azia.az
azia.az

KİTABXANALAR KEÇMİŞDƏN BU GÜNƏ

13-10-2023, 11:34

 

Kubra Sadıqova 

AMEA MEK-in Xarici dillərdə ədəbiyyat fondunun müdiri

 


Kitabxanalar yarandığı gündən bu günə kimi insanların informasiya tələbatını ödəmək və informasiyanı gələcək nəsillərə ötürmək funksiyasını yerinə yetirir.

A.A.Xələfov

 KİTABXANALAR KEÇMİŞDƏN BU GÜNƏ

Elm insan fəaliyyətinin mühüm sahəsidir.Elmin sosial bir institut kimi formalaşmasıXVII-XVIII əsrin əvvəllərinə təsadüf edir. 

IX-X əsrlərdə   Azərbaycanın Bərdə, Bakı, Gəncə, Şamaxı,Şabran, Beyləqan, Naxçıvan, Təbriz, Ərdəbil, Marağa və Urmiya kimi şəhərlərində mədrəsə və məscid kitabxanalarının olması və bu kitabxanalarda zəngin əlyazma kitablarının toplanmasıhaqqında xeyli tarixi faktlar mövcuddur. 

XI-XII əsrlərdə yazıb-yaratmış möhtəşəm söz ustadları, dühalarımız – Nizami Gəncəvi, Qətran Təbrizi, Məhsəti Gəncəvi, Fələki Şirvani, Əfzələddin Xaqani və başqa mütəfəkkirlər zəngin kitab və kitabxana mühitindən faydalanaraq yazıb-yaradıblar. Heç təsadüfi deyil ki, Əfzələddin Xaqani və Nizami Gəncəvinin əsərlərini oxuduqda  odövrün kitabxanaları haqqında məlumatlar alırıq.

Nizami Gəncəvinin əsərlərində kitab və kitabxanaya böyük qiymət verməsi, kitabı bütün biliklərin mənbəyi kimi qiymətləndirməsi,kitabxanaları xalqın milli sərvəti, bilik xəzinəsi adlandırması kitab mədəniyyətinə verilən çox dəyərli qiymət idi:

Ağıl hər bir sirrə yol açsın deyə,

O verdi fikrini elmə, biliyə.

Xəyalı göylərdə gəzdi, dolaşdı,

Bağlı qapıların sirrini açdı.

Bəyəndi pəhləvi, yunan və dəri,

Dilində yazılmış bir çox əsəri.

Bir də fars dilində şahanə dəftər,

Olmuşdu dilində su kimi əzbər.

İstər rum elində, istər yunanda,

Dünya dillərində nə var cahanda.

Buyurdu tərcümə edilsin bütün,

Bilik xəzinəsini doldurmaq üçün.

Dürr yığdı elm üçün bir-bir hər yandan,

Bunlardan yaratdı böyük bir ümman.

Dahinin bu kəlamları ən yüksək zirvə kimi bu gün də parlayır.Şirvanşahlar saray kitabxanasından bəhrələnən Xaqani Şirvani isə yazırdı:

Gördü ki, bələdəm hər nişanəyə,

Apardı bir böyük kitabxanayə,

Gördükdə olmuşam doğrudan heyran,

Oxutdu əvvəlcə”Xələdəl insan”.

Bunlarla bərabər qoydu bir sabah

Qarşıma gözəl bir kitabı – islah.

Əmr etdi oxuyum mən onu təkrar.

Ta gözüm önündə açılsın əsrar.

Dünya şöhrətli şairin formalaşmasında saray kitabxanasının mühüm rolu olmuşdur.Tarixi mənbələrdə göstərilir ki, istər Nizami Gəncəvi, istərsə də Xaqani Şirvani böyük kitab həvəskarı olmuş, özlərinin zəngin kitabxanalarını təşkil etmişdilər.   

XII əsrin məşhur saray kitabxanalarından biri də Qəzvin şəhərinin şimalında yerləşən Ələmüt qalasındakı “Seyyidanə” kitabxanası idi. Çox zəngin fondu olan bu kitabxana  özünəməxsus ənənələri ilə bir əsrə yaxın fəaliyyət göstərib. Kitabxanadan istifadə edən, yeni kitab yazan alimlər bir qayda olaraq öz kitablarının bir nüsxəsini bu kitabxanaya hədiyyə verirdilər. 

