan dövləti Cenevrə sammitində razılaşdırılmış prinsiplərə sadiq qalaraq informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirir və “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin sammitdəki çıxışında qeyd etdiyi kimi “Bizim ölkədə həm elmi potensial mövcuddur, həm də texnoloji nailiyyətlər imkan verir ki, Azərbaycan bu yöndən regionda aparıcı ölkə olsun”.
Azərbaycan Respublikasında ən geniş kitabxana-informasiya şəbəkəsi Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Milli Elmlər Akademiyası kitabxanalar şəbəkəsidir.
Təkcə Bakı şəhərində respublika əhəmiyyətli 4 kitabxana, 84 kütləvi kitabaxana yerləşir. Azərbaycanın bütün regionalarında Mərkəzləşdirilmiş Kitabxana Sistemləri mövcuddur.
Ermənistanın işğalına məruz qalmış rayonlarımızda Kəlbəcər, Laçın, Zəngilan və b. 10 rayonun 927 kitabxana və filialları vandalizmə məruz qalmış və məhv edilmişdir.
Təhsil Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə 4516 şəhər, rayon, kənd orta məktəbləri, 21 internat məktəbi, 107 peşə məktəbi və peşə liseyləri, 28 dövlət ali təhsil, 14 qeyri-dövlət ali məktəbi fəaliyyət göstərir ki, onların fondlarının ümumi həcmi 26 milyona yaxındır.
Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsində əhəmiyyətli yeri M.F.Axundov adına Milli Kitabxana, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Gözdən Əlillər üçün Respublika Kitabxanası tutur. Ümumiyyətlə, nazirliyin kitabxana-informasiya şəbəkəsinə ümumi həcmi 40 milyona yaxın olan 4500 kütləvi, uşaq, muzey və s. kitabxanalar daxildir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 2003-cü ildə respublikanın iki zəngin kitabxanasının – Azərbaycan KP MK-nın S.M.Kirov adına Siyasi Maarif Evinin Kitabxanası və zəngin tarixi keçmişi olan Mərkəzi Şəhər Kitabxanasının bazasında yaradılmışdır. 2009-cu ilin iyulunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Kitabxanasına Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusu verilmişdir. Prezident
Kitabxanasının missiyası ali dövlət orqanlarında və digər icra qurumlarında çalışan dövlət qulluqçuları ilə yanaşı, digər elm sahələrini təmsil edən oxucu-istifadəçilərə kitabxana-biblioqrafiya xidməti göstərməkdir. Kitabxanada İRBİS-64 AKİİS tətbiq edilmiş, dinamik inkişafda və zənginləşməkdə olan elektron kitabxana və elektron kataloq istifadəyə verilmişdir.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, tipindən və növündən asılı olmayaraq respublika ərazisindəki bütün kitabxanalar üçün metodiki mərkəz funksiyasını daşıyan mədəniyyət ocağıdır. Təbiidir ki, respublika kitabxanalarının informasiyalaşdırılmasının səviyyəsi, bu sahədə əldə olunan nailiyyət və məsuliyyətin mühüm hissəsi məhz milli kitabxananın öhdəsinə düşür. Respublikada kitabxana işinin avtomatlaşdırılması AKİİS-in tətbiqi (VTLS sistemində VİRTUA proqram təminatında, MARC 21 formatında elektron kataloq təqdim edilir) sahəsində ilk uğurlar və yüksək nəticələr məhz Milli kitabxanaya aiddir.
1922-ci ildə yaradılmış və 1923-cü ildə rəsmi açılışı olmuş M.F.Axundzadə adına Milli kitabaxanaya 1939-cu ildə M.F.Axundzadənin adı verilmiş, 2004-cü ildə “milli kitabxana” statusu almışdır. Milli Kitabxananın yaşıdı olan Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası akademiya infrastrukturunun ayrılmaz və mühüm bir tərkib hissəsi kimi inkişaf etmiş, elmin informasiyalaşdırılması missiyasını daşımaqdadır.
Azərbaycanın ən böyük, əhəmiyyətli universal məzmunlu zəngin ədəbiyyat fondlarına malik olan AMEA Mərkəzi Elmi Kitabxanası 1923-cü ildə yaradılan Tədqiq və Tətəbbö Cəmiyyətinin Biblioqrafiya bürosu və kitabxanası əsasında təşəkkül tapmışdır.