XII-XIII əsrlərdə Azərbaycanın bir cox alim və şairləri bu kitabxanadan istifadə etmiş, öz əsərlərinin çoxunu burada yazmışlar. Nəsirəddin Tusi “Əlamüt” qalasında əsir olduğu dövrdə özünün ən qiymətli əsərlərindən “Əxlaqi Nasiri”, “Şərhül-işarət”, “Təhriri-məstəsi”,”Təhriri-Öqlidis”ini burada yazmışdı. Nəsirəddin Tusinin və Tusi kimi bir çox Azərbaycan alimlərinin, şairlərinin, ziyalılarınınhəyatında bu kitabxananın böyük rolu və əhəmiyyəti şübhəsizdir. 

XIII-XV əsrlərdə Azərbaycan dilinin nüfuzu artmış, bu dildə yazılan elmi və bədii əsərlər çoxalmışdı. Azərbaycan dilində divan yaradan görkəmli şairlər yetişmişdi. XIII əsrdən etibarən Azərbaycanda üç dil: Azərbaycan, ərəb  və fars dilləri ədəbi dil kimi işlənirdi. Azərbaycan dilində yazılan kitabların sayının çoxalması Azərbaycan kitab mədəniyyətinin inkişafına xüsusi təkan verdi.

XIII-XIV əsrlərdə mədrəsələr fəaliyyəti genişlənməyə başladı. Tarixi qaynaqlarda göstərilir ki,   mədrəsədə çalışan bütün müəllimlər   və təhsil alan tələbələrlə yanaşı, kitab mütaliə etmək istəyən hər kəsin buradan istifadə edə bilməsi mədrəsə kitabxanalarının ictimai kitabxanalar olmasını təsdiq edir. 

XIII əsrdə Azərbaycanda Şərqdə tayı-bərabəri olmayan, öz fondunun nadirliyinə və zənginliyinə görə dünyanın ən böyük kitabxanaları ilərəqabətə girə bilən Marağa Rəsədxanasının Elmi Kitabxanası fəaliyyətə başlamışdır. Kitabxananın yaranması bilavasitə Nəsirəddin Tusinin adı ilə bağlıdır. 100-dən artıq elmi əsərin müəllifi olan Nəsrəddin Tusi böyük kitab həvəskarı, kitab sevən, onu qiymətləndirən şəxs idi. Və o bilirdi ki, heç bir elmi-tədqiqat müəssisəsi kitabxanasız keçinə bilməz. Dərin elmi-tədqiqat işi zəngin kitabxanaların yaradılmasını tələb edir.

XIII-XIV əsrlərdə yaradılmış saray kitabxanaları içərisində “Sultaniyyə” kitabxanası da mühüm yer tuturdu. Kitabxananın XVIII əsrə qədər fəaliyyət göstərməsi ehtimalı vardır.

Böyük kitabxanalardan biri də Sultan Yaqub tərəfindən təşkil edilmiş kitabxana idi. Kitabxananınfondunda xeyli nadir kitablar toplanmışdı.Bukitabxanada kitabxanaçılarla yanaşı, alimlər, rəssamlar, nəqqaşlar və b. çalışırdı. 

XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin meydana gəlməsi Azərbaycan tarixində mühüm rol oynadı. Bu dövrdə Azərbaycan dilinin rolu artmış,təsir dairəsi genişlənmişdi. Bu dövlətin başında duran görkəmli sərkərdə və dövlət xadimi Şah İsmayıl Xətai Azərbaycan dilindən diplomatik yazışmalarda da istifadə edirdi. 

Şah İsmayıl kitab yaymaq, kitab yaratmaq və kitabxanalar təşkil edilməsi işinə xüsusi diqqət yetirirdi.

Sarayda kitabxana üçün ən yaxşı otaqlar ayırmışdı. Nizaminin, Firdovsinin, Əssar Təbrizinin, Sədinin əsərləri saray kitabxanasının rəflərini bəzəyirdi. Öz dövrünün zəngin kitabxanasında demək olar ki, Şərqin ən nadir əsərlərinə rast gəlmək olardı. Zaman keçdikcə Şah İsmayılın şəxsi təşəbbüsü sayəsində bu kitabxana dövlət kitabxanası səviyyəsinə yüksəlmiş, kitabxana haqqında ilk dövlət fərmanı  da 1522- ci ildə imzalanmışdı.

XVI əsrdə Xətai, Həbibi, Füzuli və s. kimi böyük şairlərin Azərbaycan dilində yazıb-yaratmaları Azərbaycan ədəbi dilinin xeyli zənginləşməsinə səbəb olmuş, bu dildə yazılan əsərlərin üzü köçürülüb geniş surətdə yayılmağa başlamışdı.

XV-XVIII əsrlərdə kitabxanalar əsasən saraylarda, məscidlərdə və mədrəsələrdə təşkil edilirdi.

XVII-XVIII əsrlərdə hələ XVI əsrin əvvəllərindən fəaliyyətə başlayan Seyx Səfi məqbərəsinin kitabxanası öz fəaliyyətini davam etdirirdi. 

XIX əsrin I yarısında Azərbaycanda kitabxana işi bilavasitə məktəb, mədrəsə şəbəkələri ilə bağlı olmuşdur. XIX əsrin 50-ci illərindən başlayaraq Azərbaycanın böyük şəhərlərində və iri yaşayış məntəqələrində ilk xalq kitabxanaları və qiraətxanaları meydana gəlməyə başlayır. 

Azərbaycanda yaranan ilk xalq kitabxanalarından biri 1850-ci illərin axırlarında Şamaxı şəhərində yaranmışdı.XIX əsrin ikinci yarısında isə Bakı şəhəri ilə yanaşı, Azərbaycanın digər regionlarında daxalq üçün kitabxanalar açılmağa başlamışdı. Belə kitabxanalar 1859-cu ildə Şamaxıda və Şuşada, 1868-ci ildə Gəncədə, 1880-ci illərdə isə Bakıda, Qubada, Salyanda, Lənkəranda və Naxçıvanda təşkil edilmişdir.Naxçıvandakitabxana-qiraətxananın açılmasında görkəmli maarifçilərdən M.T.Sidqinin, C.Məmmədquluzadənin, Q.A.Şərifovun, A.M.Əkbərovun xüsusi xidmətləri olmuşdur. 1897-ci ildə artıq Bakı şəhərində 8 belə kitabxana fəaliyyət göstərirdi. Bunlardan əlavə, Bakıda olan hər bir şəhər məktəbinin yanında da kitabxanalar təşkil edilmişdi.

XIX əsrin axırlarında Azərbaycanda kitabxana işinin tarixində mühüm hadisə baş verdi.1894-cü ildə Bakıda görkəmli yazıçı, ictimai və dövlət xadimi Nəriman Nərimanov ilk ümumi açıq milli Azərbaycan kitabxana-qiraətxanasının əsasını qoydu. 

Milli xalq kitabxana-qiraətxanası yaratmaq fikrinə düşən Nəriman Nərimanov görkəmli ziyalılardan S.M.Qənizadə, H.Mahmudbəyov, S. Vəlibəyov Ə.Axundov, Ə.Cəfərzadənin yaxından köməyi ilə Xaqaninin, Nizaminin, Fizulinin, Sədinin, Hafizin, Firdovsinin, A.Bakıxanovun, M.F.Axundovun, M.P.Vaqifin, Q.Zakirin, S.Ə.Şirvaninin vəb.əsərlərini   toplamağa başladı. Nəriman Nərimanov Bakı qubernatorundan kitabxana-qiraətxananı açmaq üçün icazə istədi. Çox böyük çətinliklərdən sonra 1894-cü il avqustun 1-də kitabxana-qiraətxananın açılmasına icazə verildi və həmin gündən də fəaliyyətə başladı. Kitabxanayaqəzet və kitabların bir çoxu Nəriman Nərimanov və başqa ziyalıların xahişi ilə Hacı Zeynalabdin Tağıyevin hesabına alınırdı. 