AMEA MEK-in tarixi Azərbaycan elminin, mədəniyyətinin, ziyalılğının tarixi ilə sıx bağlıdır. Bu tarix elmi maraq doğuran faktlarla zəngin geniş işıqlandırmaya ehtiyacı olan bir tədqiqat mövzusu olaraq qalmaqdadır. Bu maraqlı tarixin bir sıra məqamlarını diqqətə çatdırmağı məqsədəuyğun sayırıq.
1924-cü ildə A.V.Baqrinin “Materialı dlya biblioqrfaii Azerbaydjana”, 1934-cü ildə T.Q.Kovalevskayanın “Naqornıy Karabax” biblioqrafik göstəriciləri bugünkü informasiya bazalarının ilkin əsasları idi. 1937-ci ildə əsas fondu 180000-ə çatmış kitabxanada Şərq və Avropa dillərində XVI-XVIII əsrə aid mənbələr, litoqrafik nəşrlər, əlyazmalar mühafizə edilirdi: Qarabağın “Məqfil-üns!” şairlər məclisinin qiymətli folklor materialları, Əbü-la Müərra Sənan, İbn Sina, Xətib Təbrizi, Fuad Köprülüzadə, Yəqut Həməvi, Katib Çələbi, İbn-əl-Nədim, elcəcə də başqalarının əsərləri.
1935-1939-cu illərdə akademiyanın bir sıra elmi-tədqiqat institutlarının nəzdində xüsusi filialların açılması ilə əsas kitabxana elmi-metodiki mərkəzə çevrildi. Həmin illərdə akademiyanın kitabxanalar şəbəkəsinin təşkilində respubikanın görkəmli alimləri M.A.Dadaşzadə, K.A.Əlizadə, Z.İ.Xəilov, İ.Q.Şaxtaxtinski, E.A.Paxomov, A.N.Derjavin və b., ilk direktorlar – A.V.Borev və S.M.Yəhyazadənin böyük əməyi olmuşdur.
1945-ci ildə SSRİ EA-nın Azərbaycan filialının əsasında Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması ilə Mərkəzi Elmi Kitabxana üçün geniş imkanlar açıldı. AMEA-nın kitabxana-informasiya şəbəkəsində Mərkəzi Elmi Kitabxana və 19 institut, 1 rəsədxana və 2 muzey kitabxanası fəaliyyət göstərməyə başladı. 90-cı illərdə onların ümumi sayı 27 idi, hazırda isə 40-dan çoxdur.
1947-ci ildən kitabxanaya xarici ölkələrdən daxil olan nəşrlər Baş Mətbuat İdarəsinin nəzarətində olan və 1952-ci ildə şöbə kimi formalaşmış, 1988-ci ildə isə ləğv edilmiş Xüsusi mühafizə fonduna daxil olurdu.
50-ci illərdə beynəlxalq kitab mübadiləsi əlaqələri formalaşmağa balamış, 1951-ci ildə MEK şəbəkəsi üzrə idarəedici orqan Kitabxana şurası təsis edilmişdir.
1960-70-ci illərdə ilk sovet Kitabxana biblioqrafiya təsnifatı (KBT) əsasında sistemləşdirilmiş kataloq yaradıldı. 1983-cü ildə mərkəzləşdirilmiş kataloq sistemi üzərində iş başa çatmış oldu.
1962-ci ildə ilk biblioqrafik salnamələr çap olunmağa başladı. 1967-ci ildə akademiya şəhərciyinə köçürülən 800000 fondu olan kitabxananın açılışı oldu. 1978-ci ildə MEK respublika miqyasında təbiət elmləri üzrə əsas depozitar kitabsaxlayıcı elan edildi.
1985-ci ildə Dövlət Layihə İnstitutu MEK-in yeni binası üçün akademiya şəhərciyində yer ayırmaqla layihə hazırladı. 1988-1990-cı illər Qarabağ hadisələri, cəbhə xəttindəki gərginliklərlə əlaqədar işlər yarımçıq qaldı. 1998-ci ildən İFLA, Türkdilli dövlətlərin Kitabaxanalar Assosiasiyası, Elmlər Akademiya Kitabxanaları Assosiasiyası və digər beynəlxalq təşkilatların üzvü oldu.
2000-ci illərin ortalarına doğru MEK-ın tarixində kitabxananın veb-səhifəsinin yaranması, kompüter texnologiyalarının tətbiqi, ilk “Azərbaycan ədəbiyyatının elektron antologiyası”nın yaranması, xüsusilə Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamdan (2007-ci il 20 aprel) sonra EA kitabxanalar şəbəkəsinin avtomatlaşdırılması prosesinə start verilməsi ilə əlamətdar oldu.