1897-ci ildə “Tərcüman” qəzetində Şuşada azərbaycanlılar tərəfindən bir qiraətxana açılması haqqında məlumat dərc edilir. Və həmən ilin 26 yanvarında Əhməd bəy Ağayevin təşəbbüsü ilə Şuşa şəhərində kitabxana-qiraətxana təşkil edilir.”Tərcüman” qəzetinin yazdığına görə, “Bu, Qafqaz müsəlmanlarının təşkil etdiyi 3-cü qiraətxanadır. Bakıda, Qubada, Şuşada 4-cü və 5-cinin isə Gəncə və Nuxada açılacağı gözlənilir. 

XIXəsrdə yeni yaranmış xalq kitabxana qiraətxanaları böyük çətinliklə də olsa, xalqa kitabla xidmət etməyə, əhalinin təhsil və tərbiyəsində, milli ideyaların təbliğində, milli şüurun formalaşmasında yaxından iştirak etməyə səy göstərmişlər.

XX əsrin əvvəllərində kitabxana tariximiz özündən əvvəlki dövrlərə nisbətən çox məhsuldar dövr olmuşdur. 

Azərbaycanda ayrı-ayrı elm sahələrinin inkişafı bütün elmi qüvvələri birləşdirən və istiqamətləndirən vahid elmi mərkəzin yaradılması zərurətini irəli sürürdü. Hələ 1923-cü ilin əvvəllərində bir qrup alim Xalq Maarifi Komissarlığının kollegiyasına müraciətlə Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyətini yaratmağı xahiş etmiş və cəmiyyətin nizamnaməsini təsdiq üçün təqdim etmişdi. 1923-cü ildə Kollegiya D.Urusov, Bakı Dövlət Universitetinin professoru A.R.Zifeld və “Kommunist” qəzetinin redaktoru H.Cəbiyev tərəfindən tərtib olunmuş nizamnaməni təsdiq etdi. 

1923-cü il noyabrın 2-də 40 nəfərə qədər alimin və mütəxəssisin iştirakı ilə cəmiyyətin ilk təsis islası kecirildi. Cəmiyyətin sədrliyinə Əbdürrəhim bəy Haqverdiyev seçildi. Bu mühüm və tədbirli işə C.Məmmədquluzadə,Ə.Haqverdiyev, Ü.Hacıbəyov, H.Zeynallı,S.Mümtaz, Y.V.Çəmənzəminli, H.Əlizadə və A.Baqri kimi görkəmli ziyalıların cəlb edilməsi Azərbaycan xalqının ədəbi irsinin öyrənilməsinə xüsusi təkan vermişdi. Cəmiyyətin fəaliyyətinə xüsusi diqqət yetirən hökumət onu 1925-ci ilin sentyabrında MİK-in tabeçiliyinə verdi. Cəmiyyət 1925-ci ildə rus dilində, 1928-ci ildən isə Azərbaycan dilində”Azərbaycanı Tədqiq  və Tətöbbö Cəmiyyətinin xəbərlər”ini nəşr etməyə başladı. 

   Cəmiyyətin fəaliyətində ən mühüm hadisələrdən biri öz elmi kitabxanasının yaradılması olmuşdur.. Cəmiyyətin nizamnaməsindətəşkili zərurihesab edilən kitabxananın əsası elə 1923-cü ilin dekabrında qoyuldu. Bəli, ilk vaxtlarda kitabxananın təşkili, kitabxana üçün kitab toplamaq çox çətin idi. Cəmiyyətin üzvləri artdıqca, tərkibdə yeni bölmələr yarandıqca bu iş xeyli asanlaşmışdı. Bu kitabxananın yaranmasında 1924-cü ildən cəmiyyətin tərkibində fəaliyyət göstərən Biblioqrafik büronun mühüm rolu olmuşdur. Bu büroya zəhmətkeş alim-biblioqraf A.B.Baqri başçılıq edirdi.

Biblioqrafik büro 1924-cü ildən başlayaraq cəmiyyətin ayrı-ayrı rayonlarda fəaliyyət göstərən şöbələri ilə əlaqə saxlayır, biblioqrafik xarakterli elmi məlumat toplamaqda onların fəaliyyətindən istifadə edirdi.

1924-cü ilin sentyabrında Bakıda Azərbaycanı Tədqiq vəTətöbbö Cəmiyyətinin təşəbbüsü ilə birinci ÜmumAzərbaycan ölkəşünaslıq qurultayı çağırıldı. Qurultayda müzakirə edilən məruzələr və çıxışlar bilavasitə Azərbaycanın öyrənilməsi məsələlərinə həsr olunmuşdu. Qurultayın işində cəmiyyətin qəza bölmələrinin nümayəndələri və görkəmli alimlər iştirak edirdilər.

1925-ci ildə cəmiyyətin tərkibində 3 şöbə və 3 büro fəaliyyət gösütərirdi. Büro cəmiyyətin kitabxanasının formalaşması sahəsində də ciddi iş aparırdı.Gərgin iş aparan biblioqrafiya bürosu qısa müddətdə“Материалы для библиографии Азербайджана»nın birinci buraxılışını nəşrə hazırladı.

Biblioqrafiya bürosu 1924-cü ildə bu biblioqrafiyanın birinci, 1925-ci ildə ikinci buraxılışını, 1926-cı ildə isə mövzu göstəricisini nəşr etdirdi. Biblioqrafiyanın hər üç buraxılışının tərtibçisi A.V.Baqri olmuşdur. 

Azərbaycan biblioqrafiyasına aid materialların nəşri Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyətinin ən böyük nailiyyəti idi. Bu biblioqrafik göstərici bütün tədqiqatçıların stolüstü kitabına çevrilmiş, Azərbaycan elminin gələcək inkişafına böyük kömək göstərmişdir. 

Biblioqrafik büronun həyata keçirdiyi olduqca böyük həcmli işi kitabxanasız yerinə yetirmək mümkün deyildi. 

1925-ci ildə“Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti”nin kitabxanası ilə Biblioqrafik büronun işində təkrarçılıq yarandığı üçün Biblioqrafik büro öz işini dayandırmağa məcbur oldu. 1925-ci ilin avqustunda  Cəmiyyət kitabxanası ilə Biblioqrafik Büro birləşdirilərək Kitabxana-Biblioqrafiya Bürosuna çevrildi.

Biblioqrafik büro kitabxanaya verildikdən sonra  kitabxananın fondu büronun materialları və kitabların hesabına xeyli zənginləşdi.1925-ci ilin sonlarında cəmiyyətin iclaslarının birində kitabxananın yaradılması haqqında məsələ qaldırıldı və qərar qəbul edildi. Bu qərardan sonra Mərkəzi   Kitabxana rəsmi fəaliyyətə başladı.

1925-ci  ildəkitabxananın fondunda artıq çoxlu kitab və əlyazma var idi. Kitabların əksəriyyəti Azərbaycanşünaslığa, Qafqazşünaslığa, ölkəşünaslığa, şərqşünaslığa, türkologiyaya və s.elmlərə aid idi. Öz qarşısına bütün elm sahələrinə xidmət etməyi məqsəd qoyan kitabxananın fondu ümumi elmi xarakter daşıyırdı.Kitabxana oxucularının sayı getdikcə çoxalır, respublikanın bütün alimlərinə və ali məktəb tələbələrinə xidmət göstərir, geniş sorğu-məlumat işi aparırdı. 

Artıq 1925-ci ilin sonunda Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyətinin kitabxanasının fondunda Azərbaycana və eyni zamanda qonşu ölkələrə aid 20 mindən çox sənəd-informasiya resursu toplanmışdı.

Mərkəzi Kitabxananın yaranması Azərbaycanın öyrənilməsinə dair aparılan elmi-tədqiqat işləri üçün lazımi ədəbiyyatın toplanmasına və kitabxana-biblioqrafiya xidmətinin müxtəlif forma və metodlarının tətbiqinə başlamağa imkan verdi.

1925-1930-cu illərdə kitabxana fondu xeyli artaraq zənginləşmiş, 110 adda dövri mətbuat almağa başlamışdı.

1930-1940-cı illər   Elmlər Akademiyasının  kitabxana şəbəkəsinin yaranması və təşəkkülü mərhələsidir. Bu illər ərzində kitabxanada müxtəlif elm sahələrinə dair zəngin fondlar formalaşmağa başlamışdır. Fondlarda Azərbaycan dilində olan elmi ədəbiyyatla yanaşı, rus, Avropa və Şərq xalqları dillərində XVIII-XX əsrlərdə nəşr olunmuş monoqrafiyalar, jurnallar, məcmuələr,  müxtəlif dünya elmi cəmiyyətlərinin əsərləri, xəritə, atlas və digər materiallar cəmləşdirilib oxucuların istifadəsinə verilmişdir. 