2012-ci ildə kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqinə dair Dövlət Proqramına uyğun olaraq “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin tətbiqinə start verildi.
Hazırda kitabaxanada aparılan struktur dəyişilikləri və islahatlar kitabxana+elm qarşılıqlı əlaqələrinin modern əsaslarda məhsuldar inkişafı, elmi biliklərin qarşılıqlı inteqrasiyası diqqət mərkəzindədir.
Mərkəzi Elmi Kitabxana Azərbaycan Milli Elmlər Akademiyasının elmi potensialının informativ ilhamverici qüvvəsi, milli təəsübkeşlik, prinsipial vətəndaşlıq mövqeyinin təmsilçisi və təbliğatçısı olaraq strateji planlarını və modernləşdirmə imkanlarını reallaşdırmaqdadır. Son statistik göstəricilərə görə, MEK-in milli və bəşəri elmi irsin əhəmiyyətli mənbələrini mühafizə edən fondları 5 milyona yaxın elmi-sahəvi ədəbiyyatı əhatə edir: 1 milyondan artıq dövri-mətbuat, Azərbaycan dilində (800 min nüsxə), Rus dilində (2milyon nüsxə), Avropa dillərində (221 529). Kitabxana Nadir nəşrlər fondu (15000), Şərqşünaslıq fondu (75084), Qərbşünaslıq fondu (70000) kimi ixtisaslaşdırılmış fondlara, şəxsi kolleksiyalara (B.N.Zaxoder, E.E.Bertels, E.A.Paxomov, Z.Hüseynzadə, İ.Mustafayev və b.), depozitar fonda, fotosurətlər, dissertasiyalar fonduna malikdir.
Qısa bir zaman ərzində böyük əmək sərf edilərək, MEK-də aparılan islahatlar nəticəsində açıq rəf üsulu ilə xidmət edəcək Şərqşünaslıq, Avropaşünaslıq, Azərbaycanşünaslıq şöbələri yaradılmış, interaktiv informasiya xidməti servisi təşkil edilmişdir. Akademiklərin şəxsi kitab kolleksiyalarını mühafizə və təbliğ edəcək akademik fondlar və akademik qiraət zalı da MEK-in innovativ olduğu qədər kreativ olan layihəsi sırasına daxildir.
MEK-in rəhbərliyi AMEA-nın aşağıda adı çəkilən bölmə və elmi mərkəzlərində – AMEA Naxçıvan bölməsi, Gəncə bölməsi, Şəki Elmi Mərkəzi, Lənkəran Elmi Mərkəzində nəşr edilən elmi əsərlərin qarşılıqlı inteqrasiyası və istifadəsini nəzərdə tutan Biblioqrafik Məlumat Bazasının yaradılması və interaktiv sərgilərin nümayişini öhdəsinə götürmüşdür.
Hazırda Azərbaycan informasiya mühitində dünyaya inteqrasiya edən kitabxanalarımız, o cümlədən AMEA MEK yeni texnologiyaların tətbiqi, rəqəmsal informasiya resurslarının yaradılması, innovativ ideyaların reallaşdırılmasında fəal iştirak edir.
AMEA MEK-də Azərbaycanşünaslığa dair informasiya mühiti ilə dinamik əlaqəyə öz bəhrəsini verə biləcək, azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazası hesab edilən Azərbaycanşünaslıq şöbəsi fəaliyyətə başalamışdır.
Modernləşdirmə strategiyası yalnız kitabxananın xidmət sahələrinin kompüterləşdirilməsindən ibarət olmayıb informasiya-biblioqrafiya aparatının təkmilləşdirilməsi və yenidən qurulmasını, beynəlxalq standartların tətbiqini qlobal informasiya mühiti və cəmiyyətin, elmin informasiyalaşdırılmasının müasir tələblərini əhatə edir. Pandemiyanın yaratdığı böhran vəziyyətindən çıxmaq, kitabxanın fəaliyyətini bilik və informasiya tələbatının çevik, dinamik ödənilməsi səviyyəsinə gətirmək, planlaşdırma-proqramlaşdırma-maliyyələşdirmə sistemini büdcə imkanları ilə uzlaşdırmaq, daxili və xarici faktorları təhlil etməklə elmi tədqiqatların ciddi və etibarlı informasiya təminatçısı olmaq bu gün kitabxananın əsas missiyasıdır.