Azərbaycan Elmlər Akademiyası kitabxana şəbəkəsinin inkişafında yeni tarixi mərhələ 1945-ci ildə müstəqil EA-nın təşkilindən sonra başlamışdır. Bu dövrdə şəbəkənin fəaliyyətində əsaslı dönüş baş vermiş,bu illərdə kitabxana fondunun həcmi orta hesabla 10 dəfə artmış, maddi-texniki bazası zənginləşmişdir. 

70-ci illərdə EA kitabxana şəbəkəsinin mərkəzləşdirilməsi Akademiya sistemində kitabxana işinin təşkili və idarə olunmasının əsas mərhələsi kimi qiymətləndirilə bilər. 

1990-cı illərə qədər EA kitabxana şəbəkələrində elmi-informasiya sistemi formalaşıb, inkişaf etdirilmişdir. Bu illərdə EA kitabxana şəbəkəsinin elmi-biblioqrafiya fəaliyyəti, beynəlxalq kitab mübadiləsi daha da inkişaf etdirilmiş, nəticədə kitabxana fondları dünya elmi texnikasının son nailiyyətlərini əks etdirən minlərlə yeni nəşrlərlə zənginləşmişdir. 

Azərbaycan EA kitabxana şəbəkəsinin inkişafının bütün mərhələlərində Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının  əsasını təşkil edən bu kitabxana respublika elminə xidmət edən, elmin informasiya təminatını təmin edən ən böyük perspektivə malik olan kitabxanaya çevrildi. 

Kitabxanaya yüksək qiymət verən ulu öndər Heydər Əliyev demişdir:“Kitabxana xalq,millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.”

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan elminin dirçəlməsinə,kitabxanaların nüfuzunun atrmasına səbəb oldu. Onun hakimiyyəti dövründə “Kitabxana işi haqqında” Azərbaycan RespublikasınınQanunu qəbul olundu.Ümummilli lider 1998-ci il dekabr ayının 29-da bu qanuna imza atmaqla kitabxana sahəsinə olan qayğısını yüksək qanunvericilik səviyyəsində bildirdi. 

Mərkəzi Elmi Kitabxana Heydər Əliyevin xalqımızın rifahı və ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, demokratik dövlət qurulması naminə həyata keçirdiyi fəaliyyətinin təbliği istiqamətində öz işini bu gün də layiqincə davam etdirir.

Ulu öndər Heydər Əliyev nadir şəxsiyyət, XX əsrin yetişdirdiyi ən nüfuzlu dövlət adamı və çox güclü siyasətçi idi. Heydər Əliyev irsini öyrənmək dövlətçiliyi öyrənməkdir. Kitabxanamız isə daima bu vəzifəni yerinə yetirməyə səy göstərir.

Ulu öndərin layiqli davamçısı,Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin 2011-ci il 29 aprel tarixli sərəncamına əsasən Mərkəzi Elmi Kitabxananın yeni binasının təməli 2011-ci ilin noyabr ayında qoyulmuş, 2014 cü ilin may ayında isə möhtərəm Prezidentin iştirakı ilə açılışı olmuşdur.

Zəngin tarixə malik elm və mədəniyyət ocağı olan Mərkəzi Elmi Kitabxana bu gün də müasir şəraitə uyğun fəaliyyət göstərir. Qeyd edək ki, bu gün burada müxtəlif ölkə kitabxanalarının təcrübəsi tətbiq olunur. İki növbəli fəaliyyət göstərən kitabxanadan alim və mütəxəssislər, eləcə də digər oxucular geniş faydalana bilir. Kitabxanamız milli maraqlara xidmət edir. 

MEK əsas fəaliyyətini “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunundan,Azərbaycan Respublikasının Prezidentinin 6 oktyabr 2008-ci il tarixli,3072 №li Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-ci illərdə inkişafı üzrə Dövlət proqramı”ndan,“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”23 may 2011-ci il tarixli 429 № li Fərmanındanvə“Azərbaycan Respublikasında informasiya cəmiyyətinininkişafına dair  Milli Strategiya” dan irəli gələn vəzifə və öhdəliklər ilə uzlaşdırır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                               

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi